Azərbaycanla Vyetnamı birləşdirən çoxsaylı ortaq cəhətlər var - Deputat
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafı və strateji tərəfdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində Vyetnamın Baş naziri Le Minh Hunq və Milli Assambleyasının sədri Çan Tan Man ilə keçirilən görüşlərdə siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat, müdafiə, təhlükəsizlik və humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Xüsusilə, Azərbaycanın enerji və tranzit imkanları ilə Vyetnamın Cənub-Şərqi Asiyadakı iqtisadi mövqeyinin uzlaşdırılması yeni əməkdaşlıq perspektivləri yaradır.
Bəs Prezident İlham Əliyevin Vyetnama səfəri Azərbaycan-Vyetnam münasibətlərinə hansı yeni imkanları qazandıra bilər? Görüşlərdə müzakirə olunan məsələlər iqtisadi və siyasi əməkdaşlığın dərinləşməsinə necə təsir göstərəcək? Bu səfər Azərbaycanın Cənub-Şərqi Asiya regionunda mövqelərinin möhkəmləndirilməsi baxımından hansı əhəmiyyətə malikdir?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycan və Vyetnam coğrafi baxımdan bir-birindən uzaqda yerləşsələr də, artıq kifayət qədər yaxınlaşan, qarşılıqlı əlaqələrini genişləndirməyə çalışan ölkələrdir: “Hər iki dövlət öz iqtisadiyyatını inkişaf etdirməyə, dünya birliyində layiqli yerini tutmağa çalışır. Azərbaycan bu gün Cənubi Qafqazın və bütövlükdə Şərq dünyasının diqqət mərkəzində olan ölkələrindən biridir. Vyetnam isə Cənub-Şərqi Asiyanın aparıcı dövlətlərindəndir. Onun Çin, Tayland, İndoneziya, Malayziya və Sinqapurla münasibətləri artıq coğrafi qonşuluq çərçivəsindən çıxaraq iqtisadi əməkdaşlıq müstəvisinə keçir. Beynəlxalq münasibətlər sistemində hər iki ölkə əməkdaşlığın, dostluğun, sülhün və əmin-amanlığın tərəfdarı kimi çıxış edir. Bu baxımdan, Azərbaycanla Vyetnamı birləşdirən çoxsaylı ortaq cəhətlər var. Prezidentimizin Vyetnama səfəri iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi, əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi və hətta üçüncü ölkələrdə birgə layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Deputat bildirib ki, Azərbaycanın neft-qaz emalı, enerji resurslarının dünya bazarlarına çıxarılması və energetika sahəsində böyük təcrübəsi var: “Təbii sərvətlərdən milli maraqlara uyğun istifadə olunması istiqamətində Azərbaycanın əldə etdiyi nəticələr də beynəlxalq ictimaiyyətin diqqətindədir. Bütün bu məsələlər Vyetnamla əməkdaşlıq çərçivəsində müzakirə oluna bilər. Bununla yanaşı, mədəniyyət, incəsənət və təhsil sahələrində birgə fəaliyyət, müxtəlif qruplar arasında qarşılıqlı səfərlərin təşkili də əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm istiqamətlərdir. Prezidentimizin Vyetnamda böyük hörmətlə qarşılanması bir daha göstərir ki, həm dövlət başçımıza, həm də Azərbaycana bu ölkədə yüksək ehtiram bəslənilir. Eyni zamanda, bu münasibət Vyetnamın Azərbaycanla əlaqələrin inkişafına böyük diqqət yetirdiyini nümayiş etdirir”.
Ayhan
12:30 21.11.2026
Oxunuş sayı: 61