İmaməddin Xəlilov dünya çempionatında bürünc medal qazanıb
Azərbaycanın parataekvondoçusu, Paralimpiya çempionu İmaməddin Xəlilov Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komitəsi bu barədə məlumat yayıb.
Çempionatın ikinci günündə K44 kateqoriyası üzrə 70 kq çəki dərəcəsində mübarizə aparan idmançımız uğurlu çıxışı ilə fərqlənib.
İmaməddin Xəlilov 1/8 final mərhələsində Almaniya təmsilçisi Kolja Grabeni, 1/4 finalda isə türkiyəli Yusuf Yünaçtını 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
Yarımfinalda Meksika idmançısı Xuan Qarsiya ilə qarşılaşan təmsilçimiz rəqibinə məğlub olub.
Beləliklə, İmaməddin Xəlilov dünya çempionatını bürünc medalla başa vurub.
12:28 21.11.2026
Oxunuş sayı: 48