Türkiyə üçün kritik fürsət: NATO-nun bir nömrəsinə çevrilə bilər
İslamabaddakı danışıqlar ərəfəsində yüksək rütbəli İran mənbəyi "TASS"a deyib ki, İran müharibənin dayandırılmasının BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsbit edilməsini tələb edir.
"Əgər müharibənin dayandırılması bizim irəli sürdüyümüz şərtlər əsasında BMT Təhlükəsizlik Şurasının qətnaməsində təsbit edilməsə, biz ABŞ və İsrailə qarşı döyüş əməliyyatlarını bərpa etməyə tam hazırıq - son 40 gün ərzində etdiyimiz kimi və daha böyük intensivliklə", - mənbə bildirib.
ABŞ və İran arasında əldə olunan atəşkəslə bağlı fikirlər müxtəlifdir. Bəziləri bununla dünyanın rahat nəfəs ala biləcəyini desələr də, razılaşmanın "fırtına öncəsi səssizlik olduğunu" iddia edənlər də var.

Türkiyəli politoloq Fikrət Birdişli bu barədə Crossmedia.az-a açıqlamasında müharibənin bitdiyinə inandığını söyləyib: "Bəzi şərhlərin əksinə olaraq, İran rejiminin bu müharibədən daha güclü çıxdığına inanmıram. Əksinə, ara sakitləşəndən sonra İranda daxili münaqişələr daha da şiddətlənəcək. İran bu prosesdə çox ciddi itkilər verdi. Rejim devrilməmiş ola bilər, amma güclənməyib. İran tək bir bayraq altında birləşə bilmədi. Əksinə, bu dövrdə onun parçalanmış etnik strukturu daha da bölündü. Kürd məsələsi kənara qoyuldu. Çünki kürdlər tələblərə cavab vermədilər, daha doğrusu, İrana etibar etdikləri üçün deyil, ABŞ-a etibar etmədikləri üçün cavab verə bilmədilər. Azərbaycanla bağlı niyyətlər daha da aydınlaşdı. Rejim hətta öz əsas heyətini belə qoruya bilmədi. Müharibə zamanı ABŞ və İsrail İranın hava hücumundan müdafiə sistemlərinə, dəniz qüvvələrinə, enerji infrastrukturuna, fabriklərinə və nəqliyyat şəbəkələrinə qəsdən zərər verdilər. Müharibədən sonra İrana tətbiq edilən embarqo davam edəcək. Bu vəziyyətdə İran artan işsizlik, istehsal itkisi və iqtisadiyyatda ən azı 10% azalma ilə üzləşəcək. Bu problemlərin öhdəsindən gəlmək üçün İran daha çox Çin və Rusiyaya üz tutacaq".
Ekspert söyləyib ki, müharibənin ikinci ağır zərbəsi İsrailin üzərinə düşdü: "İsrail gözlənilmədən yüksək mülki və hərbi itkilərə məruz qaldı. Təl-Əviv və ətrafındakı vacib bazalara zərbələr endirildi. Bəzi hava bazaları və müdafiə sistemləri zədələndi. Dəmir Günbəz və Oxlar sistemləri gərginləşdi, lakin dağılmadı. İsrail iqtisadi problemlərlə üzləşəcək, lakin bərpa imkanları yüksəkdir. Amma bu prosesin İsrail üçün ən əhəmiyyətli təsiri onun Yaxın Şərq üçün daha ciddi bir təhdidə çevrilməsidir. ABŞ, gözləntilərin əksinə olaraq, bundan minimal zərərlə çıxdı. Körfəzə müdafiə sistemləri satmaqla iqtisadi itkilərini tez bir zamanda kompensasiya edəcək. Türkiyə proses boyunca düzgün siyasət yürüdərək diplomatik mövqe tutdu.Müharibədən sonra İran regional güc kimi təsirini əhəmiyyətli dərəcədə itirdi, lakin onun proksi qüvvələr üzərində təsiri davam edir. Buna görə də müharibənin Livana keçməsi ehtimalı var. İsrail Hizbullahı hədəf alacaq. İsrail əvvəlkindən daha ciddi bir təhdiddir. O, Yaxın Şərqdə ən güclü hava üstünlüyünə malik ölkəyə çevrilib. Buna görə də Türkiyə təcili olaraq Hərbi Hava Qüvvələrini və müdafiə sistemlərini gücləndirməlidir Müharibədən sonra ABŞ-nin NATO-dan çıxması mümkündür. Bu vəziyyətdə Türkiyə NATO daxilində mövqe qazanır. Biz bu nöqtəyə doğru çalışmalıyıq. Körfəz ölkələri ilə Səudiyyə Ərəbistanı arasında təhlükəsizlik sazişi gözlənilir. Bu proses zamanı Türkiyədəki İran lobbisinin böyük səylər göstərdiyini gördük. Lakin hökumət buna çox diqqət yetirmədi. Müzakirə ediləcək daha çox şey var".
20:10 09.04.2026
Oxunuş sayı: 58