Süni intellekt bir növ kart oyunudur - Professorla müsahibə
Müasir dövrdə Azərbaycan cəmiyyəti dərin və çoxşaxəli transformasiya mərhələsindən keçir. Bu dəyişikliklər təkcə texnoloji sahədə deyil, eyni zamanda insanların düşüncə tərzində, dəyərlər sistemində, sosial münasibətlərində və həyat prioritetlərində də özünü açıq şəkildə göstərir. Xüsusilə süni intellekt və rəqəmsal texnologiyaların sürətli inkişafı cəmiyyətin bütün qatlarına nüfuz edərək yeni imkanlarla yanaşı, ciddi suallar və çağırışlar da yaradır.
Bu kontekstdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutu kimi elmi mərkəzlərin rolu daha da aktuallaşır. İnstitut cəmiyyətin dəyişən dinamikasını, insanların dəyərlərində baş verən transformasiyaları, gənclərin dünyagörüşünü, sosial münasibətlərin yeni formalarını və qloballaşmanın təsirlərini elmi əsaslarla araşdıraraq bu proseslərə aydınlıq gətirməyə çalışır.
Bugünkü reallıq göstərir ki, informasiya bolluğu insanın düşünmə qabiliyyətinə həm müsbət, həm də mənfi təsir edir, ekoloji problemlər yeni fəlsəfi yanaşmalar tələb edir, gender münasibətləri yenidən formalaşır, müxtəlif mədəniyyətlərin birgə yaşaması isə həm zənginlik, həm də müəyyən gərginlik mənbəyinə çevrilə bilir. Eyni zamanda qloballaşma Azərbaycan cəmiyyətini yeni seçimlər və risklərlə üz-üzə qoyur.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə Crossmedia.az-a müsahibə verib:
— Süni intellekt və rəqəmsal texnologiyaların cəmiyyətə təsirini sosial və fəlsəfi baxımdan izah edə bilərsiniz?
— Maraqlı sualdır və bu sualı bu gün demək olar ki, hər kəs özünə verir. Aydındır ki, süni intellekt artıq həyatımıza daxil olub və aktiv şəkildə işləyir. Bu baxımdan alimlər müxtəlif yanaşmalar irəli sürürlər. Belə başa düşürəm ki, iki əsas yanaşma var. Birincisi, kompüter elmləri və koqnitiv elmlər çərçivəsindədir. Bu sahələr süni intellektin texniki və elmi tərəflərini araşdırır və bu istiqamət real inkişaf edən bir sahədir. Lakin etiraf etməliyik ki, bu sahədə bizdə müəyyən gerilik mövcuddur və maraqlı işlər çox nadir hallarda görülür. Digər tərəfdən, bu məsələnin ictimai konteksti də var. Bu konteksti fəlsəfə, sosiologiya və psixologiya öyrənir. Burada artıq sual belə qoyulur: süni intellektin inkişafından kənarda qalmaq mümkün deyil, lakin eyni zamanda onun sosial dinamikaya, sosial münasibətlərə və mənəviyyata təsirini araşdırmaq lazımdır. Biz bir tərəfdən onu inkişaf etdirməliyik, onun suallarına cavab tapmalıyıq, digər tərəfdən isə öz mənliyimizi itirməməyə çalışmalıyıq. Məsələn, görürük ki, balaca uşaqlar çox vaxt süni intellektlə, kompüterlə, telefonla məşğul olurlar və bu da müəyyən hallarda onların düşünmə və öyrənmə qabiliyyətinə mənfi təsir göstərə bilər. Bu təsir zəif deyil, əksinə, ciddi problem yarada bilər. Buna görə də biz də institutumuzda çalışırıq ki, bu məsələnin müxtəlif aspektlərini araşdıraq. Mənim üçün maraqlı olan əsas məsələlərdən biri süni intellektin fəlsəfi əsaslarıdır. Birincisi, əsas olan intellektin özüdür, süni intellekt isə ona bir vasitədir. Bu o deməkdir ki, biz süni intellekti öyrənməklə öz intellektimizi daha yaxşı dərk edə bilərik. İkincisi, süni intellekt sosiallığımıza təsir edir və bu təsir artıq hiss olunur. Bu zaman sual yaranır: süni intellektin sosiologiyası nədir və o bizim sosial münasibətlərimizi necə dəyişir? O, məlumatların miqdarını artırır, dərinləşdirir. Amma informasiya hələ tam bilik demək deyil. Biz onu təhlil etməyi bacarmalıyıq. Telefon və ya digər cihazlar vasitəsilə əldə etdiyimiz məlumatı analiz etmədən qəbul etmək düzgün deyil. Təəssüf ki, bəzi insanlar hər informasiyaya düşünmədən inanırlar. Halbuki aydındır ki, süni intellektin arxasında müəyyən güclər dayanır və bu güclər öz maraqlarını da ötürə bilər. Bu təsir isə həmişə bizim xeyrimizə olmaya bilər. Üçüncü mühüm məsələ etikadır. Süni intellektin etikası dedikdə, burada əsas məsələ əxlaq və dəyərlərdir. Biz elə bir dəyər sistemi qurmalıyıq ki, həm süni intellekti qavraya bilək, həm də öz dəyərlərimizi qoruyub saxlaya bilək. Bu kontekstdə dəyərlərin suverenliyi məsələsi də xüsusi əhəmiyyət kəsb edir. Texnologiyanın sürətli inkişafı fonunda onu həyatımızdan çıxarmaq mümkün deyil.
— Bəs süni intellektin bu qədər inkişaf etməsi insanın özü haqqında düşüncələrinə necə təsir edir?
— Bu gün süni intellekt artıq bir çox sahələri ələ keçirdiyinə dair məqaələr yazılır. Bu da insanlarda müəyyən narahatlıq yaradır. Halbuki süni intellekti insan yaradıb, amma indi o, müəyyən mənada insanın həyatına təsir edən güclü alətə çevrilir. Bu baxımdan demək olar ki, süni intellektin imkanları çox genişdir və bu genişlik bizdən daha çox bilik və hazırlıq tələb edir. İnformasiyanın çoxluğu daha çox bilik tələb edir. Əks halda, insan informasiyanın qurbanına çevrilə bilər. Təəssüf ki, bəzi hallarda bilik səviyyəsi aşağı olduğuna görə insanlar bu təhlükə ilə üzləşirlər. Nə etməliyik? İlk növbədə uşaqları düşünməyə, dərk etməyə, təhlil etməyə və müqayisə aparmağa öyrətməliyik. Onlara izah etməliyik ki, hər informasiya həqiqət deyil. İnformasiya yalnız məlumat vermir, eyni zamanda insanı yönləndirə və idarə edə bilər. Deməzdim ki, süni intellekt özü insanı idarə edir, lakin onu yaradan və istifadə edən qüvvələr bu təsiri göstərə bilər. Süni intellekt bir vasitədir və onun arxasında dayanan güclər bu vasitədən istifadə edirlər. Bu sahəni inkişaf etdirənlər, onu tətbiq edənlər müəyyən siyasətlərin təsiri altında ola bilərlər və bu da bizə təsirsiz ötüşmür. Bizim isə əsas gücümüz öz intellektimizdir. Biz onu inkişaf etdirməliyik ki, bu təsirlərə cavab verə bilək. Yəni süni intellekti öz intellektimizə tabe etməliyik, onu idarə etməyi bacarmalıyıq. Bu isə hər kəsdə eyni dərəcədə mümkün deyil. Süni intellekti bir növ kart oyunudur. Bu oyunda udanlar da var, uduzanlar da. Bu prosesə bizi süni intellekt yox, onun arxasında duran qüvvələr cəlb edir. Süni intellekt isə sadəcə vasitədir. Digər tərəfdən, bəziləri hesab edir ki, gələcəkdə süni intellekt özü qərar verə biləcək, suallar qoyacaq və insan zəkasından üstün olacaq. Lakin hələlik buna qəti cavab vermək mümkün deyil. Fikrimcə, süni intellekt heç vaxt insan intellektini tam əvəz edə bilməz. Çünki insan özünü dərk edir, amma süni intellekt özünü dərk etmir. Onu işlədən insan dərk edir. Bu özünüdərk məsələsi insanı süni intellektdən fərqləndirən əsas xüsusiyyətdir. Bu mövzuda dünyada da iki əsas yanaşma mövcuddur. Bəziləri hesab edir ki, süni intellekt gələcəkdə insanı özündən asılı vəziyyətə sala bilər. Digərləri isə düşünür ki, insan həmişə öz insanlığını qoruyacaq və süni intellekt onu üstələyə bilməyəcək. Son olaraq demək olar ki, süni intellekt artıq insanların əxlaqi seçimlərinə də təsir edir. Bu, reallıqdır. Həyatımıza böyük təsir göstərir. Bu gün müşahidə edirik ki, insanlar evdə belə bir-biri ilə canlı ünsiyyətdən çox, telefon və internet vasitəsilə əlaqə saxlayırlar. Bu isə müəyyən mənada təhlükəli tendensiyadır. Lakin bütün bunlar insanın özündən asılıdır. İnsan bu təhlükələri dərk etməli və ona uyğun davranmalıdır. Bu işi onun yerinə başqası görə bilməz.
— İnsanların dəyərləri həyat tərzi son illərdəki müşahidələrinizə əsasən necə dəyişib?
— Nə uçuruma, nə də tam müsbətə doğru. Həyat elədir ki, orada xeyir və şər, yaxşılıq və pislik bir-birinə sıx bağlıdır. Bəzi insanların həyatını, necə deyərlər, uçuruma aparan amillər olur. Digərləri isə çalışırlar, yaxşı yaşayırlar, ağıllı olurlar, birlikdə hərəkət edirlər və s. Bu o deməkdir ki, problemlər müxtəlif yanaşmalar fonunda özünü göstərir. Bu gün əsas məsələ ağıldır. Çoxlu ağıl lazımdır. Müasir çağırışlara cavab vermək çətindir. Həm iqtisadi çağırışlara, həm mənəvi çağırışlara, həm də insanlararası münasibətlərdən doğan çağırışlara cavab vermək lazımdır. Son dövrlərdə insanlar arasında hörmət kəskin şəkildə azalıb. Fikrimcə, bu, təhlükəlidir. Amma “təhlükəlidir” demək, o demək deyil ki, biz uçuruma gedirik. Belə çağırışlar həmişə olub və cəmiyyət onları dəf etməyi bacarmalıdır. Necə dəf etməli? Hesab edirəm ki, keçmişdə biz daha çox əxlaqa söykənirdik. Düşünürdük ki, əxlaq bizi hər şeydən xilas edəcək. Amma bu, tam belə deyil. Əxlaq özü də çətinliklərlə üzləşir, sınaqlardan keçir. Ona görə də bu gün bizə sosiallıq və sosial bilik daha çox lazımdır. Bu baxış təkcə bizə aid deyil. Bəzi ölkələrdə ağıllı filosoflar qeyd edirlər ki, sosiallıq insanı yaxşılığa aparan əsas yoldur. Sosiallıq, ictimai münasibətlər, qarşılıqlı hörmət və dözümlülük – bunlar cəmiyyəti təhlükələrdən qoruya biləcək əsas amillərdir. Bu məsələlər çətin və mürəkkəbdir, dəqiq proqnozlar vermək asan deyil. Amma hazırda Azərbaycanda sabitlik mövcuddur. Yaxın regionlarda ciddi fəlakətlər baş verdiyini nəzərə alsaq, biz “uçuruma gedirik” demək düzgün olmaz. Lakin bu o demək deyil ki, arxayınlaşmalıyıq. Xaricdən gələn çağırışlara ağıllı və bilikli şəkildə cavab verməliyik.
Bu gün bilik məsələsi ən sadə mövzudan ən çətin məsələyə çevrilib. Süni intellekt dövründə bilik anlayışı dəyişib. Keçmişdə bir kitab oxuyub bilik əldə etdiyini düşünürdün. Bu gün isə həmin kitabın özü zərərli ola bilər. Deməli, yaxşı kitabı, düzgün məlumatı seçmək lazımdır. Hər yerdə seçim qabiliyyəti tələb olunur. Bu o deməkdir ki, ağıl, bilik və elm birləşərək gücə çevrilir və bu güc sosiallığa xidmət edir. Elm həmişə sosiallığı formalaşdırır.
— İlham müəllim, multikulturalizmdən sonra interkulturalizm və transkulturalizm mərhələsi gəlir. Azərbaycan multikultural dövlət kimi bu sahədə uğurlu nümunədir. Sizcə interkulturalizm nəzəriyyəsi Azərbaycanda cəmiyyətlərin assimilyasiyasına səbəb ola bilərmi?
— Mən mədəni-tarixi epistemologiya ilə məşğulam. Bu o deməkdir ki, tarixi-mədəni bilik çox vacibdir. Multikulturalizm də biliyi inkar etmir, əksinə, bilik tələb edir.
Mən başqa etnosa, başqa millətə mənsub insanla birlikdə yaşayıram. Onu tanımalıyam, bilməliyəm. O da məni tanımalıdır. Bu qarşılıqlı bilik və tanıma hörmət yaradır. Azərbaycanda bu həmişə olub – fərqli formalarda, amma olub. Mən öz həyatımda da bunu görmüşəm. Azərbaycanda həmişə başqalarına hörmət olub. Bəzən bilik az olub, amma hörmət olub. Halbuki bizdə başqa mədəniyyətlər haqqında bilik daha çox olmalıdır. Xaricə gedəndə görürük ki, onlar da bir-birinə hörmət edir, amma başqa millətləri çox vaxt tanımırlar, hətta tanımaq istəmirlər. Interkulturalizm isə məhz bununla bağlıdır – başqa mədəniyyətə hörmət və onu anlamaq. Amma burada əsas şərt odur ki, insan öz milli kimliyini unutmasın. Başqasından təsir almaq olar, amma özünü itirmək olmaz. Tarixə baxsaq, görərik ki, Azərbaycan xalqı müxtəlif mədəni təsirlərə məruz qalıb – ərəb, fars, rus və s. Amma heç vaxt özünü itirməyib. Sadəcə dəyişib, inkişaf edib. Orta əsr azərbaycanlısı ilə 19-cu əsr və ya 21-ci əsr azərbaycanlısı eyni deyil, amma mahiyyət etibarilə eynidir. Bu o deməkdir ki, interkulturalizm – başqasından öyrənmək, amma özünü qorumaqdır. Bu gün bəzi insanlar elə düşünür ki, biz dəyişməmişik və birdən-birə süni intellektin təsiri ilə üzləşmişik. Halbuki belə deyil. Keçmişdə kitablar təsir edirdi, ondan əvvəl şifahi ünsiyyət təsir edirdi. Sadəcə bu gün təsirlər çoxalıb. Amma eyni zamanda müqavimət imkanlarımız da artıb. Bu gün Azərbaycan dünyada tanınır. Əvvəllər belə deyildi. Məsələn, 1996-cı ildə İspaniyada konfransda olanda Azərbaycanı tanımırdılar. Bu gün isə tanıyırlar. Bu, böyük nailiyyətdir. Amma bu, dayanmaq üçün səbəb deyil. İnkişaf etməliyik. Azərbaycan həm multikultural, həm də interkultural cəmiyyətdir. Biz müxtəlif mədəniyyətlərin təsirini qəbul etmişik, amma Azərbaycanlı qalmışıq.
— Sizcə, qloballaşma dövründə insan azadlığı nə deməkdir və azad insan kimdir?
— Çətin sualdır. Azadlıq sadə anlayış deyil. Bir vaxtlar sosial azadlıq əsas sayılırdı. Amma sonradan məlum oldu ki, bu, tam azadlıq deyil, sadəcə imkanlardır. O imkanlardan istifadə etmək də azadlığın bir hissəsidir. Azadlıq, sərbəstlik və suverenlik fərqli anlayışlardır. İnsan müstəqil ola bilər, amma suveren olmaya bilər. Əsas məsələ məhz suverenlikdir. Bu, o deməkdir ki, insan həm iqtisadi, həm mənəvi, həm də şəxsi baxımdan müstəqil olmalıdır. Özünü tanımalı, özünə və başqasına hörmət etməlidir. Bəzi insanlar düşünürlər ki, hər şey onlara hazır verilməlidir. Bu halda insan nə müstəqil, nə də suveren olur. İnsan özü çalışmalıdır.
Hətta sevgi də bəzən insanı suverenlikdən məhrum edə bilər. Valideynlər uşaqlarını çox sevdikləri üçün onların azadlığını məhdudlaşdıra bilirlər. Bu da bir problemdir.
Digər tərəfdən, insan xarici təsirlər – güc, pul və ya təzyiq vasitəsilə də suverenliyini itirə bilər. Ona görə insan çalışmalıdır ki, həm sevgini, həm də suverenliyini qorusun.
Dövlətin suverenliyi də vacibdir, amma insanın öz daxili suverenliyi də ən az onun qədər əhəmiyyətlidir.
— Bəzən insan avtoritar rejimə, idarə olunmağa razı olur. Xüsusəndə müasir dövr insanları artıq qərar vermək yerinə verilən qərara uyğun davranmaq istəyir. Necə düşünürsünüz bu avtoritarizmə meyil nədən qaynaqlanır?
— Belə fikirlər var ki, texnologiyanın inkişafı insanın azadlığını məhdudlaşdıra bilər. Bu təsirlər artıq müşahidə olunur. Bu gün bəzi inkişaf etmiş ölkələr formal olaraq demokratik sayılsa da, real qərarların çoxu ekspertlər və güc mərkəzləri tərəfindən verilir. Bu da müəyyən problemlər yaradır. Texnologiya bəzi insanları gücləndirir, bəzilərini isə zəiflədir. Texnologiyanı istifadə etməyi bilənlə bilməyən arasında böyük fərq yaranır. Bu isə ciddi sosial problemdir. Bu problem gələcəkdə daha da dərinləşə bilər. Ona görə dövlətlər, o cümlədən Azərbaycan, rəqəmsallaşmaya və texnoloji biliklərin artırılmasına xüsusi diqqət yetirir. Bu gün artıq informasiyalı alim, informasiyasız alimdən qat-qat güclüdür. Bu reallıqdır. Ona görə çalışmaq lazımdır ki, hamı bu biliklərə sahib olsun. Hələ 70-80-ci illərdə belə fikirlər səslənirdi ki, texnologiyanın inkişafı bəşəriyyəti yeni bir “orta əsrlər” dövrünə qaytara bilər. Bu, maraqlı yanaşmadır. Çünki tarixdə qloballaşma və regionlaşma prosesləri bir-birini əvəz edib. Bu gün də oxşar proseslər gedir. Qloballaşma tam yox olmayacaq, amma regionlaşma ilə birlikdə paralel inkişaf edəcək. Azərbaycan da bu proseslərə uyğunlaşmalı və öz strategiyasını qurmalıdır. Məsələn, beynəlxalq nəqliyyat dəhlizləri bunun bir nümunəsidir.
— Azərbaycançılıq ideyası bu gün cəmiyyət üçün nə qədər vacibdir?
— Fikrimcə, çox vacibdir. Biz hamımız Azərbaycanlıyıq və bu bizi birləşdirir. Dilimiz, dövlətimiz, mədəniyyətimiz – bunlar ortaq dəyərlərimizdir. İnsanlar fərqli ola bilər – biri daha bilikli, biri az bilikli – amma ortaq kimliyimiz var. Bu, Azərbaycançılığın əsasını təşkil edir.Gənclər xaricə gedəndə bu kimliyi qoruyub saxlamalıdır. Bunun üçün ölkə daxilində təhsil və elm sistemi güclü olmalıdır. Azərbaycançılıq ideyası bizi həm birləşdirir, həm də qoruyur. Dövlətimiz olmadığı dövrlərdə belə biz kimliyimizi itirməmişik. Bu, köklərimizin güclü olduğunu göstərir. Bu gün də bu ideya yaşayacaq, inkişaf edəcək və müasirləşəcək. Müasirlik isə dəyişmək deməkdir, amma özünü itirməmək şərti ilə. Ona görə də Azərbaycançılıq həm ideoloji, həm də mənəvi baxımdan cəmiyyət üçün əsas dayaqlardan biridir.
19:05 09.04.2026
Oxunuş sayı: 65