İran və ABŞ arasında yeni böhran siqnalları
İran-ABŞ memorandumu ətrafında ilkin nikbinlik cəmi bir neçə saat davam etdi. Əl-Cəzirənin Tehran müxbiri Əli Haşemin yaydığı məlumata görə, Tehran Vaşinqtonun bəzi əsas məsələlərdə əvvəlki razılaşmalardan geri çəkildiyini düşünür.
Crossmedia.az xəbər verir ki, məlumata əsasən, əsas fikir ayrılıqları iki mövzu ətrafında cəmlənib:
Birinci məsələ İran aktivlərinin dondurulmasının aradan qaldırılması mexanizmi və Livanda atəşkəsin şərtləridir. İran tərəfi bildirir ki, memorandum Livandakı atəşkəsi də əhatə edir. Lakin İsrailin razılaşmadan narahat olduğu və ABŞ-a təzyiq göstərərək “hər hansı təhdidə cavab” bəhanəsi ilə Livanda hərbi əməliyyat aparmağa imkan verən bəndin əlavə edilməsini istədiyi qeyd olunur. Tehran isə bu formulaya qarşı çıxır və tam, davamlı atəşkəs tələb edir.
İkinci əsas fikir ayrılığı memorandumun imzalanma mexanizmi ilə bağlıdır. Tehran vasitəçilərə, o cümlədən Pakistana bildirib ki, bütün maddələr üzrə yekun razılıq və təminat olmadan sənəd imzalanmayacaq. Pakistanın mübahisəli məsələləri sonraya saxlamaq və razılaşdırılmış hissələrlə irəliləmək təklif etdiyi, lakin İranın bunu qəbul etmədiyi bildirilir. Tehran mübahisəli bəndlərin fundamental xarakter daşıdığını və güzəşt mövzusu olmadığını vurğulayır.
Ümumilikdə isə İran tərəfi ABŞ-ın vasitəçilər üzərindən əldə olunmuş əvvəlki anlaşmalardan tədricən geri çəkildiyi qənaətindədir.
09:23 25.05.2026
Oxunuş sayı: 44