Ermənistanın sərhəddə yeni oyunu - sərhəd kəndlərini niyə və necə doldurmağa çalışır?
Ermənistan hökumətinin sərhəd kəndlərinə əhalinin cəlb olunması istiqamətində həyata keçirdiyi yeni təşəbbüs demoqrafik və təhlükəsizlik baxımından strateji məqsədlərə xidmət edir. Məlumata görə, azyaşlı uşağı olan ailələr üçün bu ərazilərdə mənzil əldə etmək imkanlarının yaradılması həm regionların boşalmasının qarşısını almağa, həm də sərhəd zonalarında sosial-iqtisadi aktivliyi artırmağa hesablanıb.
Dövlət proqramı çərçivəsində iştirakçılardan torpaq sahəsi, tikinti icazəsi və təsdiqlənmiş layihə sənədləri tələb olunur ki, bu da prosesin planlı və nəzarətli şəkildə aparıldığını göstərir.
Rəsmi açıqlamalara əsasən, prioritet məktəblərdə doluluq səviyyəsi aşağı olan kəndlərə verilir və bu yaşayış məntəqələrində əhalinin sayının artırılması əsas hədəf kimi müəyyənləşdirilib.
Bununla yanaşı, proqramda iştirak üçün ailədə azı bir 10 yaşdan kiçik uşağın olması və İrəvan şəhərində daşınmaz əmlakın olmaması kimi şərtlər qoyulub.
Bəzi sərhəd kəndlərinin proqramdan kənarda saxlanılması isə Qazax anklav kəndləri ilə bağlı gözlənilən delimitasiya prosesləri ilə əlaqələndirilir ki, bu da regionda geosiyasi və inzibati dəyişikliklərin hələ də davam etdiyini göstərir.
Məsələ ilə bağlı politoloq Zeynal Əmrəliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Ermənistan hökumətinin bu addımı boşalmış sərhəd kəndlərinin bərpasına yönəlmiş təşəbbüs kimi qiymətləndirilə bilər. Məlumdur ki, müharibə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin kəskinləşməsi fonunda bir sıra sərhəd kəndləri boşalmış, həmin ərazilərdə yaşayan əhali müxtəlif istiqamətlərə – ölkə daxilində qohumlarının yanına, digər bölgələrə, eləcə də xaricə köç etmişdir.
Hazırda Ermənistanın sərhəd bölgələrində demoqrafik vəziyyət olduqca gərgin olaraq qalır. Bir çox kəndlər faktiki olaraq əhalisiz vəziyyətə düşmüşdür ki, bu da ciddi sosial-iqtisadi problemlərin yaranmasına səbəb olur.
Bu baxımdan, Ermənistan hökuməti mövcud vəziyyətin aradan qaldırılması istiqamətində müəyyən proqramlar həyata keçirməyə çalışır. Ehtimal olunur ki, qəbul edilmiş proqram çərçivəsində yaxın gələcəkdə konkret və praktik addımlar atılacaqdır.
Lakin əsas suallardan biri bu proqramın effektivliyidir: əhalinin həmin ərazilərə qaytarılması hansı müddətdə və hansı mexanizmlərlə həyata keçiriləcək?
Ümumilikdə, proqramın dayanıqlı nəticə verib-verməyəcəyi də mühüm məsələdir. Çünki ölkədə miqrasiya prosesi kifayət qədər mürəkkəb və gərgindir – bəzi bölgələr boşalır, digərlərində isə sıxlıq müşahidə olunur. Bu qeyri-bərabər demoqrafik vəziyyətin tənzimlənməsi üçün hökumət tərəfindən belə addımların atılması zəruri hesab edilir.
Qeyd etmək lazımdır ki, bu təşəbbüs eyni zamanda, Ermənistanın daxili miqrasiya siyasətinin tənzimlənməsinə, demoqrafik balansın bərpasına və regional inkişafın təmin olunmasına yönəlmiş kompleks yanaşmanın tərkib hissəsidir. Əgər proqram uğurla icra olunarsa, bu, mövcud hökumətin ən mühüm layihələrindən biri kimi qiymətləndirilə bilər.
Bununla belə, prosesin həyata keçirilməsi zamanı təhlükəsizlik məsələləri də xüsusi diqqətdə saxlanılmalıdır. Xüsusilə, gələcəkdə bu ərazilərə köçürüləcək şəxslərin kimliyi və keçmiş fəaliyyəti diqqətlə araşdırılmalıdır. Regionda normallaşma prosesinin davam etdiyi bir dövrdə hər hansı təxribat xarakterli fəaliyyətlərin qarşısının alınması mühüm əhəmiyyət kəsb edir.
Bu baxımdan, daha çox dinc və sosial adaptasiyaya meyilli şəxslərin həmin ərazilərə yerləşdirilməsi məqsədəuyğun hesab olunur. Əks halda, radikal və ya təxribatçı mövqeyə malik şəxslərin fəaliyyət göstərməsi Ermənistanın özünün maraqlarına zidd nəticələrə gətirib çıxara bilər".
Elmir Heydərli
13:25 08.04.2026
Oxunuş sayı: 988