Əfqanıstan konstruktiv mövqe sərgiləməlidir, əks halda... - Politoloq
Son dövrlərdə regionda müşahidə olunan hərbi-siyasi gərginliklər Cənubi Asiyada təhlükəsizlik məsələlərini yenidən aktuallaşdırıb. Xüsusilə Pakistanla Əfqanıstan arasında münasibətlərin kəskinləşməsi fonunda baş verən hadisələr həm regional sabitliyə, həm də beynəlxalq təhlükəsizlik mühitinə təsirsiz ötüşmür. Qarşılıqlı ittihamlar, sərhəd insidentləri və artan hərbi aktivlik bu iki ölkə arasında onsuz da həssas olan münasibətləri daha mürəkkəb mərhələyə daxil edib.
Mövcud vəziyyət yalnız iki dövlət arasındakı münasibətlərlə məhdudlaşmır, eyni zamanda daha geniş geosiyasi kontekstin tərkib hissəsi kimi qiymətləndirilir. Bu baxımdan, baş verən proseslərin səbəblərini, mahiyyətini və mümkün inkişaf istiqamətlərini düzgün təhlil etmək regionda davamlı sabitliyin təmin olunması üçün xüsusi əhəmiyyət kəsb edir.
Məsələ ilə bağlı politoloq Natiq Miri Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Quru qoşunlarının iştirakı ilə genişmiqyaslı hərbi müdaxilə ehtimalı aşağı qiymətləndirilir. Çünki belə bir müharibədə nə Pakistan, nə də Əfqanıstan maraqlı görünür. Hazırkı qarşıdurma daha çox artilleriya atəşləri və hava zərbələri fonunda davam edir. Eyni zamanda, tərəflər arasında konkret ərazilərin qarşılıqlı işğalı ilə bağlı hər hansı hədəf və ya planın mövcudluğu müşahidə olunmur. Bu gərginliyin əsas səbəblərindən biri uzun müddətdir ki, Əfqanıstan ərazisində fəaliyyət göstərən terror qruplaşmalarıdır. Həmin qruplar müxtəlif şəbəkələr və qlobal güc mərkəzləri tərəfindən zaman-zaman dəstəklənərək Pakistan üçün ciddi təhlükəsizlik təhdidləri yaradır. Xüsusilə Pakistanın iri şəhərlərində baş verən terror hadisələri bu narahatlığı daha da artırır. Bu səbəbdən Pakistan rəhbərliyi Əfqanıstan hakimiyyətindən tələb edir ki, bu qruplaşmaların ölkə ərazisində fəaliyyətinə imkan verilməsin. Bununla belə, Əfqanıstan tərəfi müəyyən hallarda bu ittihamları rədd edir və eyni zamanda terror qruplaşmalarını tam zərərsizləşdirmək imkanlarının məhdud olduğunu bildirir. Lakin Pakistan bu mövqenin səmimiliyinə şübhə ilə yanaşır və nəticə etibarilə, həmin qrupların yerləşdiyi ehtimal olunan ərazilərə vaxtaşırı hava və artilleriya zərbələri endirir. Qeyd olunmalıdır ki, bu addımlar formal müharibə elan olunmadan həyata keçirilir və konkret ərazi işğalı məqsədi daşımır".

Onun fikrincə, maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Pakistan–Əfqanıstan qarşıdurmasının intensivləşməsi ABŞ və İsrail tərəfindən İrana qarşı həyata keçirilən hava hücumları ilə eyni dövrə təsadüf edir: "Bu paralellik təsadüfi hesab olunmur və prosesdən geosiyasi maraqlar naminə istifadə etməyə çalışan müxtəlif güc mərkəzlərinin mövcudluğu ehtimalını gücləndirir. Ümumiyyətlə, siyasətdə təsadüf anlayışı nisbidir və hadisələrin zamanlaması çox vaxt müəyyən strateji hesablamaların nəticəsi olur. Mövcud vəziyyətin perspektivinə gəldikdə isə, bu qarşıdurmanın uzunmüddətli xarakter daşıyacağı ehtimal edilir. Müəyyən dövrlərdə, məsələn Ramazan bayramı ərəfəsində olduğu kimi, müvəqqəti atəşkəs halları baş verə bilər. Lakin əsas səbəblər aradan qaldırılmadıqca, gərginliyin tam şəkildə aradan qalxması real görünmür. Problemin həlli üçün ən effektiv variant kimi terror qruplaşmalarının tam zərərsizləşdirilməsi, onların Əfqanıstan ərazisində fəaliyyətinə son qoyulması və ya Pakistanla Əfqanıstan arasında birgə hərbi əməliyyatların həyata keçirilməsi göstərilir. Lakin Əfqanıstanın bu istiqamətdə nə dərəcədə qətiyyətli addımlar atacağı açıq sual olaraq qalır. Əgər rəsmi Kabul qarşıdurmanın dərinləşməsini və əhalinin təhlükə altında qalmasını istəmirsə, bu məsələdə daha konstruktiv mövqe sərgiləməsi zəruri hesab olunur".
Elmir Heydərli
16:06 28.03.2026
Oxunuş sayı: 51