Qlobal güclər fonunda Bakı–Pekin xətti: hansı dəyişikliklər gözlənilir?
Azərbaycan və Çin arasında diplomatik münasibətlərin keyfiyyətcə yeni müstəviyə keçməsi Cənubi Qafqazın siyasi mənzərəsini yenidən formalaşdırır.
Çin Xalq Respublikasının sədri Si Cinpinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı son məktub, iki ölkə arasındakı "hərtərəfli strateji tərəfdaşlıq" statusunun sadəcə kağız üzərində deyil, həm də real siyasi və iqtisadi addımlarda öz təsdiqini tapdığını göstərir.
Pekinin Bakıya yönəlmiş bu diplomatik jesti, Azərbaycanın qlobal iqtisadi platformalarda, xüsusilə BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində artan ambisiyaları fonunda xüsusi əhəmiyyət kəsb edir.
Crossmedia.az-a açıqlamasında keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov bildirib ki, ümumilikdə bu cür mesajlar müsbət qarşılanmalıdır:
"Əslində üzvlük məsələsi, bildiyimiz kimi, Hindistan tərəfindən müəyyən mənada bloklanır. Lakin həm rəsmi, həm də praktiki baxımdan Çin Azərbaycanla əməkdaşlığın genişlənməsində maraqlıdır.
Bu, xüsusilə investisiya və kommunikasiya sahələrində özünü göstərir. Son dövrlərdə müşahidə etdiyimiz dinamika onu deməyə əsas verir ki, münasibətlər yüksələn xətt üzrə inkişaf edir".

T. Zülfüqarov qeyd edib ki, bu cür məktublar və qarşılıqlı mesajlar ötən dövrdə qoyulmuş əməkdaşlıq təməlinin davamlı şəkildə möhkəmləndiyini göstərir:
"Bir il əvvəl baş tutmuş səfərdən sonra formalaşan münasibətlər hazırda daha yüksək templə inkişaf edir. Bu baxımdan, bu mesajları həmin prosesi dəstəkləyən mühüm amil kimi qiymətləndirməliyik".
O, həmçinin bildirib ki, "hərtərəfli strateji tərəfdaşlıq" statusunu region ölkələri arasında üstünlük kimi şərh etmək düzgün yanaşma deyil:
"Bu, konkret üstünlük məsələsi deyil, daha çox obyektiv geosiyasi və iqtisadi reallıqlarla bağlıdır. Azərbaycan Orta Dəhliz layihəsində əvəzolunmaz tərəfdaşdır. Eyni zamanda, Gürcüstan da bu baxımdan mühüm rol oynayır. Ona görə də, bu münasibətləri hansısa ölkəyə üstünlük verilməsi kimi yox, qarşılıqlı maraqlar üzərində qurulan əməkdaşlıq kimi dəyərləndirmək lazımdır".
Beləliklə, Pekindən gələn mesajlar Bakı-Pekin xəttində münasibətlərin dərinləşdiyini göstərməklə yanaşı, Azərbaycanın beynəlxalq layihələrdə və platformalarda rolunun daha da artdığını təsdiqləyən mühüm siyasi siqnal kimi qiymətləndirilir.
Nigar Yahyazadə
18:19 24.03.2026
Oxunuş sayı: 63