Yaxın Şərqdə müharibə davam edir: Tramp "davam", ya "tamam" deyəcək?
Yaxın Şərqdə davam edən gərgin geosiyasi vəziyyət fonunda İran rəsmiləri regiondakı təhlükəsizlik məsələləri ilə bağlı sərt mövqe nümayiş etdirməyə davam edirlər. Rəsmi Tehran mümkün hərbi eskalasiya ehtimalını gündəmdə saxlayaraq, beynəlxalq ictimaiyyətə və xüsusilə Qərb ölkələrinə çağırışlar edir.
İran Xarici İşlər Nazirliyinin nümayəndələrinin açıqlamalarına görə, ölkə rəhbərliyi mümkün atəşkəs məsələsinə ehtiyatla yanaşır və belə addımın gələcək hərbi hazırlıqlar üçün istifadə oluna biləcəyi ehtimalını nəzərə alır. Bu kontekstdə İran tərəfi həmçinin Avropa dövlətlərini regionda baş verə biləcək hərbi qarşıdurmalara qoşulmamağa çağırır.

Məsələ ilə bağlı siyasi şərhçi Elşad Paşasoy Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Əslində ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatlar fonunda rəsmi Tehranın qısa müddətdə geri çəkiləcəyi ilə bağlı gözləntilər özünü doğrultmadı. Ayrı-ayrı ekspertlər, hətta Donald Tramp tərəfindən bu əməliyyatların qısa müddətli olacağı ilə bağlı səsləndirilən fikirlərə baxmayaraq, prosesin bir neçə həftə davam edəcəyi ehtimalı İranın asanlıqla təslim olmayacağını göstərir. Hətta öldürüldüyü və ya ağır yaralandığı iddia edilən İranın yeni ali dini rəhbəri Müctəba Xameneinin ABŞ-dən gələn atəşkəs təklifini qəti şəkildə rədd etməsi barədə yayılan məlumatlar da diqqət çəkir. Ümumilikdə, İranın dini liderinin qətlə yetirilməsindən sonra ölkədə qaldırılan “qisas bayrağı”nın yaxın zamanda endiriləcəyi real görünmür. Əks halda, rejim daxildə mövcud olan etimadı belə sarsıda bilər.
Diqqət yetirsək görərik ki, İranın hərbi və siyasi rəhbərliyinin mühüm simaları bombardmanlar nəticəsində həlak olsa belə, yeni təyinatlardan sonra müharibə davam etdirilir. Bu isə geri çəkilmək niyyətinin olmadığını açıq şəkildə nümayiş etdirir. Eyni zamanda İran Hörmüz boğazında mövqelərini qoruyub saxlayır, boğazın minalanması ilə bağlı təhdidlər səsləndirir və mümkün xarici müdaxilələrə sərt cavab veriləcəyini bəyan edir. Bununla yanaşı, İran bölgədə təsir imkanlarını da nümayiş etdirməkdədir. Məsələn, İraqla neft tankerlərinin Hörmüz boğazından keçidi ilə bağlı razılaşmanın əldə olunması rəsmi Tehranın regiondakı təsir gücünün hələ də davam etdiyini göstərir. Paralel olaraq, İran–İraq sərhədində təhlükəsizlik tədbirləri gücləndirilir və silahlı qrupların ölkə ərazisinə keçidinin qarşısı alınır. İran, həmçinin quru əməliyyatlarının mümkünlüyü fonunda kürd silahlı qruplarının ölkə daxilinə sızması riskini nəzərə alaraq əlavə təhlükəsizlik tədbirləri həyata keçirir. Bununla yanaşı, hərbi sənayesinin tam sıradan çıxmadığını göstərmək üçün intensivliyi azalsa da, nöqtəvi zərbələri davam etdirir".
O söyləyib ki, müharibənin davam etməsi, xüsusilə ABŞ üçün ciddi maliyyə və resurs itkisinə səbəb olur: "Gündəlik xərclərin milyardlarla dollarla ölçülməsi bu prosesin davamlılığını sual altına qoyur. Əgər münaqişə quru əməliyyatları mərhələsinə keçərsə, canlı qüvvə itkilərinin də artacağı qaçılmazdır. Bu baxımdan, ABŞ-nin müəyyən bir “nəticə əldə olundu” görüntüsü yaradaraq prosesi dayandırmaq istəyi mümkündür. Çünki əks halda bu vəziyyət daxili siyasi müstəvidə, xüsusilə seçkilər ərəfəsində respublikaçılar üçün əlavə çətinliklər yarada bilər. Lakin mövcud şəraitdə geri çəkilmək də asan deyil, çünki bu halda “əməliyyatın nəticəsi nə oldu?” sualı aktuallaşacaq.
İran isə hesab edir ki, ABŞ və İsrail əsas məqsədlərinə çata bilməyib. İran parlamentinin sədri Məhəmməd Baqır Qalibafın sözlərinə görə, əsas nəticə ali dini liderin qətlə yetirilməsi olub, lakin sistem devrilməyib və yeni rəhbərlik formalaşıb. Belə bir vəziyyətdə atəşkəs həm ABŞ, həm də İsrail üçün taktiki fasilə rolunu oynaya bilər. Bu fasilədən istifadə edərək gələcəkdə daha genişmiqyaslı zərbələrin planlaşdırılması ehtimalı da istisna deyil. İran isə, əksinə, təzyiqlərə baxmayaraq geri çəkilməyəcəyini nümayiş etdirir. Avropa ölkələri və Körfəz regionu da vəziyyətdən ciddi narahatdır. Fransa prezidenti ilə İran prezidenti arasında telefon danışığı bunun göstəricisidir. Donald Tramp isə NATO müttəfiqlərinin münaqişəyə qoşulmasını istəsə də, Avropa ölkələri bunun onların müharibəsi olmadığını açıq şəkildə bəyan edirlər. Bu mövqe, əsasən, münaqişənin genişlənərək daha böyük gücləri – xüsusilə Rusiyanı və Çini – prosesə cəlb etməsi və nəticədə Üçüncü Dünya müharibəsi riskinin artması ehtimalı ilə bağlıdır.
Qeyd etmək lazımdır ki, Oman və Cenevrədə aparılan danışıqlardan sonra müəyyən ümidlər yaranmışdı. İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) ilə əməkdaşlığa hazır olduğu bildirilmişdi. Lakin bu prosesin ardınca hərbi əməliyyatların başlaması danışıqlara olan inamı ciddi şəkildə sarsıtdı. Nəticə etibarilə, İran artıq qarşı tərəfin vədlərinə etibar etmir və yeni hərbi eskalasiyanın mümkünlüyünü nəzərə alır. Bu kontekstdə Tehran təhlükəsizlik təminatları və dəymiş zərərin kompensasiyası kimi şərtlərlə çıxış edir və prosesdə daha sərt mövqe nümayiş etdirir. Yaxın günlərdə vəziyyətin necə inkişaf edəcəyi böyük ölçüdə tərəflərin addımlarından asılı olacaq. Donald Trampın “qarşıdakı həftələrdə daha dağıdıcı bombardmanların ola biləcəyi” barədə bəyanatı isə gərginliyin azalmayacağını göstərir".
Elmir Heydərli
16:32 18.03.2026
Oxunuş sayı: 60