İran Hörmüz boğazının bağlanması ilə bağlı yayılan məlumatları təkzib edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib. Onun sözlərinə görə, boğaz bağlanmayıb, lakin bölgədə yaranmış təhlükəsizlik vəziyyəti səbəbindən gəmilərin hərəkəti müəyyən şərtlər əsasında həyata keçirilir.
Bəqayi bildirib ki, ABŞ və İsrailin bölgədə yaratdığı təhlükəsizlik riskləri səbəbindən boğazdan keçən gəmilərə əlavə nəzarət tətbiq olunur.
“Belə bir vəziyyətdə heç bir sahil ölkəsi düşmən gəmilərinin normal şəkildə keçidinə icazə verə bilməz. Xüsusilə də bu gəmilər həmin ölkəyə qarşı təcavüzkar fəaliyyətlər üçün istifadə edilə bilərsə”, – deyə o qeyd edib.
XİN sözçüsü əlavə edib ki, İrana qarşı hərbi əməliyyatlarda iştirak etməyən ölkələrin gəmiləri koordinasiya əsasında və İran silahlı qüvvələrinin icazəsi ilə boğazdan keçə bilirlər.