Geri sayım başladı: ABŞ-İran savaşı başlayır
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Con Kiriakounun səsləndirdiyi iddia — ABŞ Prezidenti Donald Trampın İrana mümkün hərbi zərbə ilə bağlı qərar verdiyi barədə açıqlaması — Yaxın Şərqdə gərginliyin yenidən artmasına səbəb olub. Son dövrlərdə Vaşinqton və Tehran arasında artan qarşılıqlı ittihamlar, nüvə proqramı ətrafında fikir ayrılıqları və regional təhlükəsizlik riskləri fonunda müharibə ehtimalı beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilir.
Bu vəziyyət həm də paradoksal sual doğurur: özünü qlobal sülhün tərəfdarı kimi təqdim edən Tramp administrasiyası həqiqətən yeni bir münaqişə ocağının yaranmasına səbəb ola bilərmi? Eyni zamanda mümkün ABŞ–İran qarşıdurmasının regional və qlobal nəticələri, enerji təhlükəsizliyi, geosiyasi balans və diplomatik münasibətlər baxımından ciddi təsirlərə malik ola bilər.
Belə bir ssenari fonunda region ölkələri, o cümlədən Azərbaycan üçün ən mühüm suallardan biri yaranır: mümkün ABŞ–İran müharibəsində Bakı hansı mövqedən çıxış etməli, milli təhlükəsizlik, iqtisadi maraqlar və balanslaşdırılmış xarici siyasət prinsiplərini necə qoruyub saxlamalıdır? Bu suallar mövzunun həm regional, həm də strateji baxımdan geniş təhlilini zəruri edir.
Mövzu ilə bağlı siyasi şərhçi Pərviz Mirizadə Crossmedia.az-a açıqlama verib:

"Birləşmiş Ştatlar və İran arasında hərbi toqquşma ehtimalı hər keçən gün daha da artır. Vaşinqtonun Yaxın Şərqə çox sayda hərbi texnika cəmləşdirməsi, xüsusilə, aviasiya vasitələrinin və donanma ünsürlərinin sayının artırlması, eyni zamanda regionda yerləşən hərbi bazalarının müdafiə qabiliyyətinin təkmilləşdirilməsi, heç şübhəsiz ki, mümkün görünən münaqişəyə hazırlığın tərkib hissəsidir. Ötən il 12 günlük əməliyyatlar zamanı İsrail və ABŞ İran qarşısında hərbi üstünlük qazansalar da, strateji məqsədlərinə nail ola bilmədilər. Tehran nüvə proqramın dayandırmadı, ballistik raket istehsalını daha da artırdı və müxtəlif vaxtlarda keçirilən danışıqlarda ciddi nəticələr əldə olunmadı. Bütün bunlar məhz hazırkı gərgin situasiyanın yaranmasına gətirib çıxaran fundamental səbəblərdir. Təbii ki, İrana qarşı hərbi əməliyyatlar region üçün, xüsusilə, İranla sərhəd ölkələr üçün müsbət heçnə vəd etmir. Genişmiqyaslı müharibə özü ilə bərabər humanitar böhran və yeni təhlükəsizlik çağırışları da formalaşdıracaq. Böhrandan istifadə edərək ekstremizm hallarının genişlənməsi kimi təhdidlər mövcuddur".
Ekspert əlavə edib ki, region ümumilikdə bu tip məsələlərə həssasdır və keçmiş münaqişələrdən qalma ocaqlar hələ də qalmaqdadır: "Rəsmi Bakı öz növbəsində İranla bağlı prosesləri diqqətlə izləyir və təmaslar zamanı öz narahatlığını dilə gətirir. Yəni, bizim üçün məsələ təkcə qonşu dövlətin vurulması deyil, orada yaşayan milyonlarla soydaşımızın taleyidir. Azərbaycan birmənalı şəkildə regionda yeni bir münaqişə ocağının yaranmasının əlehdarıdır. Xatırlamaq lazımdır ki, ötən il keçirilən hərbi əməliyyatlar zamanı Azərbaycan İsrailə məhz soydaşlarımızın yaşadığı ərazilərə zərbələr endirməməklə əlaqədar müracət etmişdi. Aydındır ki, hər hansı bir müharibə başlayacağı təqdirdə ölkəmiz öz üzərinə düşəni edəcək, humanitar böhranın aradan qaldırılmasına köməklik göstərəcək. Təbii ki, hadisələrin inkişaf tendensiyasını zaman göstərəcək. Amma görünən odur ki, müharibə yaxınlaşır".
Ayhan
10:15 24.02.2026
Oxunuş sayı: 624