ABŞ-İran danışıqları: Nəticəsiz cəhd, yoxsa əsaslı həll?
ABŞ və İran arasında uzun müddətdir davam edən gərginliyin diplomatik yollarla həlli istiqamətində aparılan danışıqlar yeni mərhələyə qədəm qoyub. Vaşinqton rəsmiləri tərəflər arasında mümkün razılaşmanın əldə olunacağına dair nikbin mövqe nümayiş etdirir və yaxın günlərdə mühüm irəliləyişin baş verə biləcəyini istisna etmirlər.
ABŞ dövlət katibi Marko Rubionun açıqlamaları da tərəflər arasında diplomatik təmasların davam etdiyini göstərir. Onun sözlərinə görə, yekun sazişin imzalanacağına zəmanət vermək mümkün olmasa da, danışıqların müsbət nəticələnməsi üçün real perspektivlər mövcuddur və razılaşma yaxın zamanlarda əldə oluna bilər.
Məsələ ilə bağlı siyasi şərhçi Vüsal Məmmədov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"ABŞ və İran arasında yaxın perspektivdə ciddi və hərtərəfli sülh sazişinin əldə olunacağı inandırıcı görünmür. Vaşinqton hazırda futbol üzrə Dünya Çempionatının keçirilməsi və iyulun 4-də ABŞ-ın müstəqilliyinin 250 illiyinin təntənəli şəkildə qeyd olunması fonunda sabitlik və atəşkəsin qorunmasında maraqlıdır. Bu baxımdan, Donald Tramp üçün 60 günlük fasilə mühüm əhəmiyyət daşıyır. O, həmin dövr ərzində bu iki böyük tədbiri uğurla həyata keçirməyə və bunu siyasi nailiyyət kimi təqdim etməyə çalışır.
İran isə paralel şəkildə həm raket, həm də pilotsuz uçuş aparatları potensialını sürətlə bərpa edir. ABŞ kəşfiyyatının məlumatları və Amerika mediasında dərc olunan materiallar da bunu təsdiqləyir. Bundan əlavə, Tehran Çinlə hərbi əməkdaşlığını genişləndirir və ABŞ-yə məxsus pilotsuz aparatların, eləcə də bir F-15 təyyarəsinin vurulması ilə hava hücumundan müdafiə sistemlərinin təkmilləşdirildiyini nümayiş etdirir.
Beləliklə, 60 günlük atəşkəs hər iki tərəfin maraqlarına cavab verir. Buna görə də tərəflərin bu müddət ərzində atəşkəs rejiminə əməl edəcəyi ehtimalı yüksəkdir. Lakin 60 günün sonunda qalıcı, əsaslı və hərtərəfli sülh sazişinin imzalanacağına dair ciddi əsaslar görünmür".
O bilfirib ki, Vaşinqton və Tehranın strateji maraqları bir-birindən kəskin şəkildə fərqlənir: "Bu fundamental ziddiyyətləri aradan qaldırmaq və tərəflərin mövqelərini yaxınlaşdırmaq istiqamətində hələlik hər hansı ciddi addım atılmayıb. Belə bir prosesin yaxın gələcəkdə başlanacağı da inandırıcı görünmür.
Daha real ssenari ondan ibarətdir ki, mövcud nisbi sakitlik müəyyən müddət davam edəcək. Lakin bu dövrdə də ABŞ-nin İrana qarşı məhdud zərbələri və İranın buna cavab tədbirləri istisna olunmamalıdır. Əsaslı sülh müqaviləsinin imzalanması üçün isə uzunmüddətli və intensiv diplomatik proses tələb olunur. Hazırkı mərhələdə belə bir prosesin başlandığını göstərən əlamətlər müşahidə edilmir".
Elmir Heydərli
16:26 03.06.2026
Oxunuş sayı: 57