İsrail və Livan arasında mühüm razılaşma: Yaxın Şərqdə yeni mərhələ başlana bilər
Vaşinqtonda ABŞ-in vasitəçiliyi ilə İsrail və Livan arasında uzun illərdən sonra ilk dəfə birbaşa danışıqlar keçirilir. Tərəflər Livanda təhlükəsizliyin təmin olunması və sərhəddə gərginliyin azaldılması məsələlərini müzakirə edirlər.
Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu Crossmedia.az-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, ABŞ vasitəçiliyi ilə İsrail və Livan arasında əldə olunan son razılaşma Yaxın Şərqdə tam sülhün təmin olunması demək deyil.

Ekspertin sözlərinə görə, razılaşmaya əsasən Livanın cənubunda təhlükəsizlik zonaları yaradılacaq, həmin ərazilərdə yalnız Livan ordusunun nəzarəti təmin ediləcək və Hizbullah qüvvələri Litani çayının cənubundan çıxarılacaq:
"Hazırkı mərhələdə İsrail-Livan razılaşmasını “sülh sazişi” kimi deyil, “regional müharibənin qarşısını almaq üçün yaradılmış keçid mexanizmi” kimi qiymətləndirməyin daha doğru olduğunu bildirib. Əgər Livan ordusu cənub bölgələrində real nəzarət qura bilsə və Hizbullahla İsrail arasında silahlı toqquşmalar minimuma ensə, bu, Yaxın Şərqdə yeni diplomatik mərhələnin başlanğıcı ola bilər. Lakin Hizbullahın razılaşmanı qəbul etməməsi və tərəflər arasında qarşılıqlı etimadın son dərəcə zəif olması səbəbindən proses hələ də çox kövrək xarakter daşıyır”.
Geosiyasi baxımdan Vaşinqtonun məqsədinin yalnız İsrail-Livan sərhədində atəşkəs yaratmaq olmadığını deyən V.Zifəroğlu qeyd edib ki, əsas hədəf İranla daha geniş regional təhlükəsizlik razılaşmasının yolunu açmaqdır:
"Bu səbəbdən sözügedən razılaşmanın təsiri Livan sərhədlərindən daha geniş coğrafiyanı əhatə edə bilər".
Nigar Xəlilli
18:01 04.06.2026
Oxunuş sayı: 53