Zavodlar və avtomobillər canımızı alır: Şəhərə sakitlik yox, zəhərli hava hakimdir
Şəhər mühitində həyat sürətlə dəyişir, lakin bu dəyişikliklər bəzən cəmiyyət üçün çətinliklər yaradır. Xüsusilə, şəhər ərazilərində maşınların sıx hərəkəti, fabrik və zavodların, eləcə də neft sahələrinin fəaliyyəti havanın çirklənməsinə gətirib çıxarır.
Nəticədə insanlar təmiz hava ala bilmir, nəfəs almaqda çətinliklərlə üzləşir və gündəlik həyat keyfiyyəti təsirlənir.
Bu barədə Crossmedia.az-a açıqlama veren “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bildirib ki, son 50 ildə elmi texniki tərəqqi bəşəriyyəti xeyli irəli aparıb. Bəşər övladının məişətdə işləri asanlaşıb. Məsələn, avtomobillərin, nəqliyyat vasitələrin çoxalması, insanın səyahət imkanlarını genişləndirib:
"İnsan kosmosu fəth edir. Nəhəng kosmik tədqiqatlar dövründə yaşayırıq. Sənaye inqilabları həyatımızı kökündən dəyişib. Amma bütün yeniliklər təbiətə zərbə hesabına başa gəlir.

Xüsusən, son 30 ildə dünya əhalisi xeyli artıb. Əhalinin artması yeni qayğılar ortaya çıxarır. Əhalini ərzaqla təminatı zərurəti kənd təsərrüfatı sahələrinin genişlənməsi ilə ilə nəticələnir. Aqrar sektor isə çox təəssüf ki, meşələrin hesabına genişlənir. Əhalinin yerləşdirilməsi, işlə təmin olunması yeni yaşamış massivlərinin tikilməsini, yeni istehsalat müəsissələrinin inşasını zəruri edir. Sənaye genişlənir. Yüngül və ağır sənaye müəssisləirnin artması amtosferin kirlənməsinə səbəb olur. İndustriallaşma urbanizasiyanı tətikləyir, insanlar iş tapmaq üçün şəhərlərə axışır. Şəhərlərdə nəqliyyat vasitələrinin sayı artır.
Maraqlıdır ki, son illər hətta kənd və qəsəbələrdə də nəqliyyat vasitələrinin sayı artıb. İnsanların daha rahat həyata alışması həyata baxışları da dəyişib. İnsanların avtomobilə əlçatanlığı artıb. Bu da hətta sənaye müəssisələri olmayan kəndlərdə belə atmosfer çirkliyiyini artırıb.
Bu gün şəhərlərdə atmosferi daha çox çirkləndirən təbii ki, sənaye müəssisələridir.
Zavod və fabriklərdən havaya buraxılan tüstü və qazlar sənaye çirklənməsinin əsas mənbələrindəndir. Sənayenin yaratdığı karbon emissiyası həm təbiətə, həm də insan sağlamlığına ciddi ziyan vurur. Bu gün sənaye müəssisələrindən amtosferə kükürd dioksid, azot oksidləri, karbon dioksid, ağır metal hissəciklər atılır. Bu maddələr havanın təbii balansını pozur, oksigen miqdarını azaldır və zəhərli qazların konsentrasiyasını artırır. Bu maddələr atmosferdə istixana effekti yaradır və qlobal iqlim dəyişikliyinə səbəb olur".
Ekoloqun sözlərinə görə, 2015-ci ildə Paris sazişinə imza atmış dövlətlər atmosferdə karbon emissiyasını azaltmağı öhdəlik olaraq götürüblər:
"Azərbaycan da 2025-ci ilə qədər karbon emissiyasını 40 faizə qədər azaltmağı öhdəsinə götürüb. Dövlətlərin, eləcə də ölkəmizin qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üzrə mübarizə dövründə atacağı mühüm addım var.
İlk növbədə bərpa olunan enerjiyə keçid sürətləndirilməlidir. İlkin növbədə iri şəhərlərin nəqliyyat sistemi ekoloji layihələrə əsaslanaraq yenilənməli, yaşıllıq sahələri artırılmalıdır.
Ölkəmizə gəlincə yaxşı olar ki, iri şəhərlərdə, xüsusən də Bakı şəhərində, Sumqayıtda, Xırdalanda göydələnələrin tikintisi dayandırılsın. Nümunəvi məhəllələrin salınması, çoxillik ağacların qorunması, yeni ağaclıqları salınması prioritet məsələ olmalıdır.
Yaşıl nəqliyyatın coğrafiyası genişlənməli, dəmiryol xəttləri çəkilməli, yeni metrostansiyaları tikilməlidir. Velosiped və skuterlərin hərəkəti üçün uzun zolaqların yaradılması yaxşı olardı. Bununla yanaşı, tədricən sənaye müəssisələri də bərpa olunan enerjiyə keçirilməlidir. Bu, bahalı proses olsa da alternativ variant yoxdur. Yaşadığımız planeti qorumaq, davamlı inkişafı təmin etmək üçün bərpa olunan enerjiyə keçid sürətlənməlidir”.
Fatimə Məmmədova
12:17 24.02.2026
Oxunuş sayı: 669