Paşinyan dövrü bitir?: Bunu bacarmasa, onu təslim edəcəklər- Müsahibə
Son dövrlər Ermənistan daxilində kilsə–hakimiyyət münasibətləri ətrafında yaranan gərginlik regionda diqqətlə izlənilir. Siyasi proseslərə dini institutların təsiri uzun illərdir müzakirə mövzusudur və bu təsirin dövlət idarəçiliyinə necə sirayət etməsi suallar doğurur. Xüsusilə hakimiyyətin mərkəzləşdirilməsi fonunda kilsənin mövqeyi yeni mübahisələrə yol açıb. Məsələ təkcə daxili siyasətlə məhdudlaşmır, regionun təhlükəsizliyinə də təsir göstərə biləcək məqamları ehtiva edir.
Politoloq Tofiq Abbasov Ermənistan daxilindəki hazırkı vəziyyət barədə Crossmedia.az-ın suallarını cavablandırıb:
-Sizcə, hazırda Ermənistanın əsas problemi nədir?
-Ermənistanın bəlası ondan ibarətdir ki, bu ölkədə dini təsisat siyasi funksiyanı öz üzərinə götürüb. Bu, əzəldən gələn bir prosesdir. Ermənilər milli ocaqlar formalaşdıraraq istər Qafqazda, istərsə də Şərqi Anadoluda ərazi iddialarını irəli sürürlər. Kilsə bu məsələlərlə məşğul olub və kilsənin fəaliyyəti nəticəsində bir çox yerə silah daşınıb, qadağan olunmuş ədəbiyyat yayılıb, çağırışlara yönəlik təşkilati və təbliğat materialları hazırlanıb və sair. Yəni kilsə həm də kadr məsələlərini həll edirdi və təsadüfi deyil ki, ilk erməni radikal qruplaşmaları yeni partiyalar yaratdılar – “Armenakan”, “Hnçak”, “Daşnaksütyun” və sair. Bütün bu mürtəce qruplar demək olar ki, kilsə tərəfindən idarə olunurdu.
-Kilsənin radikal qruplaşmalar üzərində rolu necə olub?
-Bu məsələlərin hamısı kilsə tərəfindən yönləndirilirdi və radikal qruplaşmalar kilsənin əlində alətə çevrilmişdi. Kilsə istədiyi kimi onları istiqamətləndirir, təlimatlar verirdi. Digər tərəfdən isə hətta ölüm cəzaları tətbiq edilirdi. Məsələn, yaradılmış fondlara bəzi ermənilər pul ödəmirdilər və ödəməyənlər kilsənin nəzarəti altında cəzalandırılır, hətta öldürülürdülər ki, bu, başqalarına nümunə olsun və digərləri ödənişdən yayınmasınlar. İndiyə qədər də demək olar ki, kilsə bu funksiyanı yerinə yetirir və biz faktiki olaraq şahidik ki, erməni özünəməxsusluğunu üç institut formalaşdırır: dövlət, kilsə və diaspora.
-Bu üçlü struktur baş nazir Nikol Paşinyan hakimiyyəti üçün nə dərəcədə uyğundur?
-Paşinyan görür ki, bu üçlü hakimiyyət artıq ona və erməni xalqına da sərf etmir. Erməni xalqının nizamsız, avara-sərgərdan həyat tərzi onu göstərir ki, idarəçilikdə ciddi boşluqlar var. Bir uşağın üç valideyni olarsa, onun taleyi necə ola bilər? Bu proses də bir mərkəzdən idarə olunmalıdır.
-Bəs Paşinyanın məqsədi nədir?
-Əgər erməni dövlətçiliyi, həqiqətən, püxtələşmək, suveren bir dövlətə çevrilmək istəyirsə, ilk növbədə mərkəzləşmiş idarəetmə olmalıdır və bütün proseslər vahid sistem daxilində həll edilməlidir. Ona görə də Paşinyan bu mənfur ənənəyə son qoymaq istəyir. Yəni hökumətin başçısı mənəmsə, idarəetmə də məndə olmalıdır. Kadr məsələlərinə, dövlət siyasətinə, konsepsiyanın müəyyənləşdirilməsinə heç kim, o cümlədən kilsə müdaxilə edə bilməz. Kilsə öz işi ilə məşğul olmalıdır. Əslində Ermənistan Konstitusiyasında dövlətlə kilsə arasında səlahiyyət bölgüsü mövcuddur və kilsə bu proseslərə qarışmamalıdır.
-Hazırkı mərhələdə kilsənin davranışı necə qiymətləndirilir?
- Kilsə birləşdirici deyil, yönləndirici funksiyanı öz üzərinə götürüb və demək olar ki, müxalif partiyaların əksəriyyəti onların nəzarətindədir. Onlar hökumətlə kilsə arasında, eləcə də cəmiyyət daxilində qarşıdurma yaratmağa çalışırlar. Bu proseslərin Ermənistanın daxili vəziyyətinə və regiona ciddi mənfi təsirləri var və bu vəziyyət daim belə qala bilməz.
-Paşinyan bu yolda sona qədər gedə bilməsə, nə baş verə bilər?
-Hesab edirəm ki, Paşinyan bu yolu tutubsa və məqsədi nizam-intizam yaratmaq, kilsəni siyasi proseslərdən təcrid etməkdirsə, bu yolda axıra qədər getməlidir. Əgər sona qədər gedə bilməsə və kompromisə üstünlük versə, onda onun taleyi də çox ağır, hətta faciəvi şəkildə həll oluna bilər. Yəni bu artıq kilsəyə qarşı açıq mübarizədir: “Sən öz işinlə məşğul ol, mənim işlərimə qarışma”. Əgər bunu bacarmasa, Paşinyanı təslim edəcəklər.
Əgər kilsə bu vəziyyətdən özünü qoruyaraq çıxmağı bacarsa, bu, region üçün çox ciddi fəsadlar yarada bilər. Azərbaycanda dini təsisat dövlət işlərinə qarışırmı? Qarışmayıb.Gürcüstanda o zamanlar ölkədə parçalanma baş verdi, xalq küçələrə çıxdı, nifrət artıq pik həddə çatmışdı, Qərbpərəst qüvvələrlə milli dəyərləri müdafiə edənlər arasında demək olar ki, ölüm-dirim savaşı gedirdi. Məhz o vaxt kilsə rəhbəri İkinci İliya ortaya çıxaraq barışıq və konsensus çağırışı etdi və bu baş tutdu.Belə hallarda dini təsisat və dini liderlər ortada olmalıdırlar. Necə ki, bizdə də 20 Yanvar hadisələri zamanı hörmətli Şeyxülislam proseslərin mərkəzində idi. Çünki cəmiyyətdə ümidsizlik yaranmışdı, siyasi rəhbərlik acizlik nümayiş etdirirdi, vəziyyəti idarə edə bilmirdi. Eyni zamanda çoxsaylı şəhidlərimiz var idi, onların dəfni və son mənzilə yola salınması lazım idi.Şeyx həzrətləri ilə bütün bu tədbirlərdə bir yerdə idik, media nümayəndələri ilə dini təsisat arasında koordinasiya mövcud idi. O ağır vəziyyətdən çıxa bildik və Qafqaz Müsəlmanları İdarəsi öz şərəfli missiyasını uğurla yerinə yetirdi. Amma siyasətə qarışmadı və bu, onun işi də deyildi.Ona görə də bu proseslərdə xalq öz sözünü deməlidir və Nikol Paşinyanla bağlı tutduğum mövqe son dərəcə sağlam və praqmatikdir.
Fatimə Məmmədova
09:58 18.02.2026
Oxunuş sayı: 599