Tarixçi: Türklərin dinlə bağlı problemləri var - MÜSAHİBƏ
Bu gün Türk dövlətləri bütün dünyanın diqqət mərkəzindədir. Türk dövləltəri arasında artan əməkdaşlıq, Türk Dövlətləri Təşkilatının güclənməsi birmənalı qəbul olunmur. Buna bamxayaraq, tarix boyu olduğu kimi, bu gün də çoxları Türk dövlətlərinə qısqanclıqla yanaşırlar. Bu isə ortaq türk tarixinə maraqğı artırır.
Tanınmış tarixçi Əkbər Nəcəf Türk tarixi barədə Crossmedia.az-a geniş müsahibə verib:
- Sizcə, ümumtürk araşdırmalarında bu gün yanlış təqdim olunan əsas mövzular hansılardır? Bəzən belə təəssürat yaranır ki, sanki ortaq türk tarixi bilərəkdən unudulur. Siz necə düşünürsünüz?
- Əsas problemlərdən biri tarix metodologiyasının doğru seçilməməsidir. İkinci, türk tarixinin fərziyyə təməllərinin qurulmamasıdır. Üçüncüsü, klassik Sovet qərb modeli üzərindən türk tarixini tanımaqdır. Bu üçü türk tarixini öyrənmək üçün ciddi problemlər yaradır.
- Bəs türk xalqlarının ortaq tarix şüurunun formalaşmasına hansı amillər mane olur sizcə?
- Hansı amillər mane olur, onu bilmirəm. Doğrusu, elə bir sosioloji araşdırmam yoxdur. İnsanların gündəlik həyat tərzi gündəlik ehtiyaclarına görə dəyişən bir anlayışdır. Buna görə də gündəm içərisində türk tarixi anlayışı nə qədər varsa, o qədər aktualdır və insanlar üçün o qədər cəlbedici ola bilər. Digər tərəfdən, bugün toplum anlayışı ilə ümumi olaraq bəşəri anlayışların uyğunluğu arasında ciddi bir qırılma var. Tarix klassik mənada bir elm, fəaliyyət, məşğuliyyət olaraq qalacaq, yoxsa bugünkü insanların gündəmində onlarla bağlı aktual məsələlərdə yer alacaq bir platforma halına gələcək? Bu, müəyyən edilməlidir. Digər tərəfdən təbliğat vasitələri də yoxdur. İndi günümüz üçün artıq geniş çeşiddə təbliğat vasitələri o qədər aktual deyil. Televiziyalar, saytlar, qəzetlər artıq insanların gündəmində deyil. Lakin sosial medianın xüsusilə də türk tarixini fərqli modellərdə təqdim etmək üçün ciddi imkanı var. Yəni, deməliyəm ki, bugün insanların ən çox praktik olaraq müraciət etdikləri vasitələr üzərindən aktuallaşdırılmasına ehtiyac var.
- Bəs, sizcə, dil, mədəniyyət amili ortaq türk tarixinin formalaşmasında nə kimi rol oynayır bunlar sizcə?
- Türk xalqlarının dilləri bugün dünyanın ehtiyaclarını qarşılayacaq səviyyəyə gəlməyib. Yəni, bugün bizim coğrafiyamızda ümumi mənada rus və ingilis dilinin yerinə keçəcək bir dil vahidi hələ formalaşmayıb. Bunun üçün türk xalqları özləri ümumiləşdirilmiş bir dil seçib danışmaq istəyərlərmi, bilmirəm. Hazırda aktivliyini ən çox inkişaf etdirən türk dili Türkiyə türkçəsidir. Çünki Türkiyə türkçəsinin sadəcə dil əsaslarının xaricində texnoloji bazası da digər dillərə görə daha genişdir. Azərbaycan dilinin imkanları o qədər geniş deyil. Ona görə də Azərbaycan dilinin regionda hakim dilə çevriləcəyini demək doğru olmaz. Bu dilə tələbat çox zəifdir. 2040 -Mədəniyyət konseptində Azərbaycan dili mərkəzə yerləşdirilib. Amma problem ondan ibarətdir ki, Azərbaycan dilinin inkişafını siz hansı vasitələrlə aparacaqsınız, bu, qeyri-müəyyəndir. Digər tərəfdən də Azərbaycan dili günümüzdə fikir olaraq, düşüncə olaraq istehsal edən bir dil deyil. İnternətdə axtarış verəndə də görürük ki, Azərbaycan dili materialı ikinci, üçüncü sırada təklif edilir. Lakin dilimiz inkişaf da edə bilər. Çünki dil vasitələri əbədi vasitələr deyil. On ildən bir, on beş ildən bir şərtlər dəyişə bilir. Azərbaycan dili olaraq bizim imkanlarımız digər dillərə görə daha çoxdur. Çünki cənubdakı-İrandakı türklərlə, Orta Asiya türkləri ilə aramızda əlaqələr var. Ana dilində türklərlə anlaşıq. Yəni, biz türk dünyasının mərkəzindəyik, amma türk dünyasının mərkəzində olmanın düşüncə olaraq məsuliyyətini qavramamışıq.
- Müsahibələrinizin birində demisiniz ki, biz özümüzə xas tarixi terminlərimizi yarada bilməmişik. Heç olmasa, indi bu problemi həll edə bilərikmi? Akademik potensialımız buna imkan verir?
- Yox, imkan vermir. Azərbaycanda iki insanın bir araya gəlib düşüncə paylaşdığı məkanlar belə yoxdur.
- Osmanlı-Səfəvi münasibətləri bu gün də müzakir olunur. İki dövlət arasında münasibətlərə hansı yeni baxışlar var?
- Bu sahədə dünyada ciddi araşdırmalar aparan alimlər var. Hər gün yeni-yeni nəticələr, sənədlər ortaya çıxır. Osmanlı arxiv sənədləri dünyanın ən zəngin arxiv sənədlərindən biridir. Burada biz sadəcə işin diplomatik və siyasi tərəflərini deyil, iqtisadi tərəflərini də göstərən sənədlərlə tanış ola bilərik. Məsələ ondan ibarətdir ki, biz Səfəvi-Osmanlı münasibətlərinə hansı kontekstdən yanaşacağıq. Bizim əlimizdə yeganə yanaşma üsulu Sovet dövründən qalma Petruşevski, rəhmətlik Oktay Əfəndiyevin qoyduğu yoldur. Bu yolumu davam etdirəcəyik, yoxsa başqa zəminlə məsələlərə baxacaq? Əslində, Osmanlının öz dünyasının içərisində bir Səfəvi var, Səfəvilərin daxilində isə Osmanlı var.
- Bilirik ki, siz ali təhsilinizi Türkiyədə almısız. Orada bu mövzu ilə bağlı nə müşahidə etmisiniz? Ümumiyyətlə, Azərbaycan və Türkiyə tarixçiləri arasında Osmanlı və Səfəvi mövzusu ilə bağlı hansı fərqlər var?
- Qalın gözlüklərlə dünyaya baxmaq bir az qəribədir. Mən bu sahədə uzun müddətdir araşdırma aparan tədqiqatçılardan biriyəm. Problem ondan ibarətdir ki, bizdə ciddi tarixçi sayı azdır. Yəni, ixtisasca tarixçi ola bilərsiniz. Adının yanında böyük ünvanlar ola bilər, amma bu, sənə tarixçi olma haqqını vermir. Tarixçinin sualları olmalıdır. Və o, müntəzəm olaraq suallarına yeni cavablar axtarmalıdır. Dediyim kimi, bu imkanlara, bu zehniyyətə sahib olan tarixçi sayı çox məhduddur. Bizim titullu tarixçilərimiz var, amma məsələn, son otuz ildə tarix cameəməzi şoka salacaq alim sayı azdır. Ümumiyyətlə, tarixçi zehniyyəti sərbəst, rahat olmalıdır. O, araşdırdığı dövrün hadisələrini bilməlidir. Tarixçi araşdırdığı dövrün nəticələrini, hadisələrini bilməlidir. Faktı toplayıb bir yerə yığmaq tarixçilik deyil. Ona görə də, bu baxışı dəyişdirmədikcə və bu baxışı dəyişdirməyi istəyən elmi potensial qüvvə olmadıqca inkişaf əldə etmək çox çətindir. Yəni, bütün hallarda insanlıq tarixində eyni fikirdə iki tarixçiyə rast gəlmək mümkün deyil. Hadisələr eynidirmi? Eynidir. Tarixlər eynidirmi? Eynidir. Məkan, tərəflər eynidir. Tarixçi nə edəcək? Tarixçi baş vermiş hadisələrin nədən ibarət olduğunu deyil, necə olduğunu üzə çıxmalıdır. Bu zaman oraya birdən çox ünsür daxil olur.
- Bəs türk dünyasının tarix yazımında ortaq metodologiyanın yaradılması mümkündürmü? Bu, türk dövlətləri arasında birliyin qorunması və güclənməsində hansı rol oynaya bilər?
- Biz və Orta Asiya tarixçiləri Sovet modelindən davam edirik. Bunlar nəticədə gedib Avropa tarix anlayışında birləşirlər. Bu vaxta qədər ən böyük dərdimiz nə idi? Bizi dünya oxusun, dünya tanısın. Özümüzü başqalarına tanıtmağa ehtiyacımız var idi. Həm siyasi, həm iqtisadi, həm də sosial mənada. Amma bu gün dünyanın beyin mərkəzi hesab edilən güclər artıq özləri dağılmış, parçalanmış haldadırlar. Üstəlik, artıq dünyada tarixə aid heç bir konsepsiya da yoxdur. Avrosentrik düşüncə otuz il bundan əvvəl artıq yavaş-yavaş parçalanmağa, dağılmağa başladı. İndi yeni-yeni axtarışlar var. Bu məsələdə “Mənim xüsusi metodum var” deyən tarixçi sayı çox azdır. Bu, ciddi məsələdir. Bizim ən böyük problemlərimizdən biri təhlil strukturlarımızın həddindən artıq az və məhdud olmasıdır. Yəni, hər hansı bir məsələ haqqında danışmaq, onu aydınlatmaq, təhlil etmək, açmaq deyil.
- Türklərin dinlərə münasibəti necədir? Ümumiyyətlə, türklərə təzyiqlər niyə bu qədər güclüdür?
- Türklərin dinlə bağlı problemləri var. Türklərin yönəldiyi ən sonuncu din İslam olub. Bu dinin inkişafına onların böyük fəaliyyət olub. Bu gün bizdə dünyanı sevmə anlayışı digər xalqlardan daha yüksəkdir. Ona görə də biz dünya durduqca da yaşayacağıq. Buna şübhə yoxdur. Amma necə yaşayacağıq?
- “Azərbaycan milli kimliyinin tarixi” əsərinin müəllifisiniz. Sizcə, bu istiqamətdə əsas problemlər nələrdir?
- Mən Azərbaycan tarixinin metafizikasını yazmışam. Mən kitablarımda yalnız müasir dövr kimlikləşmə prosesi yer almayıb. Yəni, mən o sahənin tədqiqatçı deyidim. O sahədə çalışan tədqiqatçılarımız var. Milliyyətçilik bir az problemli bir məsələdir. Bizdə milliyyətçiliyin, necə deyərlər, alıcısı yox. Bizdə milliyyətçilik bir reaksiya olaraq, ehtiyac olaraq ortaya çıxıb.
Turqut Ansari
12:49 16.02.2026
Oxunuş sayı: 680