Rusiya və Ukrayna hücumları niyə intensivləşdirir?- Məqsəd açıqlandı
Rusiya Müdafiə Nazirliyi Ukraynanın Rusiya ərazisindəki mülki obyektlərə hücumlarına cavab olaraq Ukraynanın hərbi obyektlərinə, aviasiya bazalarına və müdafiə-sənaye kompleksinin müəssisələrinə "Oreşnik" ballistik raketləri, "İskəndər" aeroballistik raketləri, "Kinjal" hipersəs raketləri və "Zirkon" qanadlı raketləri ilə, həmçinin hava, dəniz və quru bazalı qanadlı raketlər və zərbə PUA-ları ilə kütləvi zərbələr endirdiyini, bütün hədəflərin vurulduğunu açıqlayıb.

Hərbi ekspert Emin Həsənli bu barədə Crossmedia.az-a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi dörd ildən artıqdır davam edir və müddətinə görə artıq SSRİ-Almaniya müharibəsini də geridə qoyub.: "Müxtəlif mənbələrə görə Rusiya bir milyon, hətta milyon yarıma yaxın canlı qüvvə itirib. Ukraynanın da itkiləri təxminən eyni səviyyədədir. Hər iki ölkənin iqtisadiyyatına ciddi zərbə vurulub, şəhərlər dağıdılıb, milyonlarla ukraynalı qaçqın Avropaya, Amerikaya, Kanadaya və dünyanın digər ölkələrinə üz tutub".
Ekspertin sözlərinə görə, hazırda hər iki tərəf müharibədən yorulub: "Döyüşlər müxtəlif istiqamətlərdə davam etsə də, ortaq razılığa gəlmək mümkün olmur. Rusiya öz tələblərindən geri çəkilmir, Ukrayna isə ərazilərinin azad edilməsində israrlıdır. Moskva danışıqlar masasında Krımı Rusiya ərazisi kimi tanımağı və Şərqi Ukraynadakı işğal olunmuş əraziləri saxlamağı istəyir. Lakin vəziyyət hər iki ölkə üçün çətinləşir. Amerika artıq Ukraynaya əvvəlki həcmdə dəstək vermir, Avropa ölkələri isə dəstəyi davam etdirir".
Hərbi ekspertin qənaətinə görə, müharibə sonsuza qədər davam etməyəcək, amma yaxın vaxtda bitməsi də gözlənilmir: "Danışıqlar qaçılmazdır. Hər iki tərəf danışıqlarda daha güclü mövqedə olmaq istəyir. Məhz buna görə də indi tərəflər hücumları intensivləşdirir. Ukrayna daha çox ərazi azad etməyə, Rusiya isə daha çox ərazi işğal edib daha böyük zərbələr vurmağa çalışır. Hər iki tərəfin məqsədi danışıqlar masasında üstün tərəf olmaqdır".
Nigar Xəlilli
18:40 25.05.2026
Oxunuş sayı: 54