Qərb ölkələrində müsəlmanların hüquqları niyə məhdudlaşdırılır?!
Qurban bayramına sayılı günlər qalmış bir sıra ölkələrdə dini qaydalara uyğun qurban kəsimi ilə bağlı tətbiq edilən qadağa və məhdudiyyətlər yenidən gündəmə gəlib. Bir çox Avropa ölkəsi heyvan rifahı qanunlarını əsas gətirərək ənənəvi dini kəsim üsullarına məhdudiyyət qoyub. Sloveniyada dini qaydalara uyğun kəsim tamamilə qadağan edilib. Danimarka, İsveç və Norveçdə isə heyvanın kəsimdən əvvəl keyləşdirilməsi məcburi hesab olunur. İsveçrədə dini üsulla kəsimə qoyulan qadağa hələ 1893-cü ildən qüvvədədir, lakin halal ət idxalına icazə verilir. Hindistanın bəzi ştatlarında da dini kəsimlə bağlı müxtəlif məhdudiyyətlər tətbiq olunur. Mərakeşdə isə quraqlıq və iqtisadi çətinliklər səbəbindən qurban ibadəti ilə bağlı heyvan bazarlarının fəaliyyəti məhdudlaşdırılıb. Bütün bu qərarlar müxtəlif ölkələrdə dini azadlıqlar və heyvan rifahı mövzusunda müzakirələri daha da artırıb.

Crossmedia.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli bu qadağanın tətbiqini təəssüflə qarşıladığını deyib: “İslam dininin dəyişilməz dəyərləri içərisində qurban ibadəti özəl bir yeri ifadə edir. Yəni bunun Qurani-Kərimdə ayəsi, Peyğəmbərimizin əleyhissəlatu vəssəlamın əxlaqında, yəni İslam mədəniyyətində qurbanın özəl bir yeri var. Qurban fəqirlərin, miskinlərin haqqıdır. Bu böyük ibadətə ildə bir dəfə təşəbbüs göstərilir. İnsanlar riayət edirlər və onun vasitəsilə savab qazanırlar. Amma bir tərəfdən biz qurban kəsimini insanın daxili dünyasındakı pis hissləri, mənfi düşüncələri, kini, küdurəti, həsədi, lovğalığı, o kibir damarlarını qoparıb atmaq kimi görürük ki, bu da Qurani-Kərimin bir ayəsi ilə ifadə olunur: “Kəsdiyiniz qurbanların nə əti, nə də qanı Allah dərgahına çatmaz”. Yəni kəsdiyiniz heyvanların əti, qanı Allaha çatmır. İçinizdəki təqva, o Allah qorxusu, Allah sevgisi, o hisslərdir. Əsas niyyətiniz də Allaha çatır”.
İlahiyyatçının sözlərinə görə, bir tərəfdən insanın, cəmiyyətin və insanlığın tərbiyəsini bu bəndlərin, ayələrin içərisində görürük. Digər tərəfdən də gördüyümüz kimi, dünyanın kapitalist şüurunun meydana girdiyinin və bunun böyük bir əngələ çevrildiyinin şahidi oluruq: “Halallıqda heyvanlar ən gözəli seçilməli, ən gözəl şəkildə də kəsilməlidir. Onu uyuşdurmaq, keyləşdirmək, yarı ölü vəziyyətə gətirmək dinimiz tərəfindən əsla caiz görülmür. Tam tərsinə, o heyvanı heyvanlıqdan qurtarmaq, onu qurban halına gətirmək bir yönü ilə ibadət sayılır. Ümumiyyətlə, Həzrət İbrahimin dövründə İsmayıl əleyhissəlamın şəxsiyyətinə endirilən qurban onun dövründəki insan qətllərinə, insan qırğınlarına son qoymaq üçün endirilirdi. Bu işin bir tərəfi də əslində bununla bağlıdır. Ola bilsin ki, dünyada heyvansevərlər ordusu vardır. Onlar heyvana çox önəm verirlər, əhəmiyyət verirlər, amma dünyada milyonlarla aclıqdan ölən insanlara əhəmiyyət vermirlər. Yəni bu, Avropanın birtərəfli baxışının bir ifadəsidir. Bu gün Afrikada təbii ki, on milyonlarla insan aclıqdan ölür və bunun birbaşa səbəbi təbii ki, Avropanın kirlilikləridir. Bu ölkələrin varlığını, dövlətini, sərvətini sümürüb aparırlar və digər tərəfdən də heyvan sevgilərini ortaya qoymağa çalışırlar. Və bütün bunlar yenə də insan nəslinə, Adəm babamızın nəslinə ikinci bir zərbə vurur. Odur ki, İslam dini bu kimi əngəlləri məqbul görmür. Tam tərsinə, İslam mədəniyyətində qurban kəsmək şərəfli bir iş sayılır, zəngin insanları təşviq edir. Onlar bu işdə daha çox qollarını çırmalamalıdırlar. Adı çəkilən ölkələrə gəldikdə isə deməliyəm ki, orada da yaşayan müsəlmanlar. Həmin müsəlmanlar üçün bu məhdudiyyətlər xeyli ağırdır".
A.Hacıbəyli vurğulayıb ki, bu, böyük bir hüquq pozuntusudur: “Bir tərəfdən din azadlığı, bir tərəfdən insan azadlığı deyirlər, digər tərəfdən də insanların inanclarındakı bu məqamlara çox böyük əngəllər çıxarırlar. Beləcə bir paradoksallığın, ciddi ziddiyyətin şahidi oluruq”.
Fatimə Məmmədova
18:01 25.05.2026
Oxunuş sayı: 48