KİV: Rusiya- Ukrayna müharibəsi Avropanı "darmadağın etdi"
Rusiyanın Ukraynaya qarşı başlatdığı tammiqyaslı müharibə Avropada siyasi, iqtisadi və hərbi kursun yenidən formalaşmasına səbəb olub.
Crossmedia.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat verib.
Nəşrin geniş təhlilinə görə, qitə ölkələri enerji təhlükəsizliyi, müdafiə strategiyası və Rusiya ilə münasibətlərə yanaşmalarını əsaslı şəkildə dəyişməyə məcbur qalıblar.
İqtisadi transformasiya və enerji şoku
Müharibə nəticəsində Rusiyanın təbii qazından asılılığın kəskin azalması enerji qiymətlərinin artmasına gətirib çıxarıb. Bu isə xüsusilə kimya və ağır sənaye kimi enerji tutumlu sahələrə ciddi zərbə vurub.
Avropa ölkələri alternativ enerji mənbələrinə yönəlib, yeni LNG terminalları inşa edib və resurs axınlarını yenidən istiqamətləndirib.
"SKW Stickstoffwerke Piesteritz GmbH"-nin İdarə Heyətinin sədri Petr Zingr bildirib ki, artıq məsələ mənfəət və ya investisiya azlığı deyil, sadəcə yaşamaq məsələsidir.
Analitiklər hesab edir ki, Rusiya ilə ticarət əlaqələrinin müharibədən əvvəlki səviyyəyə qayıtması real görünmür.

Müdafiə siyasətində dönüş
Avropa ölkələri faktiki olaraq müdafiə rejiminə keçib. NATO üzvləri müdafiə xərclərini artıraraq ÜDM-in 5%-nə qədər yüksəltmək barədə razılığa gəliblər. NATO-ya qoşulan Finlandiya və İsveç onilliklər davam edən neytrallıq siyasətindən imtina ediblər. Almaniya isə rekord həcmdə – 50 milyard avro dəyərində hərbi müqavilələri təsdiqləyərək və hərbi xidməti bərpa edərək əsas təhlükəsizlik oyunçularından birinə çevrilib. Aİ-nin Texnoloji Suverenlik, Təhlükəsizlik və Demokratiya üzrə icraçı vitse-prezidenti Henna Virkkunen bildirib ki, ən böyük dəyişiklik Avropanın oyanması və geniş cəbhədə müdafiə rejiminə keçməsidir.
Rusiyaya baxış dəyişdi
Müharibə Avropada Rusiya ilə bağlı əvvəlki illüziyaları dağıdıb. Şərqi Avropa ölkələrinin – xüsusilə Polşa və Baltikyanı dövlətlərin – uzun illər səsləndirdiyi xəbərdarlıqlar artıq daha ciddi qəbul olunur. NATO-nun keçmiş sözçüsü Oana Lungesku Rusiyanı imperial ekspansionist layihə kimi xarakterizə edib.

NATO-dan sərt mesaj
NATO-nun baş katibi Mark Rutte Rusiyanın Ukraynadakı irəliləyişini istehzalı şəkildə tənqid edərək bildirib ki, Moskva qüdrətli ayı kimi davranır, lakin Ukraynada bağ ilbizi sürəti ilə irəliləyir. Eyni zamanda, ABŞ-də prezident Donald Trampın siyasəti fonunda Avropada Vaşinqtonun nüvə çətirinə alternativ axtarışları da güclənib. Hazırda qitədə yalnız Fransa və Birləşmiş Krallıq nüvə silahına malikdir. Ukraynadakı müharibə Avropanı həm iqtisadi, həm də təhlükəsizlik baxımından yeni mərhələyə keçirib. Enerji asılılığının azaldılması, müdafiə xərclərinin artırılması və Rusiyaya münasibətin sərtləşməsi qitənin gələcək strateji kursunu müəyyən edən əsas faktorlar kimi qiymətləndirilir.
18:02 13.02.2026
Oxunuş sayı: 561