Rusiyaya ANOMAL İSTİ QIŞ gəlir – Sinoptiklər xəbərdarlıq etdi
Rusiyanın əksər ərazilərində anomal isti və rütubətli qış gözlənilir.
Crossmedia.az xəbər verir ki, bu barədə “RIA Novosti”yə “Fobos” hava proqnozu mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets məlumat verib.
Sinoptikin proqnozuna görə, qış aylarında orta temperatur normadan 3-4 dərəcə yüksək ola bilər. İstiləşmənin daha çox Rusiyanın Mərkəzi və cənub bölgələrində hiss ediləcəyi gözlənilir.
İqlim göstəricilərindən ən böyük kənarlaşmanın fevral ayında qeydə alınacağı bildirilir. Yanvarda yağıntıların miqdarının isə normadan 30-40 faiz çox ola biləcəyi proqnozlaşdırılır.
Tişkovets bu ssenarinin əsas səbəblərindən biri kimi Sakit okeanın ekvatorial hissəsinin mərkəzi və şərq bölgələrində suyun temperaturunun artması ilə xarakterizə olunan El-Ninyo iqlim hadisəsini göstərib. Onun sözlərinə görə, bu amil qışın yalnız isti deyil, həm də rütubətli keçməsinə səbəb ola bilər.
Proqnoza əsasən, qış ərzində havanın isinməsi və güclü qar yağması ilə yanaşı, qar fırtınaları, duman və buz bağlaması kimi hava hadisələri də müşahidə oluna bilər.
Sinoptik kəskin hava dəyişikliklərinin avtomobil nəqliyyatının hərəkətinə və aviareyslərə təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, daha əvvəl meteoroloq Aleksandr Sergeyev bu il Rusiyanın bəzi bölgələrində “babye leto” kimi tanınan qısa isti dövrün qeyri-adi dərəcədə qısa olacağını bildirmişdi. Onun sözlərinə görə, növbəti həftə ərzində Moskvada isti hava gözlənilsə də, daha sonra havanın soyuyacağı proqnozlaşdırılır.
10:57 12.09.2026
Oxunuş sayı: 48