Rusiyada ibtidai sinif şagirdlərinə süni intellekt qadağası
Rusiyada ibtidai sinif şagirdlərinin məktəblərdə süni intellektdən istifadə etməsi tövsiyə edilmir.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə Rusiya Təhsil Nazirliyinin metodiki tövsiyələrinə istinadən məlumat yayıb.
Tövsiyələrə əsasən, 5-9-cu sinif şagirdləri məlumat axtarışı, mürəkkəb anlayışların izahı və fərziyyələrin yoxlanılması üçün süni intellekt xidmətlərindən istifadə edə bilərlər.
10-11-ci siniflərdə isə bu imkanlar daha da genişləndirilir. Şagirdlər layihə və tədqiqat işləri çərçivəsində böyük həcmli məlumatların təhlili, proqnoz modellərinin qurulması, hesablamaların avtomatlaşdırılması və tədqiqat nəticələrinin təqdimatı üçün vizual materialların hazırlanmasında süni intellektdən istifadə edə bilərlər.
Bununla belə, müəllimlər şagirdlərdə analiz, arqumentasiya və yaradıcı düşünmə bacarıqlarının inkişafına yönəlmiş tapşırıqlar zamanı süni intellektdən istifadəyə məhdudiyyət qoya bilərlər.
Aralıq və yekun attestasiyalar zamanı süni intellekt texnologiyalarından istifadəyə icazə verilmir.
Qeyd edək ki, bundan əvvəl Rusiyada 8-ci sinif şagirdləri üçün süni intellektdən istifadə edilərək hazırlanmış ilk kimya videokursu istifadəyə verilib.
11:56 12.09.2026
Oxunuş sayı: 46