Amerikanın aparıcı media orqanlarından biri olan The Washington Post ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Azərbaycan və Ermənistana səfəri ilə bağlı paylaşımında diqqətçəkən səhvə yol verib.
Crossmedia.az xəbər verir ki, nəşrin X sosial şəbəkəsində yayımladığı yazıda Cənubi Qafqaz regionu “Rusiya” kimi təqdim edilib. Paylaşımda bildirilirdi ki, vitse-prezident Cey Di Vens “Rusiyanın Cənubi Qafqazına” iki günlük səfəri çərçivəsində “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu”ndan danışıb.
Məqalədə Ermənistan ərazisindən keçərək Azərbaycanı Türkiyə ilə birləşdirəcək, Rusiya və İrandan yan keçən 42 kilometrlik nəqliyyat qovşağının yaradılması planlarından bəhs olunurdu. Lakin “Rusiyadan yan keçən marşrutun Rusiyanın Cənubi Qafqazından keçməsi” ilə bağlı ifadədəki ziddiyyət izah edilməyib.
Qeyd olunur ki, bu hadisə qəzetdə işçilərin üçdə birinin ixtisar edilməsindən cəmi bir həftə sonra baş verib.
Ertəsi gün nəşrin sosial şəbəkə hesabında düzəliş edilmiş yeni paylaşım yayımlanıb və səhv ifadə aradan qaldırılıb.
