ABŞ-nin “Hilton” şirkəti Almaniyada yerləşən Hilton Frankfurt Gravenbruch otelinin idarə olunması ilə bağlı daxili araşdırmaya start verib. Araşdırma, otelin mümkün sahiblik strukturu və bunun ABŞ sanksiyaları ilə əlaqəli risklər yaradıb-yaratmadığını müəyyənləşdirmək məqsədi daşıyır.
Crossmedia.az xəbər verir ki, məsələ “Bloomberg” nəşrinin yaydığı məlumatdan sonra gündəmə gəlib. Bildirilib ki, otelin rəsmi sahibi Almaniyada qeydiyyatdan keçmiş şirkət olsa da, medianın iddiasına görə, son faydalanan şəxs İran İslam Respublikasının ali rəhbəri Əli Xameneyinin ikinci oğlu Müctəba Xameneyidir.
Hilton şirkəti hazırda bu obyektin idarə olunmasının ABŞ-nin İrana qarşı tətbiq etdiyi sanksiyaları pozmaq riski yaradıb-yaratmadığını qiymətləndirir. Şirkət mümkün hüquqi və reputasiya risklərini araşdıraraq əməkdaşlığın davam etdirilib-etdirilməməsi ilə bağlı qərar verməyi planlaşdırır.
Mövzu ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik əlavə açıqlama verilməyib.