Küçə ticarəti: Əlçatan bazar, yoxsa xəstəlik mənbəyi? - ARAŞDIRMA
Müasir şəhər həyatında küçə ticarəti, xüsusilə də küçə qidaları sosial-iqtisadi dinamikanın ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Minlərlə insan üçün bu fəaliyyət həm gəlir mənbəyi, həm də əlçatan və ucuz qida təminatı funksiyasını yerinə yetirir. Sürətli urbanizasiya, iş rejiminin intensivləşməsi və əhalinin mobil həyat tərzi küçə qidalarına tələbatı daha da artırmışdır. Lakin bu proses eyni zamanda qida təhlükəsizliyi, ictimai sağlamlıq və sanitariya normaları baxımından ciddi risk faktorlarını da gündəmə gətirir.
Küçə ticarəti iqtisadi baxımdan qeyri-formal məşğulluğun geniş yayılmış forması olmaqla, xüsusilə aşağı gəlirli təbəqələr üçün alternativ dolanışıq vasitəsi yaradır və mikro sahibkarlığın inkişafına şərait formalaşdırır. Digər tərəfdən, rəsmi nəzarət mexanizmlərindən kənarda fəaliyyət göstərən bu sektor vergi itkilərinə, rəqabət mühitinin pozulmasına və istehlakçı hüquqlarının zəifləməsinə səbəb ola bilir. Eyni zamanda, gigiyenik şəraitin zəif olması, məhsulların düzgün saxlanılmaması və istilik rejiminə əməl olunmaması mikrobioloji çirklənmə riskini artıraraq qida zəhərlənmələrinin yayılmasına zəmin yaradır.
Bu baxımdan küçə ticarəti ikili xarakter daşıyır: bir tərəfdən sosial-iqtisadi ehtiyacların məhsulu kimi çıxış edir, digər tərəfdən isə qida təhlükəsizliyi sisteminin zəif halqası olaraq ictimai sağlamlıq üçün potensial təhlükə mənbəyinə çevrilir. Məhz bu səbəbdən küçə qidalarının müsbət və mənfi tərəflərinin elmi əsaslarla araşdırılması, həm iqtisadi səmərəlilik, həm də qida təhlükəsizliyi kontekstində balanslı yanaşmaların formalaşdırılması müasir qida siyasətinin vacib istiqamətlərindən biri hesab olunur.

Məsələ ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sorğumuza cavab olaraq küçədə, yol kənarlarında qanunsuz şəkildə heç bir sanitar-gigiyenik tələblərə əməl olunmadan qida məhsullarının, xüsusilə yüksək riskli heyvan mənşəli məhsulların (ət , toyuq, süd) satışının yolverilməz olduğu qeyd edilib: "Antisanitar vəziyyətdə istehlak edilən bu cür qidalar insan həyat və sağlamlığı üçün real təhlükə mənbəyidir və istehlakı tövsiyə edilmir. Qida subyekti istehlakçıya məhsulu tam təhlükəsiz şəkildə təqdim edilməlidir".
Qurum həmçinin qanunsuz küçə ticarətinə qarşı mübarizə aparılması üçün vətəndaşlardan aidiyyəti üzrə yerli icra orqanlarına müraciət etmələri bildirilib.

Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla isə bildirib ki, küçə ticarəti dünyanın əksər ölkələrində mövcuddur və buna hətta ABŞ kimi inkişaf etmiş ölkələrdə də rast gəlinir: "Bu, ümumilikdə ticarətin bir formasıdır. Lakin qida məhsullarının açıq havada və xüsusilə də günəş şüaları altında satılması müəyyən sanitar və təhlükəsizlik standartlarına cavab verməlidir. Tez xarab olan, temperaturun və günəş şüalarının təsiri ilə keyfiyyətini itirən qida məhsullarının bu şəkildə satılması yolverilməzdir. Belə məhsulların açıq şəraitdə təqdim edilməsi həm onların tərkibinin dəyişməsinə, həm də insan sağlamlığı üçün risklərin yaranmasına səbəb ola bilər. Ümumiyyətlə, bu məsələyə müxtəlif ölkələrdə fərqli yanaşmalar mövcuddur".
Professorun sözlərinə görə, elə ölkələr var ki, orada qida məhsullarının küçələrdə pərakəndə satışı tamamilə qadağandır və bu məhsullar yalnız xüsusi ayrılmış ərzaq mağazalarında və marketlərdə satılır: "Digər tərəfdən, xüsusilə iri bazarların geniş yayıldığı və inkişaf səviyyəsi nisbətən aşağı olan ölkələrdə küçə ticarəti daha geniş yayılıb. İstənilən halda, küçə ticarəti müəyyən mənada ölkənin sosial-iqtisadi vəziyyəti haqqında da məlumat verən göstəricidir. Lakin bu sahədə nəzarətsizliyə və qayda pozuntularına göz yummaq olmaz. Burada əsas məqsəd həmin məhsullardan istifadə edən əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunması olmalıdır. Bu məsələdə dünya təcrübəsinə istinad etmək vacibdir. Necə ki, beynəlxalq praktikada bu sahə konkret qaydalar və standartlar əsasında tənzimlənirsə, biz də eyni prinsipləri tətbiq etməliyik.

Qida təhlükəsizliyi baxımından qida üzrə ekspert Fərid Səfərov söyləyib ki, küçə ticarəti ilə satılan ərzaq məhsulları, xüsusilə meyvə-tərəvəzlər qida təhlükəsizliyi baxımından müəyyən risklər daşıyır: "Bu risklər məhsulun mənşəyindən tutmuş satış şəraitinə qədər bir çox mərhələdə yaranır. Əsas təhlükələrdən biri mənşə və nəzarətsizliklə bağlıdır. Küçə satıcılarının çoxunda məhsulun harada və necə yetişdirildiyinə dair rəsmi məlumat olmur. Pestisidlərin normadan artıq istifadəsi, torpağın ağır metallarla çirklənməsi və ya texniki -heyvan yemi üçün nəzərdə tutulan- məhsulların insan qidası kimi satılması riski mövcuddur. Həmçinin saxlanma və temperatur rejiminə də diqqət etmək lazımdır.Meyvə-tərəvəzlər açıq havada, günəş altında, toz-torpaq içində saxlanır. Bu, vitamin itkisi ilə yanaşı, mikroorqanizmlərin (bakteriya, kif, maya) sürətlə çoxalmasına şərait yaradır. Xüsusilə kəsilmiş meyvələr və hazır qidalar daha yüksək risk daşıyır. Bundan başqa, satıcıların əl gigiyenası, məhsulun yuyulmaması, pulla eyni əllə qidaya toxunulması çirklənməni artırır. Bu yolla E.coli, Salmonella, Listeria kimi patogenlərin ötürülmə ehtimalı yüksəlir. Nəzərə almaq lazımdır ki, küçə kənarlarında satılan məhsullar avtomobil qazları, ağır metallarla zəngin toz və hava çirkləndiricilərinə məruz qalır. Bu çirklənmə uzunmüddətli istifadə zamanı sağlamlıq üçün təhlükə yarada bilər.
O, ölkəmizdəki durum barədə də danışıb: "Azərbaycanda qida təhlükəsizliyi sahəsində rəsmi nəzarət mexanizmləri mövcuddur və bazarlar, supermarketlər daha çox yoxlamaya cəlb olunur. Küçə ticarəti isə əsasən qeyri-rəsmi olduğundan nəzarət zəifdir, bu da riskləri artırır. Müəyyən reydlər aparılsa da, problem tam aradan qalxmayıb.Küçə ticarətində satılan meyvə-tərəvəzlər ucuz və əlçatan olsa da, sağlamlıq baxımından potensial təhlükələr daşıyır. İstehlakçılar məhsulu mütləq yaxşı yumağa, mümkün olduqda qabığını soymağa və daha çox rəsmi satış nöqtələrinə üstünlük verməyə çalışmalıdırlar. Bu, xüsusilə uşaqlar, hamilə qadınlar və immun sistemi zəif olan şəxslər üçün daha önəmlidir".

İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, həm nəzəri araşdırmalar, həm də təcrübə təhlilləri göstərir ki, bəzi ölkələrdə insan kapitalı zəif inkişaf edib, ixtisaslı işçi qüvvəsi azdır, sənayeləşmə səviyyəsi aşağıdır və iqtisadiyyatın inkişafı zəifdir: "Bu ölkələrdə əmək bazarında tələb də zəif olur. Nəticədə, insanlar müəyyən fəaliyyət istiqamətlərinə — məsələn, küçə ticarəti və taksi xidmətlərinə — daha çox meylli olurlar. Azərbaycanda da son illərdə əmək bazarındakı çətinliklər, iqtisadi artımın zəifləməsi və pərakəndə ticarət, xidmət sektorunda təmərküzləşmə və monopolistlik meyllərinin artması fərdi sahibkarlıq imkanlarını qismən məhdudlaşdırır. Bu faktorlar fonunda, xüsusilə pandemiyadan sonra, küçə ticarəti və taksi xidmətləri insanların çıxış yolu olaraq önə çıxıb. Küçə ticarəti xərcləri nisbətən aşağı olan bir fəaliyyət növüdür. Burada infrastruktur və kommunal xərclər minimaldır və kiçik miqyasda təşkil olunduqda, ailələrin dolanışığını təmin etməyə imkan verir. Dünya təcrübəsində küçə ticarətinin müxtəlif formaları mövcuddur. Hətta inkişaf etmiş ölkələrdə və turizm mərkəzlərində bu fəaliyyət planlı şəkildə təşkil olunaraq turizm məhsulu kimi təqdim edilir. Avropa ölkələrinin mərkəzi şəhərlərində belə, küçə ticarəti qanuni şəkildə fəaliyyət göstərir və işçilərin sosial hüquqları qorunur".
Ekspert, həmçinin Azərbaycanda küçə ticarəti ilə mübarizənin yalnız maraqlar əsasında deyil, fəaliyyətin qanuniliyini təmin edən, işçilərin sosial müdafiəsini əhatə edən mexanizmlər üzərində qurulmalı olduğunu qeyd edib: "Hazırkı iqtisadi vəziyyət, əmək bazarındakı çatışmazlıqlar insanları müxtəlif dolanışıq yolları axtarmağa sövq edir. Bu baxımdan Azərbaycan, küçə ticarətini məşğulluq aləti kimi görməli, eyni zamanda hüquqi tənzimləmə və nəzarət mexanizmlərini peşəkar şəkildə tətbiq etməlidir".
Beləliklə, aparılan araşdırmadan məlum olur ki, küçə ticarəti bir çox halda iqtisadi baxımdan əlverişli hesab olunsa da, gigiyenik baxımdan o qədər etibarlı deyil. Bu isə küçə ticarəti mövzusunun aktuallığını qoruyur. Hər halda bir çox kiçik sahibkar özlərinin dediyi kimi "çörək pulu" qazanırlar. Onları nə qınamaq olar, nə də tənqid etmək. Əksinə, şərait yaratmaq lazımdır. Buna baxmayaraq, küçə ticarəti ilə məşğul olanlar da istehlakçıların sağlamlığını nəzərə almalıdırlar. Onda alan da qazanar, satan da...
14:08 26.01.2026
Oxunuş sayı: 537