Berlində şagirdlərə 20 Yanvar faciəsindən danışılıb
Almaniyanın Berlin şəhərində fəaliyyət göstərən Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunan xüsusi dərslər keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Dərslər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, qəhrəman şəhidlərimizin əziz xatirəsinin dərin ehtiramla yad edilməsi ilə başlayıb.
Şagirdlərə Azərbaycan xalqının azadlıq mübarizəsinin rəmzinə çevrilən 20 Yanvar hadisələrinin tarixi əhəmiyyətindən bəhs olunub. Faciənin başvermə səbəbləri, ağır nəticələri, eyni zamanda xalqımızın göstərdiyi qəhrəmanlıq, milli iradə və birlik ruhu barədə ətraflı məlumat verilib. Həmçinin 20 Yanvar faciəsini əks etdirən foto və video materiallar nümayiş olunub. Bu vizual materiallar uşaqlarda həmin dövrün tarixi reallıqlarını daha dərindən anlamağa, faciənin miqyasını və xalqımızın yaşadığı ağrını hiss etməyə imkan yaradıb.
Şagirdlər dərs zamanı şəhidlərimizin əziz xatirəsinə ehtiram göstərərək qərənfillər hazırlayıblar. Bu əl işləri uşaqların faciəyə, milli yaddaşımıza və qəhrəmanlarımıza olan hörmətini ifadə edib.
15:40 21.01.2026
Oxunuş sayı: 335