Nazir: Süni intellekt sahəsi daim diqqət və təkmilləşdirmə tələb edir
Azərbaycanın Elm və Təhsil Nazirliyi süni intellektin tətbiqi ilə bağlı bir sıra layihələr həyata keçirir. Bu barədə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, süni intellektin geniş tətbiqi üçün əsas şərtlərdən biri müvafiq məlumatlar sisteminin mövcudluğudur. “Yəni, müxtəlif elmi məlumatlar sistemli şəkildə toplanmalı və zəruri baza formalaşdırılmalıdır. Belə bir baza artıq mövcuddur. Bu gün biz Azərbaycanın təhsil sistemi üzrə dərsliklərin süni intellekt tərəfindən tanınmasını təmin etmişik”, – deyə nazir qeyd edib.
Elm və təhsil naziri şagirdlərin dərs cədvəli və ev tapşırıqları ilə tanış ola bildiyi, valideynlərin uşaqlarının nailiyyətlərini izlədiyi, müəllimlərin isə elektron jurnaldan istifadə etdiyi “Rəqəmsal məktəb” təhsil onlayn-platformasının əhəmiyyətini vurğulayıb.
Nazirin fikrincə, hazırda Azərbaycan məktəbliləri tətbiqlər vasitəsilə xüsusilə də tarix və Azərbaycan dili fənləri üzrə yoxlanılmış məlumatlara hər zaman da çıxış əldə etmirlər.
E.Əmrullayev bildirib ki, yaxın vaxtlarda süni intellekt yerli pedaqoqlar tərəfindən yoxlanılmış parametrlər və metodologiya əsasında sorğulara cavablar təqdim etməyə başlayacaq.
Bununla yanaşı, o əlavə edib ki, süni intellekt sahəsi daim diqqət və təkmilləşdirmə tələb edir. “2027-ci ildən etibarən Azərbaycanda təhsilin inkişafı üzrə qüvvədə olan Dövlət Strategiyasının ikinci mərhələsinin icrasına başlanacaq və bu mərhələdə süni intellekt ayrıca istiqamət kimi müəyyən ediləcək”, – deyə nazir vurğulayıb. (Azərtac)
07:34 22.01.2026
Oxunuş sayı: 962