Müstəqilliyə aparan yolun 20 Yanvar səhifəsi: qürur və şərəf tariximiz necə yazıldı?
80-ci illərdə İttifaq respublikalarında, xüsusilə türk respublikalarında Mərkəzin yerlərdə milli kadrlara, əhalinin müxtəlif təbəqələrinə qərəzli münasibət bəsləməsi, onların hüquq və azadlıqlarının kobud şəkildə pozulması hallarına tez-tez rast gəlinirdi. M.Qorbaçov SSRİ-nin türk respublikalarının rəhbərlərinə etibar etmir, həmin respublikaların müstəqilliklərini elan edəcəklərindən qorxurdu. O, Brejnev, Andropov və Çernenkonun hakimiyyəti illərində türk respublikaları üzərində Moskvanın nəzarətinin zəiflədildiyi qənaətində idi. Buna görə də özünün elan etdiyi “Yenidənqurma” və “Aşkarlıq” siyasətini həyata keçirərkən bu respublikalardakı türk rəhbərlərini dəyişdirdi. Onları yeniləri ilə əvəz edərək öz təsiri altında saxlamağa çalışdı. Hələ 1983-cü ildə Özbəkistanda qondarma “Pambıq işi” adı ilə uzun illər MK I katib işləmiş Şərəf Rəşidovun vəzifəsindən uzaqlaşdırılması, eləcə də 1986-cı ildə Qazaxıstanda Kunayevin Kolbinlə əvəzlənməsi bunun bariz nümunəsi idi.
M.Qorbaçov həmçinin Siyasi büro üzvü olan türk xadimlərinə
də inamsız yanaşırdı. Onun işarəsi ilə qatı millətçi erməni dairələrinin
Heydər Əliyevin əleyhinə qarşı başladıqları çirkin kampaniya az sonra öz nəticəsini
verdi. Erməni alimləri Heydər Əliyevi guya antierməni siyasəti yeritməkdə,
pantürkist məktəb, millətçi azərbaycanlı gənclər və alimlər məktəbi yaratmaqda
ittiham edir, böhtan dolu şikayət məktublarını Sov. İKP MK-nın baş katibi
M.S.Qorbaçova göndərirdilər. Məktub müəllifləri Heydər Əliyevi türkçülükdə və
pantürkizmdə təqsirləndirirdilər. 400 min erməni Heydər Əliyevin əleyhinə olan
məktuba imza ataraq Moskvaya göndərmişdi. Erməni xadimləri Heydər Əliyevin
hakimiyyətdən uzaqlaşdırılmasını, müttəhimlər kürsüsündə oturdulmasını istəyir,
onu Azərbaycanı türkləşdirməkdə ittiham edir, Kremldəki “türk paşası”
adlandırırdılar. Akademik Suren Ayvazyan 1987-ci ilin mart ayında M.S.Qorbaçova
yazdığı məktubunda Heydər Əliyevi 1969-1982-ci illərdə pantürkizm siyasəti
yürütməkdə təqsirləndirir, cinayət məsuliyyətinə cəlb edilərək müttəhimlər
kürsüsündə oturdulmasını tələb edirdi.
Nəticədə, Sov. İKP MK-nın 1987-ci il oktyabr
plenumunda Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ
Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdi. SSRİ
Ali Sovetinin Rəyasət Heyəti səhhəti ilə əlaqədar olaraq pensiyaya getməyə
dair onun SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən azad
edilməsi barəsində xahişini yerinə yetirdi.
İmperiyanın xalqlar arasında münaqişə yaratmaq
siyasəti türk xalqlarına münasibətdə özünü daha qabarıq formada göstərirdi.
1988-ci il fevralın 18-də etdiyi çıxışında M.Qorbaçov SSRİ-də milli münasibətlər
məsələsinə baxılmasının vacib-liyini vurğuladı. Əslində bu, müttəfiq
respublikaların ittifaqdan ayrılması cəhdlərinə mane olmaq və Sov.İKP MK Siyasi
Bürosundan uzaqlaşdırdığı rəqiblərinə qarşı bir təzyiq vasitəsi idi.
M.Qorbaçov elan etdiyi demokratiya, aşkarlıq və yenidənqurma siyasətindən istifadə edərək rəqiblərini bir-birinin ardınca sıradan çıxarmağa başlamışdı. Qorbaçov çoxdanışan, lakin az iş görən, zəif, məhdud düşüncəli, erməni siyasi xadimlərinin təsiri altında olan bir dövlət rəhbəri idi. O, mövcud problemləri həll etmək əvəzinə onları özündən əvvəlki rəhbərlərin üstünə yıxırdı. Ölkə isə belə hərəkətlərə hazır deyildi. M.Qorbaçovun qeyri-adıcıl, zəif və səriştəsiz siyasəti SSRİ-də vəziy-yəti daha da ağırlaşdırırdı.
Siyasi hakimiyyətin zəifləməsi ilə ölkə ərazisində milli-etnik münaqişələrin meydana gəlməsi SSRİ-nin süni şəkildə, güc tətbiq etməklə, xalqların milli-tarixi xüsusiyyətləri və reallıqları nəzərə alınmadan yaradılmış bir dövlət olduğunu bir daha sübut edirdi. Respublikalarda milli mənliyini dərk edən, milli ideyanın təbliği ilə məşğul olan ziyalı təbəqəsinin formalaşması müstəqillik və suverenlik uğrunda mübarizəni təşkilatlanmış şəkildə aparmağa imkan verirdi. Xüsusilə türk respublikalarına, türk xalqlarına qarşı mənfi münasibətini gizlətməyən M.Qorbaçova qarşı kin, nifrət duyğuları ən yüksək səviyyəyə çatmışdı.
80-cı illərin ikinici yarısından etibarən
M.Qorbaçovun SSRİ-ni qoruyub saxlamaq istiqamətində həyata keçirdiyi
demokratikləşmə, yenidənqurma və aşkarlıq siyasəti heç bir nəticə vermədi. Mərkəzi
hökumət və Kommunist Partiyası güc strukturlarının vasitəsi ilə dinc vətəndaşlara
qarşı kütləvi zorakılıq tətbiq etməklə özünü xalqların gözündən daha da
saldı, olan inamı sarsıldı. Respublikalar ilə Mərkəz arasında siyasi və
iqtisadi əlaqələr qırılmağa başladı.
Sovet hökuməti ölkə daxilində mövcudluğunu
ideoloji baxımdan Sov.İKP-nin hakim rolu, güc baxımından ordu və təhlükəsizliyin,
milli münasibətlər baxımından xalqlar dostluğunun, iqtisadi baxımdan mərkəzləşdirilmiş
iqtisadiyyatı sərtləşdirmək sayəsində qoruyurdu. SSRİ beynəlxalq mövqelərini
xalqın müflisləşməsi hesabına aparılan və baha başa gələn sürətlə
silahlanma proqramlarını artıraraq saxlayırdı. Lakin ölkədə yaranmış ağır
sosial-iqtisadi vəziyyətdən narazılıq, Kommunist Partiyasının hakim roluna və
orduya qarşı təbliğat aparılması artırdı.
80-ci illərin sonlarında ölkənin milli münasibətlər baxımından ən narahat regionları Cənubi Qafqaz və Baltikyanı respublikalar idi. Bu regionlarda gedən proseslər bir sıra özünəməxsus xüsusiyyətləri ilə səciyyələnirdi. Hadisələr müxtəlif formalarda baş versə də, mahiyyətinə görə, mərkəzdənqaçma meyillərini və ölkənin dağılmağa doğru getdiyini göstərirdi. SSRİ-də baş verən proseslər zəncirvari reaksiyaya çevrilirdi.
Belə bir şəraitdə müttəfiq respublikalarda demokratik hərəkat güclənir və Xalq Cəbhələri yaradılırdı. Onların liderləri ölkədə rəhbərliyin zəif olduğunu görüb yuxarıdan inqilab və ya ciddi dəyişikliklər tələb edirdilər. Moskvada isə hazırlanacaq ölkə konstitusiyasında ediləcək düzəlişlərə görə, müttəfiq respublikaların ən minimum hüquqlarının da məhdudlaşdırılacağını bildirirdilər. Bu isə qeyri-formal təşkilatların narazılığına səbəb oldu. Ölkədə dinc tələbləri özündə əks etdirən kütləvi mitinq və nümayişlər keçirilməyə başlandı.
Bu zaman SSRİ-də milli münasibətlərdə gərginlik zəifləmir, müttəfiq respublikalarda yerli olmayan əhaliyə düşmən və nifrət hissləri bütün rayonları əhatə edirdi. Ölkədə yaranmış mövcud vəziyyət milli nifaqı qızışdırırdı. Respublikalarda mərkəzdənqaçma meyilləri güclənirdi. Müxalifət yaranmış vəziyyətdən məharətlə isti-fadə edirdi. Mitinqlər tədricən Kommunist Partiyasının və sovet hökumətinin əleyhinə çevrilərək antisovet xarakteri alır, Sov.İKP parçalanırdı.
O zaman SSRİ-nin ən zəif həlqəsini təşkil edən Cəmubi Qafqazda, daha dəqiq desək, Azərbaycanda Xalq Cəbhəsini dağıtmaq, Xalq hərəkatını boğmaq üçün ən münasib vaxt yetişmişdi. Həmin dövrdə Bakıda azadlıq hərəkatı, kommunist rejiminə və imperiya əleyhinə çıxışlar dünya ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanırdı ki, bu da Kremlə öz məkrli siyasətini həyata keçirməkdə mane olurdu. Xalq hərəkatının imicini aşağı salmaq, nüfuzunu xələl gətirmək lazım idi. Buna görə də Sumqayıt ssenarisinə bənzər bir ssenari hazırlanmışdı. Yerli milis tərk-silah edilmiş, Bakıya Mərkəzdən daxili qoşun hissələri gətirilmişdi. Bakıda vəziyyətə Moskva nəzarət edirdi. Azərbaycanlıların əli ilə təxribat törətmək, siyasi aksiyaları milli müstəviyə yönəltmək, beynəlmiləlliyi ilə şöhrət qazanmış Bakıda milli qırğın törtməklə beynəlxalq ictimai rəyi məqsədyönlü sürətdə dəyişmək və Bakı əhalisinə qarşı planlaşdırılmış cəza tədbirlərinə “haqq qazandırmaq” ssenarisi həyata keçirilirdi. Moskvanın planı üzrə 1990-cı il yanvarın 13-də Bakıda təxribatçı qüvvələr erməni talanlarına başladılar. Bir nəfər erməninin iki azərbaycanlını öldürməsi fitnəkarlıq üçün əsas oldu və iki gün ərzində Bakıda süni şəkildə erməni talanı təşkil edildi. Mərkəz tərəfindən düşünülmüş və taktiki baxımdan hərtərəfli hazırlanmış bu məkrli plan ssenari üzrə aparıldı. Lakin M.Qorbaçov “Həyat və islahatlar” adlı əsərində yazır ki, “yanvarın 13-də axşam saatlarında Bakı şəhərində xuliqan ünsürlərdən iba-rət qruplar insan tələfatına səbəb olan iğtişaşlar törətdilər. İğtişaşlar zamanı insanlar, əsasən ermənilər cinayətkarların əli ilə həlak olmuş, onlarla yaralı qeydə alınmışdır. Təcili tədbirlər tələb olunurdu. Hakimiyyət asayişi bərpa etməyə çalışırdı. Lakin daxili çəkişmələr və parçalanma onların fəaliyyətini və vəziyyətə nəzarət etmək imkanlarını iflic etdi. Yanvarın 15-də Azərbaycan KP MK-nın Bürosu Bakıda vəziyyətin normallaşdırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilməsinə dair qə-rar qəbul etdi. Qərarda cinayətkar ünsürlərin respublikada sabitliyi pozmaq yolu ilə məkrli planlarını açıq şəkildə həyata keçirdikləri, Dağlıq Qarabağ və ətraf rayon-larda vəziyyətin kəskin pisləşməsindən yararlanmaqla Bakıda ehtirasları alovlandırdıqları, bəzi şəxsləri sövdələşməyə cəlb etdikləri qeyd edilirdi.
O zaman ayrı-ayrı dəstələrin
cinayətkar əməllərinin qarşısını almaq üçün ali hakimiyyət və hüquq-mühafizə
orqanları tərəfindən heç bir tədbir görülmədi. 12 minlik Bakı qarnizonunun
qüvvələri isə bunun qarşısını almağa heç cəhd də göstərmədilər. AXC İdarə
Heyəti bəyanatında bu cinayətləri qətiyyətlə pislədi, onların səbəblərini
göstərdi və qeyd etdi ki, AXC humanizm, demokratiya, insan hüquqlarının
müdafisi prinsiplərinə əsaslanır. Əhalinin köməyi ilə ermənilərin çoxu evlərdə,
məscidlərdə, hərbi hissələrdə sığınacaq tapmışdılar. Milli hərəkat fəalların
köməyi ilə 30 mindən çox erməni Bakıdan Krasnovodska təxliyə edildi. Yanvarın
15-də Milli Müdafiə Şurasının özünümüdafiə dəstələri artıq şəhərə tam nəzarət
edirdi. Bu zaman respublika idarəolunmaz həddə çatmışdı. Baş verən proseslərin
qarşısını almaq üçün yanvarın 17-dən etibarən Azərbaycana əlavə sovet hərbi
hissələri gətirilməyə başlandı. Azərbaycana yeridilən sovet əsgərlərinin sayı
yanvarın 19-da artıq 24 min nəfərə çatmışdı. Mərkəzin göstərişi və o zamanki
respublika rəhbərliyinin razılığı ilə təxribat məqsədilə “Tayfun” və
“Qasırğa” əməliyyatları hazırlanmışdı. Xalq hərəkatına rəhbərlik edənlər, o
cümlədən Xalq Cəbhəsinin təmsilçiləri isə vəziyyəti düzgün qiymətləndirmək əvəzinə
şəhərin ətrafına, o cümlədən Bakı qarnizonu ətrafında sədlər, barrikadalar
yaratmağa başladı.
O zaman Moskvanın Bakıya göndərdiyi emissarların - SSRİ Ali Soveti İttifaqlar Sovetinin sədri Y.Primakov və Sov.İKP MK katibi A.Girenkonun Azərbaycan Xalq Cəbhəsinin radikal və liberal qanadlarının nümayəndələri ilə ayrı-ayrılıqda görüşləri müsbət nəticə vermədi. Şübhəsiz ki, bu hadisələrin baş verməsi üçün AXC-nin rolu Moskva ilə razılaşmamaq və hərbi müdaxilənin vacibliyini rəsmiləşdirməyə köməklik göstərməkdən ibarət idi. Azərbaycan KP MK binası qarşısında keçirilən və üç gün davam edən izdihamlı mitinqlərdə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulması, sovet ordusunun Bakı ətrafından çıxarılıb Qarabağa göndərilməsi, respublika rəhbərliyinin istefası tələb edilirdi. Lakin Moskva Ə.Vəzirovun istefası tələbini qəti surətdə rədd etdi. A.Girenko açıqca bildirdi ki, respublika rəhbərliyini Sov.İKP MK-nın deyil, kütlələrin dəyişməsi yolverilməzdir.
M.Qorbaçov yazır ki, “onlar
Azərbaycanda vəziyyətin inkişafı ilə bağlı son dərəcə narahatedici məlumatlar
almağa başladılar. Respublikanı iğtişaşlar bürüdü. 18 rayonda hakimiyyət
orqanları sözün əsl mənasında iflic edildi. İranla sərhəddin 200
kilometrliyində sərhəd strukturları dağıdıldı. Artan mənəvi terror mühitində
Respublika Ali Soveti qərar qəbul edə bilmədi. Yanvarın 19-da Sov.İKP MK-nın,
Ali Sovetin Rəyasət Heyətinin və SSRİ
Nazirlər Sovetinin “Azərbaycan və Ermənistan xalqlarına” müraciəti dərc
olundu.
20 Yanvar faciəsinə gətirib çıxaran səbəbləri bir-bir təhlil etsək bu
cür ümumiləşdirə bilərik:
Əvvəla, Mərkəzin sovet imperiyasını, kommunist sistemini, nəyin
bahasına olursa-olsun qoruyub saxlamaq cəhdi;
İkincisi, milli respublikalarda hakimiyyəti və oyuncaq rejimləri möhkəmlətmək
cəhdi;
Üçüncüsü, SSRİ rəhbərlərinin Azərbaycan xalqı barəsində qərəzli siyasəti,
“yenidənqurma haqqında” demaqoqcasına şüarlar altında sərhədləri dəyişdirmək və
xüsusən Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdi;
Dördüncüsü, keçmiş mərkəzin mənəvi, siyasi, maliyyə və hərbi-iqtisadi
yardı-mına əsaslanan erməni separatizmi və Ermənistanın təcavüzü;
Beşincisi, Azərbaycan rəhbərlərinin xəyanətkar fəaliyyəti;
Altıncısı, ayağa qalxmış xalqa rəhbərliyi məsuliyyətsizcəsinə öz əllərinə
alanların naşılığı və siyasətbazlığı.
Respublikanın bölgələrində
də vəziyyət gərgin idi. 11 rayonda izdihamlı mitinqlər keçirilirdi. Mərkəz
Naxçıvanda da xalqa divan tutmaq məqsədilə fövqəladə vəziyyət elan edilməsi
üçün təzyiqlər göstərirdi. Lakin bütün cəhdlərə baxmayaraq, o, buna nail ola
bilmədi. Xalqın tələbi ilə Naxçıvan MSSR Ali Soveti yanvarın 19-da Muxtar
Respublikaların SSRİ tərkibindən çıxması haqqında qərar qəbul etdi.
Beləliklə, Moskva özü yerli əlaltılarının fəal köməyi ilə radikallaşmağa məcbur etdiyi xalqa divan tutmaq üçün münasib şərait yarada bildi. Fövqəladə vəziyyətin başlanma vaxtı gizli saxlanılırdı. Xalqdan fərqli olaraq, respublika rəhbərliyi yanvarın 20-nə keçən gecə Bakıya ordu yeridiləcəyindən xəbərdar idi. Həmin günlər güman edilirdi ki, ölkə rəhbərliyinin istefa verməsi gərginliyi nisbətən azaldar, adamlar barrikadaları tərk edərək dağılardılar. Komendant saatının vaxtında elan edilməsi Moskvanın planlarını poza bilərdi. Ona görə də AXC İdarə Heyəti komendant saatı tətbiq olunacağı təqdirdə müqavimət göstərmədən piketləri götürmək haqqında qərar qəbul etmişdi. Lakin radikallar adamlara “silah”, “kömək gələcəyi” haqqında yalandan vədlər verir, onları sonadək barrikadaları tərk etməməyə çağırırdılar. Piketçilər Moskvanın və respublikanın səlahiyyətli nümayəndələrinin ordunun şəhərə girməyəcəyi haqqında dəfələrlə təkrar etdikləri vədlərə inanmışdılar. Xalqa məlumatın çatdırılmaması üçün SSRİ DTK-nın “Alfa” qrupu tərəfindən yanvarın 19-da saat 19:27-də Azərbaycan televiziyasının enerji bloku partladılaraq sıradan çıxarıldı. Enerji blokunun partladılmasında başlıca məqsəd ordunun şəhərə daxil olması haqqında əhalinin məlumat ala bilməsinə əngəl olmaq idi. Görünür, sovet rəhbərliyi televiziya vasitəsilə müraciət ediləcəyindən və bütün Azərbaycan xalqının ayağa qalxacağından qorxmuşdu. Əhali baş verən hadisələrdən xəbər tuta bilmədi.
Sovet rəhbərliyi etirazları yatırtmaq üçün əsasən Rostov, Kuban, Krasnodar və Stavropolda yaşayan ehtiyat əsgər və zabitlərdən komplekləşdirilmiş qoşun hissələrinə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda dinc əhaliyə qarşı silah işlətməsi haqqında əmr verdi. Bakı şəhərinə yeridilmiş Sovet hərbi birləşmələri Ermənistanın respublikamıza qarşı ərazi iddialarının SSRİ rəhbərliyi tərəfindən açıq-aşkar dəstəklənməsinə və Azərbaycanın o zamanki rəhbərliyinin xəyanətkar siyasətinə etiraz əlaməti olaraq ayağa qalxmış xalqımıza vəhşicəsinə divan tutdu. Lakin xalqa tutulacaq divana hüquqi don geyindirmək üçün SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət rejimi tətbiq olundu. Halbuki bununla Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozurdu. Lakin Qarbaçov verdiyi qərara haqq qazandırmağa çalışırdı: “İğtişaşların təşkilatçıları Fərmana tabe olmaqdan boyun qaçıraraq Bakıya gətirilən qoşunların hərəkətlərinə hər cür müdaxilə etdilər və bu yeni qurbanlara səbəb oldu. Yanvarın 20-də mən Mərkəzi Televiziyada vəziyyəti dəyərləndirərək, ölkə rəhbərliyinin hərəkətlərini izah edərək çıxış etdim".
M.Qarbaçov xatirələrində yazır: “Bu tədbir daha çox qan tökülməsinin qarşısını almaq məqsədi daşıyırdı. Respublikanın Ali Soveti mənəvi terror şəraitində qərar qəbul etməkdə çətinlik cəkdi. İğtişaşçılar isə Bakıya yeridilən qoşunların işinə maneə törədirdilər. O, cinayətkar əməllərinə belə haqq qazandırmağa çalışırdı: “Bəzilərinin fikrincə Fövqəladə vəziyyət haqqında qərar gecikmişdi. Digərlərinə görə, Fövqəladə vəziyyətə gərək yox idi. Birincilərə cavab olaraq deməliyəm ki, respublika rəhbərliyinin başı üzərindən belə bir addım atmaq düzgün deyildi. Bu o zaman edildi ki, respublika hakimiyyət orqanlarının fəaliyyəti iflic olmuşdu. Fövqəladə halın qəbul edilməsini səhv addım hesab edənlərə deməliyəm ki, bu cür şəraitdə daha faciəli hadisələr baş verə bilərdi. Bununla biz zorakılığın qarşısını almış olduq. 90-cı illərin hadisələrindən dərs çıxarıldımı? Tərəddüd edirəm. Buna da Azərbaycan-Ermənistan müharibəsi dəlalət edir. Bütün bu faciəli hadisələrdən çıxardığım nəticə ondan ibarətdir ki, ekstremal şəraitdə hakimiyyətin güc tətbiq etməməsi mümkün deyildi.
Yanvarın 19-dan 20-ə keçən
gecə isə sovet qoşunları ağır texnikanın müşayiətilə şəhərə daxil olaraq
misli görünməmiş qanlı qırğın törətdilər. Rəsmi məlumata görə, faciə dövründə
Bakıda və respublikanın rayonlarında 131 nəfər, o cümlədən 117 azərbaycanlı, 6
rus, 3 yəhudi, 3 tatar öldürülmüş, 744 nəfər yaralanmışdı. 400 nəfər həbs
olunmuş, 12 nəfər itkin düşmüşdü. “Bakı” əməliyyatında əsasən, səhvən
bir-birini atəşə tutmaq halları ilə əlaqədar 25 nəfər hərbi qulluqçu ölmüş, 283
nəfər yaralanmışdı. Vəhşiləşmiş hərbçilər tərəfindən 200 ev və mənzil talan
edilərək yan-dırıldı, 80 avtomaşın, o cümlədən təcili tibbi yardım maşını,
külli miqdarda şəxsi və dövlət əmlakı məhv edildi. Ümumi hesablamalara görə, şəhər
təsərrüfatına və və-təndaşlara 5 milyon 637 min 286 rubl məbləğində ziyan dəymişdi.
SSRİ Müdafiə Nazirliyinin, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi “Udar”
(“Zərbə”) adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı “Alfa” və SSTİ DTK-nın
“A” təxribat qrupları oynayırdı.
Bu zaman Azərbaycan
informasiya blokadasında idi. Xalqın bu ağır günlərində, yanvarın 21-də
Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək təşkil
olunmuş yığıncaqda çıxış etdi, xalqla birgə olduğunu bildirdi, 20 yanvar faciəsinə
siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizma zidd olduğunu, Mərkəzin
və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv
olduğunu göstərdi. Lakin imperiya qanlı əməlləri ilə Azərbaycan xalqının iradəsini
qıra bilmədi. Qanlı yanvar günlərində on minlərlə kommunist partiya biletlərini
cırıb atdı, yandırdı, qaytardı.
Moskvadan gəlmiş müstəqil
ekspert qrupunun üzvləri də Bakıda silahlı müqavimət və islam faktoru izlərini
tapa bilmədilər. İslam faktoru haqqında sovet versiyası Qərbə istiqamətlənmişdi.
M.Qorbaçova Qərbdə olan simpatiya hadisələrin əsil mahiyyətini anlamağa mane
olurdu. Təsadüfi deyildir ki, C.Buş Bakıya ordu yeridilməsini özünü doğruldan
zərurət adlandırmışdı.
20 Yanvar hadisəsinin böyük
nəticələri oldu. SSRİ-nin mövcudluğuna son qoyan amillərdən biri olan 20 yanvar
hadisəsi sovet siyasi sisteminin böhranını, M.Qorbaçovun yenidənqurma siyasətinin
iflasını göstərdi və Azərbaycan xalqı ilə hakimiyyət arasında uçurumu daha da dərinləşdirdi.
Həlak olanların xatirəsinə ehtiram olaraq Azərbaycanda fabrik və zavodların 40
gün işləməməsi nəticəsində vahid təsərrüfat sistemi olan SSRİ iqtisadi baxımdan
dağılmağa başladı. Ordu və hüquq-mühafizə orqanları xalqa qarşı silah tətbiq
etməklə özlərinə nifrət qazandılar. Orduya olan inam qırıldı və ölkənin hərb
sistemi dağılmağa doğru getdi. Azərbaycanda kommunistlərin bir çoxunun Sov.İKP
üzvlüyündən imtina etməsi, partiya biletlərini cırması və yandırması ilə SSRİ-nin
ideoloji əsası da dağılmağa başladı.
SSRİ-nin dağılmasına gətirib
çıxaran və sovet ordusunun Tbilisi (1989) və Vilnusda (1991) həyata keçirdiyi cəza
əməliyyatlarından fərqli olaraq nə üçün Bakıda bu qədər genişmiqyaslı və qəddarcasına
qırğın törədildi? Özü də bütün bu qırğınların cəlladı olan Qarbaçov gürcü və
Litva xalqlarından üzr istədiyi halda, Azərbaycan xalqından nə üçün üzr istəmədi?
Fikrimizcə bunu başlıca olaraq üç amillə əlaqələndirmək olar: dini amil, Qafqaz
amili, türk amili
20 Yanvar hadisəsi Azərbaycan
xalqının həyatında dönüş mərhələsi oldu. O, bundan sonra Moskva ilə yolunun bir
olmayacağını, keçmişə qayıdışın mümkünsüzlüyünü dərk edərək, Mərkəzi və
yerli hakimiyyətə etimad bəsləmədi. Müstəqillik və milli azadlıq uğrunda mübarizə
qətiləşdi. Xalq nicat yolunu müstəqillikdə gördü.
20 Yanvar hadisələri Azərbaycanın
müstəqillik mübarizəsi tarixinə faciə və xalqımızın qəhrəmanlıq salnaməsi kimi
yazıldı. Həmin ağrılı günlər həm də sınaq dövrü kimi yadda qaldı. Azərbaycan
xalqı həmin gün azad yaşamağa layiq olduğunu bütün dünyaya sübut etdi. Bu faciə
kimin kim olduğunu da üzə çıxardı.
20 Yanvar hadisəsi nəticəsində
Vəzirov respublikadan qaçdı. Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirov
hadisələr baş verdiyi vaxt gizli şəkildə SSRİ Müdafiə Nazirliyinin Bakıda
yaradılmış xüsusi qərargahına gələrək D.Yazov və V.Bakatinlə birlikdə hərbi əməliyyata
rəhbərlik etmişdir. Yanvarın 21-də isə xalqa kifayət qədər xəyanət etmiş Ə.Vəzirov
onun üçün hazırlanmış hərbi təyyarə ilə Moskvaya qaçırıldı. Onun yerinə isə
yanvarın 25-də Nazirlər Sovetinin sədri A.Mütəllibov Azərbaycan KP KM-nın
birinci katibi seçildi.
Baltikyanı respublikaların SSRİ-dən ayrılmasının qarşısını almaq üçün sovet Vilnüs və Riqaya (yanvar, 1991) ordu hissələri yeridərək hərəkatı boğmağa cəhdlər etdi. Lakin SSRİ-nin dağılmasını dayandırmaq mümkün olmadı.
SSRİ-nin mövcudluğuna son qoyan amillərdən biri 20 yanvar hadisəsi oldu. Bu, SSRİ siyasi sisteminin böhranını və M.Qorbaçovun yenidənqurma siyasətinin iflasını göstərdi. 20 Yanvar hadisəsi sovet hakimiyyətinin vətəndaşlarına qarşı törətdiyi ağır cinayət idi. Azərbaycan xalqı ilə hakimiyyət arasında uçurumu daha da dərinləşdirdi. Həlak olanların xatirəsinə ehtiram olaraq Azərbaycanda 40 gün fab-rik və zavodlar işləmədi. Bu isə vahid bir zəncir kimi bir-birinə bağlanmış sovet iq-tisadiyyatının dağılmasına ciddi təsir etdi. 20 Yanvar hadisəsi Azərbaycan xalqının həyatında bir dönüş mərhələsi oldu. Xalq mərkəz ilə yolunun bir olmayacağını, keçmişə qayıdışın mümkünsüzlüyünü dərk etdi və yerli hakimiyyətə də etimad bəsləmədi. Müstəqillik və milli azadlıq mərhələsi başladı. Bundan sonra Azərbaycan xalqı nicat yolunu yalnız müstəqillikdə gördü.
12:20 20.01.2026
Oxunuş sayı: 3183