Suriyanın şərqində SDQ-dən ayrılmalar artır, Dəməşqə dəstək güclənir
Suriyanın şərq bölgələrində Suriya Demokratik Qüvvələrindən (SDQ) ayrılmalar artıb və rəsmi Dəməşqə dəstək genişləndirilib.
Crossmedia.az xəbər verir ki, Rəqqa Mülki Şurasının sədri kimi tanınan Məşləb əl-Turkan SDQ-dən ayrıldığını rəsmi şəkildə bəyan edib. Bununla yanaşı, YPG-nin Deyr əz-Zor Hərbi Şurasının rəhbər heyətində yer alan Məhəmməd Ramazan əl-Məsləh də Suriya dövlətinə qoşulduğunu açıqlayıb.
Məlumatda qeyd olunur ki, bölgədə mühüm sosial-siyasi çəkiyə malik Şammar ərəb tayfası da rəsmi bəyanatla Suriya Prezidenti Əhməd əl-Şaraaya dəstək verdiyini elan edib. Bildirilir ki, Şammar tayfası üç əsas qol və 30-dan çox alt tayfadan ibarətdir və əsasən Həsəkə, Qamışlı, Rəqqa və Deyr əz-Zor ərazilərində məskunlaşıb.
Eyni zamanda, daxil olan məlumatlara görə, SDQ Rəqqa, Həsəkə və Ayn əl-Ərəb (Kobani) bölgələrində ümumi səfərbərlik elan edib. Qərarın bölgədə yaranmış təhlükəsizlik vəziyyəti və hərbi-siyasi proseslərlə bağlı olduğu bildirilir.
Qeyd olunur ki, səfərbərlik çərçivəsində yerli strukturlar, silahlı birləşmələr və ehtiyat qüvvələr döyüş hazırlığı vəziyyətinə gətirilib.
Türkan Kərimli
15:18 18.01.2026
Oxunuş sayı: 1431