Orban: Qərbi Avropa Rusiya ilə müharibəyə hazırlaşır
Qərbi Avropa Rusiya ilə münaqişədə Ukraynanı dəstəkləmək niyyətindədir və özü də yeni dünya müharibəsinə çevrilə biləcək müharibəyə hazırlaşır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bunu Macarıstanın Baş Naziri Viktor Orban deyib.
Orban vurğulayıb ki, Brüssel Ukraynanı maliyyə və hərbi baxımdan dəstəkləmək üçün Avropa vətəndaşlarının üzərinə böyük yük qoyur və bu, yeni dünya müharibəsi təhlükəsi yarada bilər.
Baş nazir qeyd edib ki, Avropa İttifaqı 2026–2027-ci illərdə Ukraynaya 90 milyard avro faizsiz “müharibə krediti” və əlavə 800 milyard dollar yenidənqurma yardımı verməyi planlaşdırır. Orban xəbərdarlıq edib ki, bu vəsaitlərin əksəriyyəti gələcək nəsillər tərəfindən ödəniləcək və Avropa üçün böyük maliyyə riskləri yaradacaq.
O əlavə edib ki, ABŞ artıq Ukraynanı daha çox dəstəkləməkdən imtina edib və Aİ liderləri yükü yalnız Avropa üzərinə qoymaq istəyirlər. Orban Brüsselin siyasətini “Avropanı məhv edən addımlar” adlandırıb.
O bildirib ki, hazırda müharibə təhlükəsi çox yaxındır.
Baş nazir əmin edib ki, əgər Fidesz partiyası 12 apreldə keçiriləcək parlament seçkilərində qalib gələrsə, Macarıstanı bu müharibəyə cəlb etmək planlarının qarşısını alacaq və ölkənin xarici siyasətini müharibədən kənarda saxlamağa çalışacaq.
21:02 17.01.2026
Oxunuş sayı: 1458