Çin Tayvan rəhbərini ələ keçirməyə hazırlaşır
Çin xüsusi təyinatlı qüvvələri Tayvan rəhbərliyinin ələ keçirilməsi ssenarisini məşq edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Nikkei Asia nəşri məlumat verib.
Məlumata görə, Çinin dövlət hərbi televiziyası xüsusi təyinatlıların gecə reydi üzrə keçirdiyi təlimlərin görüntülərini yayımlayıb.
Təlimlər zamanı şərti hədəflərin tutulması modelləşdirilib və bu ssenari ABŞ-nin Venesuelada Nikolas Maduroya qarşı həyata keçirdiyi əməliyyata bənzədilib.
Kadrlarda pilotsuz uçuş aparatı ilə kəşfiyyatın aparılması, binaya sürətli hücum və mühafizənin səssiz şəkildə neytrallaşdırılması əks olunub.
Diqqətçəkən məqam isə əməliyyat zamanı səs-küy yaratmamaq üçün arbaletlərdən istifadə edilməsi olub. Bütün əməliyyat iki dəqiqədən az vaxt aparıb.
Nikkei Asianın qiymətləndirməsinə görə, bu təlimlər Pekinin belə əməliyyatlara hazır olduğunu nümayiş etdirməklə yanaşı, Tayvan prezidenti Lay Çzin-dənin administrasiyasına psixoloji təzyiq məqsədi daşıyır.
Nəşr xatırladır ki, Çin daha əvvəl də Tayvan ətrafında genişmiqyaslı hərbi manevrlər keçirib və adanın siyasi rəhbərliyinin ələ keçirilməsi ssenariləri üzərində məşqlər edib.
18:30 17.01.2026
Oxunuş sayı: 1224