Təhlükəsizlik mütəxəssisindən süni intellekt xəbərdarlığı: Zamanımız azalır
Məşhur süni intellekt təhlükəsizliyi üzrə mütəxəssis Devid Dalrimpl “Guardian” qəzetinə müsahibəsində süni intellektin yaratdığı risklərlə bağlı ciddi xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, Böyük Britaniyanın İrəli Araşdırma və Elmi Kəşflər Agentliyinin (ARIA) rəhbər şəxslərindən olan Dalrimpl bildirib ki, bəşəriyyət mövcud risklərə hazırlaşmaq üçün kifayət qədər vaxta malik olmaya bilər.
Onun sözlərinə görə, insanların dünyada yerinə yetirdiyi işləri tam şəkildə əvəz edə biləcək sistemlər ciddi narahatlıq doğurur:
“Sivilizasiya, cəmiyyət və planet üzərində nəzarəti əlimizdə saxlamalı olduğumuz bütün sahələrdə məğlub ola bilərik”.
Dalrimpl qeyd edib ki, yaxın gələcəkdə baş verə biləcək texnoloji sıçrayışlar fonunda hökumətlə süni intellekt şirkətləri arasında ciddi anlaşma boşluğu mövcuddur. O vurğulayıb ki, proseslər həddindən artıq sürətlə inkişaf edir və təhlükəsizlik baxımından onları nəzarətdə saxlamaq üçün vaxt tükənə bilər.
Mütəxəssis bildirib ki, qarşıdakı 5 il ərzində maşınlar iqtisadi baxımdan ən dəyərli işləri insanlardan daha yüksək keyfiyyətlə və daha aşağı xərclə yerinə yetirə biləcək. Onun sözlərinə görə, bu artıq elmi-fantastik fikir deyil, real ehtimaldır.
Süni intellektin tam etibarlı olmadığını vurğulayan mütəxəssis qeyd edib ki, iqtisadi təzyiqlər nəzərə alındıqda, bu texnologiyaları təhlükəsiz şəkildə inkişaf etdirmək üçün lazım olan elmi baza vaxtında formalaşmaya bilər. Buna görə də əsas məqsəd riskləri nəzarətdə saxlamaq və mümkün zərərləri minimuma endirməkdir.
Qeyd edək ki, daha əvvəl “Microsoft AI” şirkətinin baş direktoru Mustafa Süleyman da lazımi tənzimləmələr aparılmadığı təqdirdə, süni intellekt texnologiyalarının yaxın bir neçə il ərzində nəzarətdən çıxa biləcəyi barədə xəbərdarlıq etmişdi.
Fatimə Məmmədova
16:29 07.01.2026
Oxunuş sayı: 2308