Cənubi Koreya BMT Baş Katibini Şimali Koreyaya dialoq missiyasına dəvət edib
Cənubi Koreyanın Milli Təhlükəsizlik üzrə müşaviri Vi Sonq-lak Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşdən Şimali Koreyaya səfər etməsini və Pxenyanı dialoqa cəlb etmək üçün fəal rol oynamasını xahiş edib.
Crossmedia.az xəbər verir ki,məlumata görə, Vi Sonq-lak dekabrın 18-də Nyu-Yorkda BMT-nin baş ofisində Antonio Quterreşlə görüşüb. Görüş zamanı Cənubi Koreya ilə BMT arasında əməkdaşlıq məsələləri, eləcə də Koreya yarımadasında və regionda mövcud təhlükəsizlik problemləri müzakirə olunub.
Agentliyin yazdığına görə, Cənubi Koreyanın milli təhlükəsizlik müşaviri görüş zamanı Prezident Li Ce Myonqdan BMT Baş katibinə ünvanlanmış məktubu da təqdim edib. Məktubda Antonio Quterreşdən Şimali Koreya ilə dialoqun qurulmasında daha fəal vasitəçi rol oynaması və bu məqsədlə Pxenyana mümkün səfər imkanını nəzərdən keçirməsi xahiş olunur.
Rəsmi Seul hesab edir ki, BMT-nin yüksək səviyyəli iştirakı Koreya yarımadasında gərginliyin azaldılmasına və Şimali Koreyanın beynəlxalq dialoq prosesinə cəlb olunmasına töhfə verə bilər. BMT Baş katibliyi isə hələlik bu təşəbbüslə bağlı rəsmi mövqe açıqlamayıb.
Nastya Qəniyeva
09:06 27.12.2025
Oxunuş sayı: 3720