Çinin Rusiyadan neft alışını azaltması gözlənilən idi - Açıqlama
Qlobal enerji bazarlarında baş verən dəyişikliklər son illərdə neft ticarətinin coğrafiyasına və əsas ixrac–idxal marşrutlarına ciddi təsir göstərməkdədir. Xüsusilə geosiyasi gərginliklər, beynəlxalq sanksiyalar, böyük dövlətlər arasında strateji rəqabət və enerji təhlükəsizliyi ilə bağlı artan narahatlıqlar neft axınlarının strukturunu yenidən formalaşdırır. Bu kontekstdə Rusiya və Çin arasında uzun müddətdir davam edən enerji əməkdaşlığı da yeni çağırışlarla üz-üzə qalmışdır.
Dünyanın ən böyük enerji istehlakçılarından biri olan Çinin idxal siyasətində müşahidə olunan dəyişikliklər, həm regional, həm də qlobal enerji bazarları baxımından mühüm analitik əhəmiyyət kəsb edir. Rusiyadan Çinə neft tədarükünün həcmi və dinamikası isə bu proseslərin real göstəricilərindən biri kimi diqqət mərkəzindədir.
Məsələ bağlı siyasi şərhçi Aydın Quliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Çinin Rusiyadan neft alışını azaltması gözlənilən idi. Bilirik ki, Amerika Birləşmiş Ştatları Rusiya neftini alan ölkələrə çox ağır tariflər tətbiq edib. Bu təzyiqlər yalnız Çinə aid deyil; Hindistan da eyni hədələrin altındadır və Hindistan hökuməti Rusiyadan alınan nefti xeyli azaldıb. Hətta Hindistanın dövlət neft ayırma zavodları artıq qənaət və çatışmazlıq rejimində fəaliyyət göstərir. Eynilə, Çində də bu tendensiya müşahidə olunur.
Lakin Çinin Rusiyadan neft alışını azaltmasını strateji seçim kimi qiymətləndirmək doğru deyil. Yəni demək olmaz ki, Çin bu addımı ilə Rusiyanın tərəfində olmayaraq Amerikanın tərəfinə keçib. Bu, daha çox taktiki bir addımdır. İndiki şəraitdə Çinin Avropa ilə ticarətdə müəyyən problemləri var və Çin istəmir ki, Rusiyadan alınan neftə görə Amerika Çindən idxal olunan məhsullara daha ağır tariflər tətbiq etsin. Hətta Tramp dövründə Çin mallarına 500%-ə qədər tarif tətbiq olunacağı ilə bağlı hədələr olmuşdu".
Politoloq həmçinin belə şəraitdə Çin, Amerikanın təzyiqlərini nəzərə alaraq, Rusiyadan alınan neftin miqdarını azaldaraq taktiki bir yol seçdiyini qeyd edib: "Bu, strateji seçim deyil, orta mövqe tutmaq və Amerika ilə münasibətləri gərginləşdirməmək cəhdi kimi qiymətləndirilə bilər.
Ehtimal olunur ki, bu taktiki addım uzunmüddətli olmayacaq. Çin gələcəkdə Rusiyadan neft alışını əvvəlki səviyyəyə qaldıra bilər, və ya bu azalma müəyyən müddət davam edə bilər".
Elmir Heydərli
15:35 22.12.2025
Oxunuş sayı: 1332