Stomatoloq: Diş itkisi uzun müddətdə həm funksional, həm estetik, həm də sosial problemlər yaradır - MÜSAHİBƏ
Ağız və diş sağlamlığı insan orqanizminin ümumi vəziyyətini müəyyən edən əsas göstəricilərdən biridir. Bu sahədə yaranan hər bir problem təkcə estetik görünüşə deyil, həm də həzm sistemi, immunitet və həyat keyfiyyətinə birbaşa təsir göstərir. Müasir dövrdə stomatoloji xəstəliklərin artması, xüsusilə diş və dişəti patologiyalarının daha erkən yaşlarda müşahidə olunması profilaktik tədbirlərin, düzgün gigiyena vərdişlərinin və mütəmadi müayinə mədəniyyətinin aktuallığını artırır.
Sürətlə inkişaf edən tibbi texnologiyalar, yeni müalicə üsulları və ixtisaslaşmış kadr hazırlığı stomatologiyanın elmi sahə olaraq yenilənməsinə səbəb olsa da, vətəndaşların ağız boşluğunun sağlamlığına yanaşması hələ də xüsusi diqqət tələb edir. Bu kontekstdə, dişlərin qorunması, dişəti xəstəliklərinin vaxtında aşkarlanması və müasir stomatoloji xidmətlərin əlçatanlığı cəmiyyətin ümumi sağlamlıq strategiyasının vacib tərkib hissəsinə çevrilir.
Məhz bu səbəbdən ağız boşluğunda rast gəlinən xəstəliklərin mahiyyəti, onların yaranma səbəbləri, ilkin əlamətləri və müalicə imkanları ilə bağlı mütəxəssis rəyləri bu gün daha böyük əhəmiyyət kəsb edir. Aşağıdakı müsahibədə də söhbət məhz stomatologiyanın ən vacib istiqamətlərindən – diş və dişəti xəstəliklərindən, onların qarşısının alınması yollarından və sahədə tətbiq olunan müasir yanaşmalardan gedir.
Məsələ ilə bağlı "Doktor danışır" rublikası çərçivəsində Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Parododontologiya Kafedrasının müəllimi, Azərbaycan Parodontologiya Cəmiyyətinin İdarə Heyəti Üzvü, Tibb Elmləri Fəlsəfə Doktoru, Parodontologiya uzmanı Dr. Hikmət Baxışov Crossmedia.az-la öz fikirlərini bölüşüb:
— Doktor, ümumiyyətlə, ağız boşluğunun ən geniş yayılmış xəstəlikləri hansılardır və onların yaranma səbəbləri nələrdir?
— Bu gün dünya praktikasında ağız boşluğu xəstəlikləri arasında ən çox rast gəlinən patologiyalar dişlərin kariyesi və dişin sərt toxumalarının zədələnməsidir. Xalq arasında “diş çürüməsi” kimi tanınan bu proses əslində kompleks mexanizmlərin nəticəsidir. Bununla yanaşı, mənim ixtisaslaşdığım sahə olan paradontologiya – yəni dişəti və diş ətrafı toxumaların xəstəlikləri də son dərəcə aktualdır. Paradontit bu gün dünya nomenklaturasında çox önəmli mövqedə dayanır. Çünki bu xəstəlik sümük itkisinə, nəticədə dişlərin itirilməsinə gətirib çıxarır və pasiyentin həyat keyfiyyətini ciddi şəkildə aşağı salır. Diş itkisi uzun müddətdə həm funksional, həm estetik, həm də sosial problemlər yaradır. Dişsizliyin aradan qaldırılması məqsədilə protezlər, implantlar və digər vasitələrdən istifadə olunur. Bu isə həm pasiyent, həm də ümumilikdə səhiyyə sistemi üçün əlavə maliyyə yükü yaradır. Xüsusilə də implantoloji materialların böyük hissəsi xaricdən gətirildiyi üçün bu məsələ dövlət büdcəsinə də təsir göstərir. Buna görə də əsas məqsəd diş və dişəti xəstəliklərinin profilaktikasıdır. Bizim prinsipimiz sadədir: Mümkün olan hər halda təbii dişi qorumaq. İmplantologiya bu sahənin məhsulu olsa da, yalnız zəruri hallarda tətbiq olunur. Dişlər həm həzm sisteminin başlanğıcı olaraq funksional, həm də ümumi sağlamlıq baxımından çox önəmlidir. Araşdırmalar sübut edir ki, diş itkisi olan pasiyentlərdə mədə-bağırsaq xəstəliklərinin yaranma ehtimalı artır. Çünki çeynəmə yükünü mədə öz üzərinə götürür və bu, əlavə problemlərə səbəb olur.
— Kariyesin yaranmasının əsas səbəbləri nələrdir?
— Kariyes multifaktorial xəstəlikdir. Əsas amillər bunlardır: ağız gigiyenasının zəif olması, diş toxumasının daxili müqavimətinin azalması, ağız boşluğunda mikroelement balansının pozulması, bakterial kontaminasiyanın diş səthlərinə yerləşməsi, karbohidrat tərkibli qidaların tez-tez qəbulu.Xüsusilə uşaqlarda – həm süd dişləri, həm də daimi dişlər çıxmağa başladığı dövrdə gigiyena çox vacibdir. Cəmiyyətdə bəzən belə fikir var ki, süd dişləri onsuz da dəyişəcək, ona görə onların müalicəsinə ehtiyac yoxdur. Bu, tamamilə yanlış yanaşmadır. Sağlam süd dişləri çıxan daimi dişlərin düzgün formalaşmasına, çənə funksiyasının normal inkişafına xidmət edir.
— Doktor, ağız boşluğu xəstəliklərinin qarşısının alınması üçün müasir texnologiyalar və yeni yanaşmalar varmı?
— Bəli, səhiyyənin bütün sahələri kimi, stomatologiya da çox sürətlə inkişaf edir. Əvvəllər Azərbaycanda stomatologiyanın xüsusi ixtisas sahələri kifayət qədər geniş deyildi, lakin son illər artıq Ortodontiya, Paradontologiya kimi istiqamətlər üzrə ayrı kafedralar yaradılıb. Bu, mütəxəssislərin daha dərin biliklərlə yetişməsinə şərait yaradır. Bundan başqa, Azərbaycan Paradontologiya Cəmiyyəti artıq Avropa Paradontologiya Assosiasiyasının tamhüquqlu üzvüdür. Qısa müddət ərzində bu statusu aldığımız halda 2026-cı il mart ayında Bakı şəhəri bu təşkilatın ikinci ən böyük tədbiri olan "Perio Master Clinik" Konqresinə ev sahibliyi edəcək. Bu, ölkəmiz üçün çox böyük nailiyyətdir və dünyanın aparıcı mütəxəssislərini Bakıya gətirəcək.
— Ağız boşluğu xəstəlikləri özünü hansı ilkin simptomlarla büruzə verir? Pasiyent üçün siqnal olan əlamətlər hansılardır?
— Təbii ki, ən çox rast gəlinən simptom ağrıdır. Lakin təəssüf ki, ağrı çox zaman xəstəliyin gec mərhələsində üzə çıxır. Ona görə də ildə ən azı iki dəfə profilaktik müayinədən keçmək dünya üzrə qəbul olunmuş standartdır. Dişəti xəstəliklərində aşağıdakı ilkin əlamətlərə fikir vermək lazımdır: Dişətində qanama, şişkinlik və qızartı, ağızda pis qoxu, dişlərin sallanması və ya yer dəyişməsi, çeynəmə zamanı narahatlıq. Ağız boşluğunda qəfil yaranan ağ ləkələr və ya ağrılı yaralar – yəni aftoz stomatitlər də hər zaman diqqətlə araşdırılmalıdır. Çünki bəzən ağız boşluğu qişasında yaranan dəyişikliklər prekanserogen hallar ola bilər. Dünyada onkoloji xəstəliklərin artdığı bir dövrdə stomatoloqların rolu daha da yüksəlir. Bu halların əsas risk faktorlarından biri isə, təbii ki, siqaretdir.
— Bəzən ağızda qəfil şişkinlik və ya damaqda ağ köpükvari ləkələr yaranır. Bunlar hansı xəstəliklərin əlaməti ola bilər?
— Bu hallar çox zaman aftoz stomatitlərlə bağlıdır. Aftların yaranmasın səbəblər çoxdur: allergik reaksiya fonu, travma, stress, termik zədələnmə, infeksiyalar, əməliyyatlardan sonra tikişlərin qıcıqlandırması və s. Aftoz stomatit adətən ciddi xəstəlik sayılmasa da, ağız boşluğundakı digər patologiyalarla diferensial diaqnostikası mütləq həkim tərəfindən aparılmalıdır. Çünki ağız boşluğu qişasında yaranan bəzi dəyişikliklər xərçəngönü ola bilər.
— Siz Türkiyədə təhsil almısınız. Türkiyə və Azərbaycan stomatologiya sahələri arasında hansı əsas fərqlər var?
— Azərbaycan Tibb Universitetinin məzunuyam, daha sonra Türkiyədə uzunmüddətli təhsil və iş təcrübəsi qazandım, həmçinin Almaniyada araşdırma aparmışam. Dəqiq şəkildə deyə bilərəm ki, bizim tələbələrimiz çox istedadlı və elmə maraqlı gənclərdir. Bizim ən böyük çatışmazlığımız praktik iş yükünün az olmasıdır. Türkiyədə stomatoloji təhsil sisteminin güclü tərəfi odur ki, universitetlərə sığorta sistemi tərəfindən böyük pasiyent axını olur, tələbə və rezidentlər müəllim nəzarəti altında real klinik əməliyyatlarda iştirak edirlər. Azərbaycanda isə stomatologiya hələlik icbari sığorta paketinə daxil edilmədiyi üçün tələbələr geniş klinik təcrübə əldə edə bilmirlər. Düşünürəm ki, gələcəkdə bu sahədə müsbət dəyişikliklər olacaq və bizim stomatologiya daha yüksək səviyyəyə qalxacaq.
Elmir Heydərli
10:53 16.12.2025
Oxunuş sayı: 4634