Ukrayna ABŞ olmadan Rusiyayla qarşı-qarşıya dura biləcək gücdədirmi? - Partiya sədrindən ritorik sual
Rusiya–Ukrayna müharibəsinin gələcək taleyi ilə bağlı beynəlxalq siyasi müzakirələr daha mürəkkəb və ziddiyyətli mərhələyə daxil olub. Xüsusilə də ABŞ tərəfindən irəli sürülən mümkün razılaşma şərtləri Ukraynanın ərazi bütövlüyü, suverenliyi və gələcək dövlətçilik perspektivləri baxımından ciddi suallar doğurur. Bir tərəfdən, Kiyevin bu şərtləri qəbul etməsinin faktiki olaraq ərazi itkiləri və siyasi güzəştlər demək olduğu vurğulanır, digər tərəfdən isə Ukraynanın alternativ seçim imkanlarının getdikcə daraldığı reallığı ön plana çıxır. Məhz bu mürəkkəb geosiyasi mənzərə fonunda müzakirələr təkcə “ədalətli sülh” anlayışı ətrafında deyil, həm də Ukraynanın real imkanları, Qərbin dəstəyinin davamlılığı və Rusiyanın mövcud beynəlxalq vəziyyətdən necə faydalandığı prizmasından aparılır.

Bu kontekstdə məsələ ilə bağlı Ağ Partiya sədri Tural Abbaslı Crossmedia.az-a açıqlamasında Ukraynanın qarşı-qarşıya qaldığı çətin seçimləri və mümkün nəticələri diqqətə çatdırıb: “Ukrayna onu qane etməyən şərtlərə razılaşmalı deyil. Çünki bu şərtlər Ukraynanın ərazi bütövlüyünü və suverenliyini sual altına alır, ərazilərinin itirilməsi təklif olunur. ABŞ-nin irəli sürdüyü şərtlər də məhz bu riski daşıyır. Ancaq burada sualı bir az fərqli qoymaq lazımdır: Ukraynanın razılaşmaqdan başqa şansı varmı? Başqa sözlə, məsələ Ukraynanın nə istəməsində deyil, nəyi bacara bilməsindədir. Bugünkü reallıqda Ukrayna ABŞ olmadan Rusiyayla qarşı-qarşıya dura biləcək gücdədirmi? Belə başa düşülə bilər ki, ABŞ-nin təklifləri ədalətli deyil, daha çox təslimçi xarakter daşıyır. Amma bütün ədalətsizliyinə baxmayaraq, Ukraynanın alternativ çıxış yolu da qalmayıb. Çünki silah tədarükü və maliyyə dəstəyi kəsildiyi halda Ukraynanın təkbaşına müharibəni davam etdirmək imkanı qalmayacaq. Bir mənada, Ukrayna çıxılmaz bir dalana dirənib. Vəziyyət, təəssüf ki, ürəkaçan deyil. Digər tərəfdən, Rusiya qlobal proseslərdən öz xeyrinə istifadə edir. Bu məsələdə Ağ Ev rəhbəri Donald Trampın şəxsiyyəti və tutduğu mövqe də ciddi rol oynayır. Ona görə də prinsip etibarilə Ukrayna razılaşmamalıdır. Amma razılaşacaqmı və ya bu şərtlərdən yayınmaq üçün real imkanı varmı – bu artıq başqa suallardır”.
Ayhan
13:56 15.12.2025
Oxunuş sayı: 1391