Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda müşavirə keçirilib
Oktyabrın 27-də “K.Kazımzadə küç. 118” ünvanı üzrə (Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Crossmedia.az xəbər verir ki, müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktor vəzifəsini müvəqqəti icra edən, baş həkim Xuraman Bağırova, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.
Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirədə çıxış edən Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktor vəzifəsini müvəqqəti icra edən, baş həkim Xuraman Bağırova tədbir iştirakçılarını salamlayaraq respublikamızın ana və uşaq sağlığı üzrə aparıcı elmi-tədqiqat ocaqlarından birində keçirilən bu görüşün böyük ictimai, elmi və ideoloji əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. X.Bağırova vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin hərtərəfli inkişaf strategiyasında yeni keyfiyyət mərhələsini müəyyənləşdirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultaydakı dərin məzmunlu nitqi ana və uşaq sağlığının etibarlı qorunması, perinatal xidmətin keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqat işlərinin müasir səhiyyə standartlarına inteqrasiyası və yüksəkixtisaslı kadr potensialının gücləndirilməsi istiqamətində tibb kollektivinin qarşısına vacib vəzifələr qoyur. Baş həkim qeyd edib ki, institutun elmi-tibbi heyəti cənab Prezidentin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səhiyyəyə, xüsusən ana və uşaqların sağlamlığına gösterdiyi böyük diqqət və qayğıya cavab olaraq həm peşəkar fəaliyyətlərində, həm də partiyanın ideoloji prinsiplərinin təbliğində var gücü ilə çalışmağa davam edəcəkdir.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi və proqram xarakterli nitqinin ideoloji-siyasi mahiyyəti, genofondumuzun və insan kapitalının qorunması, postmüharibə dövründə səhiyyə elminin strateji rolu və ərazi partiya təşkilatlarının qarşısında duran mühüm hədəflər barədə geniş, ətraflı məruzə ilə çıxış edib. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizin siyasi sabitliyinin, sosial-iqtisadi tərəqqisinin və möhtəşəm Zəfərlərinin ana sütunu olmuşdur. Ulu Öndərin zəngin idarəçilik irsini uzaqgörənliklə sürdürən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək regional və qlobal miqyasda qüdrətli dövlətə çevrilmişdir. Qazanılan bu tarixi qələbələr partiyamızın yürütdüyü uzaqgörən siyasi kursun, dövlətimizin iqtisadi-intellektual gücünün və sarsılmaz xalq-iqtidar birliyinin parlaq nümayişidir. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev xüsusi olaraq diqqətə çatdırıb ki, VIII Qurultayda qəbul olunmuş qərarlar və partiya sədrinin irəli sürdüyü prioritetlər elmi-tədqiqat və səhiyyə müəssisələrində fəaliyyət göstərən ərazi partiya təşkilatlarının işində yeni dinamika tələb edir. Azərbaycan xalqının genofondunun qorunması, reproduktiv sağlamlığın təmin olunması, körpə və ana ölümünün minimuma endirilməsi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun alimləri, həkimləri və tibb heyəti təkcə müalicə-diaqnostika işində deyil, həm də cəmiyyətdə dövlətçilik ideallarının, vətənpərvərlik ruhunun və partiya ideyalarının geniş yayılmasında fəal mövqe nümayiş etdirməlidirlər. Ərazi partiya təşkilatı gənc mütəxəssislərin və alimlərin partiya həyatına daha sıx inteqrasiyası istiqamətində işini davamlı olaraq gücləndirməlidir. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev vurğulayıb ki, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun ərazi partiya təşkilatı zəngin intellektual və elmi-tibbi potensiala malikdir. YAP Yasamal rayon təşkilatı cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin reallaşdırılması və partiya sıralarının keyfiyyətcə zənginləşməsi istiqamətində institutun partiya fəalları ilə sıx əməkdaşlığı ardıcıl olaraq sürdürəcəkdir.
Çıxış edənlər Ərazi partiya təşkilatının sədri Ədalət Əliyev, sənədlərlə iş şöbəsinin müdiri Hicran Kazımova və Həmkarlar İttifaqının sədri Pərvin Adıgözəlova institutda aparılan elmi-tədqiqat işləri, tibbi xidmətlərin səmərəliliyinin artırılması, kadr potesialının yüksəldilməsi və ərazi təşkilatının ictimai-ideoloji fəaliyyəti barədə məlumat veriblər. Çıxışçılar vurğulayıblar ki, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səhiyyə sisteminin modernləşdirilməsinə və tibb işçilərinə göstərdiyi diqqət və qayğı kollektivi yeni elmi və peşəkar uğurlara ruhlandırır. Onlar YAP-ın VIII Qurultayından irəli gələn tapşırıqları gündəlik fəaliyyətlərində rəhbər tutacaqlarını və partiya ideallarının təbliğində ön sıralarda olacaqlarını bəyan ediblər.
Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə şəkli çəkdirilib.
12:49 27.10.2026
Oxunuş sayı: 52