Zelenski: Rusiya Ukraynaya gecə ərzində 16 raket və 280-dən çox dronla hücum edib
Rusiya gecə saatlarında Ukrayna ərazisinə 16 ballistik raket və 280-dən çox pilotsuz uçuş aparatı ilə hücum edib.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə məlumat yayıb.
Dövlət başçısının sözlərinə görə, Rusiya qüvvələri Ukraynanın logistika və infrastruktur obyektlərinə hücumları intensivləşdirib. Zərbələrə məruz qalan obyektlər arasında Kiyevdəki Cənub körpüsü də var.
Zelenski bildirib ki, universitetin kampusuna və ətraf ərazilərə endirilən ilk zərbənin nəticələri aradan qaldırılarkən həmin ərazi yenidən ballistik raketlərlə hədəfə alınıb.
“Fövqəladə xidmətlər ilk zərbənin nəticələrini aradan qaldırarkən Rusiya qoşunları yenidən ballistik raketlərlə hücum edib. Orada xəsarət alanların sayı 12-yə çatıb. Onlardan beşi universitetin tələbələri və əməkdaşlarıdır”, – deyə Prezident qeyd edib.
Onun sözlərinə görə, Kiyev, Vinnitsa, Zaporojye, Dnepropetrovsk, Xarkov, Odessa, Çerniqov, Sumı, Donetsk, Xerson və Çernovtsı vilayətləri də hücuma məruz qalıb.
Zelenski bildirib ki, hücumların əsas hədəfləri enerji, logistika və şəhər infrastrukturu obyektləri olub.
Ukrayna Prezidenti “Patriot” və “NASAMS” hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükündə gecikmələrin Rusiyanın hücumlarını davam etdirməsinə şərait yaratdığını vurğulayıb.
O, beynəlxalq tərəfdaşları Rusiyaya təzyiqi artırmağa və Ukraynaya hərbi yardımın vaxtında çatdırılmasını təmin etməyə çağırıb.
13:04 27.10.2026
Oxunuş sayı: 50