Polşa XİN: Rusiyanın məqsədi təkcə Ukrayna deyil
Polşanın xarici işlər naziri Radoslav Sikorski hesab edir ki, Ukraynanın Donbasda ərazi güzəştlərinə getməsi Rusiya ilə müharibənin başa çatmasına zəmanət verməyəcək.
Crossmedia.az xəbər verir ki, “UNIAN” agentliyi bu barədə Polşa xarici işlər nazirinin açıqlamasına istinadən məlumat yayıb.
Sikorskinin sözlərinə görə, amerikalı danışıqlar aparan şəxslər Rusiya-Ukrayna müharibəsini yalnız ərazi uğrunda mübarizə kimi qiymətləndirməklə səhvə yol verirlər.
Nazir bildirib ki, Ukraynanın Donbasda nəzarətində qalan son iki şəhərdən imtina etməsi belə müharibənin bitəcəyinə təminat yaratmır. Onun fikrincə, Kremlin məqsədləri ərazi iddialarından daha genişdir.
“Qlobal supergüc olmaq üçün Rusiyaya Ukrayna lazımdır. Ukraynasız Sovet İttifaqı böyük dövlət statusundan məhrum olmuş Rusiyadır”, – deyə Sikorski bildirib.
Polşa XİN rəhbərinin fikrincə, ərazi güzəştləri yalnız müvəqqəti sakitliyə səbəb ola bilər, lakin müharibənin əsas səbəblərini aradan qaldırmaz.
O, Rusiya Prezidenti Vladimir Putinin yeni ərazilər əldə etdikdən sonra müharibəni dayandıracağına dair gözləntiləri yanlış hesab edib.
Sikorski Qərbdə Rusiyanın məğlubedilməz olması barədə təsəvvürlərin də doğru olmadığını vurğulayıb.
“Qərbdə Rusiyanın həmişə qalib gəldiyinə dair geniş yayılmış mif mövcuddur. Lakin hadisələr heç də həmişə onların istədiyi kimi baş vermir”, – deyə nazir qeyd edib.
O, fikrini əsaslandırmaq üçün Rusiyanın Krım müharibəsində və Yaponiya ilə müharibədə məğlubiyyətini, Birinci Dünya müharibəsindən çıxmasını, Polşaya qarşı hərbi uğursuzluğunu, Əfqanıstandakı məğlubiyyətini və Soyuq müharibənin nəticələrini xatırladıb.
12:37 27.10.2026
Oxunuş sayı: 48