Rusiya uzunmüddətli müharibəyə hazırlaşır – KİV
Rusiya Ukraynaya qarşı uzunmüddətli hərbi əməliyyatları davam etdirmək məqsədilə idarəolunan aviasiya bombalarının istehsalını əhəmiyyətli dərəcədə artırır.
Crossmedia.az xəbər verir ki, “The Kyiv Independent” nəşri bu barədə Ukraynanın Müdafiə İslahatları Mərkəzinin (“Center for Defense Reforms”) araşdırmasına istinadən məlumat yayıb.
Araşdırmaya əsasən, Rusiyanın “TRV-Engineering” şirkəti 2025-ci ildə aviasiya bombalarının idarə olunmasında istifadə edilən təxminən 278 min servoötürücü əldə edib. Bu komponentlər təqribən 139 min idarəolunan aviasiya bombası üçün dəstin hazırlanmasına kifayət edir.
Məlumata görə, istehsal prosesində iştirak edən şirkətlərin əksəriyyəti hələ də Qərbin sanksiyalarından kənarda qalır. Araşdırmada adıçəkilən 20 şirkətdən yalnız 8-nə müəyyən sanksiya və ya ixrac məhdudiyyətləri tətbiq olunub.
Analitiklər xüsusilə Çin şirkətlərinin komponent təchizatındakı roluna diqqət çəkiblər. Bildirilib ki, müəyyən edilən dörd Çin şirkətindən yalnız biri ABŞ-nin ixrac məhdudiyyətlərinə məruz qalıb. Onların heç birinə Böyük Britaniya və Avropa İttifaqı tərəfindən sanksiya tətbiq edilməyib.
Qeyd olunur ki, Rusiyanın istifadə etdiyi UMPC və UMPB dəstləri adi aviasiya bombalarını idarəolunan sursatlara çevirməyə imkan verir. Bu texnologiya bombaların uçuş məsafəsini və zərbə dəqiqliyini artırır.
Nəticədə Rusiya hərbi təyyarələri Ukraynanın hava hücumundan müdafiə sistemlərinin bir hissəsinin təsir zonasına daxil olmadan hədəflərə zərbələr endirə bilir.
Araşdırma müəlliflərinin fikrincə, istehsal güclərinin genişləndirilməsi Rusiyanın uzun müddət yüksək intensivlikli hərbi əməliyyatlar aparmaq imkanlarını artırır.
11:36 27.10.2026
Oxunuş sayı: 52