Cavanşir Quliyev: Dinləyicini məcbur etmək olmaz - MÜSAHİBƏ
Azərbaycan musiqisi əsrlər boyu xalqın mədəni kimliyinin ayrılmaz hissəsi olaraq formalaşıb. Bu musiqi ənənəsi həm tarixi yaddaşımızı, həm də mənəvi dəyərlərimizi əsrlərdən bu günə daşıyır. Lakin müasir dövrdə musiqi sənətində baş verən dəyişikliklər, yeni texnologiyaların tətbiqi, yaradıcı yanaşmaların müxtəlifliyi və qlobal musiqi bazarının təsiri bu sənəti yeni mərhələyə çıxarır. Belə bir tarixi dönəmdə musiqinin inkişaf dinamikasına obyektiv və peşəkar qiymət vermək, həm mövcud prosesləri dəyərləndirmək, həm də gələcək istiqamətlər barədə düşünmək olduqca vacibdir. Bu müsahibədə həm musiqi təhsili, gənc nəsil bəstəkarların çağırışları, milli və müasir musiqinin sintezi, kommersiya-estetika balansı, film musiqisi və musiqi-ictimaiyyətin qarşısında duran vəzifələr kimi vacib mövzulara toxunacağıq. Və bu suallara cavab almaq üçün Azərbaycanda musiqi mədəniyyətinin formalaşmasında böyük iz qoymuş bir sənətçiyə üz tuturuq.
"Mədəniyyətimizin zəfəri" rubrikası çərçivəsində Crossmedia.az-ın növbəti qonağı Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevdir:
— Azərbaycan musiqi sənətinin bugünkü inkişaf dinamikasını necə qiymətləndirirsiniz? Sizin fikrinizcə, ən sevindirici və ən narahat edən məqamlar hansılardır?
— Azərbaycan musiqisi geniş anlayışdır. Azərbaycan dünyada yeganə ölkədir ki, 6 musiqi növü var. Başqa ölkələrdə maksimum 5 növ olur. Bizdə musiqi janrlarının sayı çoxdur və onların hamısının həm təbliğata, həm də inkişafa ehtiyacı var. İnkişaf müəyyən sahələrdə gedir. Bir qismində inkişaf var, digər qismində yoxdur, bəzilərində hətta geriləmə müşahidə olunur. Ciddi musiqi sahəsində – simfonik, kamera musiqisi, opera və baletdə vəziyyət sabitdir. Burada hər şey bəstəkar və ifaçılardan asılıdır. Əyləncəli musiqidə isə ciddi problemlər var. Bu tənəzzülün əsas səbəbkarı, fikrimcə, mediadır: radio, televiziya və ümumi informasiya vasitələri. Media ciddi musiqiyə maraq göstərmir, çünki musiqi tənqidini eləmək qabiliyyətində deyil. Ona görə səhnəyə və efirə çox keyfiyyətsiz musiqi çıxır. Aşıq sənəti də təhlükə altındadır. Qarabağdan köçən aşıqlar Bakıda fəaliyyət göstərməyə başladılar və şəhər mühitində bu sənət öz təbii simasını itirir. Elektron alətlər, mikrofonlar, məclislər musiqinin strukturunu dəyişir. Ona görə aşıq sənətinin gələcəyi də bir qədər sual altındadır.
— Yeni nəsil bəstəkarların yaradıcılıq axtarışlarına necə yanaşırsınız? Onların musiqi dili və baxışları əvvəlki nəsil ilə müqayisədə fərqlidirmi?
— Təbii ki, fərqlidir. Hər yeni nəsil başqa cür düşünür. Gənc bəstəkarlar maraqlı işlər görürlər, əsərlər yazırlar. Amma çox təəssüf ki, dinləyici auditoriyası çox azdır. Bu, gənc bəstəkarlar üçün narahatedici bir məsələdir. Dinləyicini məcbur etmək olmaz. O, istəsə gedər konsertə, istəməsə – yox. Həyat tərzi dəyişib. Süni intellekt gəldikcə insan daha da tənbəlləşəcək. Elə musiqi və şeir yazmaq kimi çətin işləri də süni intellekt görəcək. Gənclərə deyirəm: özünüzü süni intellektin edə bilməyəcəyi sahələrdə yetişdirin. Bu, gələcəyin böyük problemidir.
— Musiqi təhsili sistemində hansı çatışmazlıqlar var? Bu sahədə əsas islahatlar nələr olmalıdır?
— Düşünmürəm ki, musiqi təhsilinin strukturunda problem var. Zamanında Üzeyir bəy çox düzgün sistem qurub. Ona qarışmaq lazım deyil. Problem maddi-texniki bazadadır. Alətlər köhnədir, keyfiyyətsizdir, akustika yoxdur, səs yazma avadanlığı yoxdur. Bunlar hamısı maliyyə tələb edir. Son 30–40 ildə bu məsələ ilə ciddi məşğul olan olmayıb.

— Xalq musiqisi ilə müasir musiqinin sintezi haqqında nə düşünürsünüz? Bu proses bəzən uğursuz alınmırmı?
— Bu sintezi yeni nəsil icad etməyib. Onu Üzeyir bəy etmişdi – “Koroğlu” operasında. Bu, məcburi proses deyil, zövq və istedada bağlı məsələdir. Bir şərt var: yazılmış əsər maraqlı olmalıdır. Dinləyici və mütəxəssislər bəyənməlidir.
— Musiqi sənətində kommersiya yanaşması ilə estetik dəyər arasında balans necə qorunmalıdır?
— Bəstəkar buna qərar vermir. Cəmiyyət verməlidir. Tarixən dəyərli əsərlərin müəllifləri çətinlik çəkiblər. Sovet dövründə dövlət bu məsuliyyəti daşıyırdı: sifariş verirdi, əsər alırdı, bəstəkara maddi dəstək olurdu. İndi isə nə Mədəniyyət Nazirliyi, nə televiziya, nə də digər orqanlar əsər alır. Bəstəkar başqa işlərlə məşğul olur: dərs verir, orkestrdə çalır, məclislərə gedir. Halbuki vaxtını evdə oturub kompozisiya yazmağa sərf etməlidir.
– Siz bir çox filmə musiqi bəstələmisiniz. Sizcə, Azərbaycan kinosunda film musiqisi janrı hansı istiqamətdə inkişaf etməlidir?
— Əvvəlcə Azərbaycan kinosunun öz inkişaf istiqamətləri müəyyənləşməlidir. Rejissorların yanaşması və üslubu formalaşmalıdır. Film musiqisi yazan bəstəkar rejissora tabedir. Ona görə bu sualın bir qismini rejissorlara vermək lazımdır.
— Sizin yaradıcılıq laboratoriyanız necədir? Musiqi ideyadan yaranır, yoxsa ideya musiqidən?
— Musiqi ilə ideya paralel yaranır. Bu, izahı olmayan prosesdir. Özüm də bilmirəm mexanizmi necədir. Bu, sənətin sirridir.
— Gələcək planlarınız nələrdir?
— Bitmiş üç balet əsərim var, onların səhnələşməsini gözləyirəm. Üç oratoriya var, biri ifa olunub, ikisi ifasını gözləyir. Bir sıra kamera əsərləri hazırdır. Üzərində işlədiyim yeni layihələr də var, amma tamamlanmamış əsər haqqında danışmıram.
— Təsəvvür edin, Cavanşir Quliyev yenidən dünyaya gəlsə, yenə bu sənəti seçərdiniz?
— Mütləq. Mən bu sənəti zorla seçməmişəm. İstedad Allahın verdiyi bir paydır. Yenidən doğulsam, yenə musiqiçi olardım.
12:12 11.12.2025
Oxunuş sayı: 2872