BDU-da “Radio jurnalistikası” kitabının təqdimatı keçirilib
Bakı Dövlət Universitetində (BDU) Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya kafedrasının müdiri, dosent Xatirə Hüseynova və Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, dosent Aynur Nəsirovanın həmmüəllifliyi ilə çap olunan “Radio jurnalistikası” adlı yeni bəsaiyinin təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində çıxış edən professor Qulu Məhərrəmli qeyd edib ki, uzun illər radioda vicdanla çalışmış jurnalistlər olub: “Mən həmişə radio yolunu televiziyadan daha peşəkar hesab etmişəm".
Daha sonra çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev kitabın müəlliflərinə və kitabda əməyi keçən əməkdaşlara öz təşəkkürünü bildirib. Dərs vəsaitinin tədrisin təkmilləşdirilməsində öz dəyərli töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Tədbirdə "Azərbaycan radiosu"nun direktoru Billurə Aslanqızının da uğuru təqdirəlayiq görülüb. Billurə Aslanqızı da kitabın müəlliflərini təbrik edərək, bu kitabın radiojurnalistikanın inkişafına xidmət göstərdiyini deyib.
"ASAN radio"nun direktoru Emin Musəvi də həmçinin, radio jurnalsitikasının önəmindən söz açıb, müasir radiomuzun bugünkü inkişafına toxunub.
BDU-nun Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva çıxış edərək kitab təqdimatı üçün əməyi keçən şəxsləri təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən Media FM radiostansiyasının təsisçisi və baş direktoru Rüstəm Əliyev radio sahəsinin gələcək inkişaf perspektivlərindən danışıb:
"30 il sonra radio Azərbaycan cəmiyyətində məşhur olacaq. Bu işin Azərbaycanın milli dəyərlərinə xidmət etməsi üçün mütəxəssislərə ehtiyac var. Radio təkcə aparıcı və redaktordan ibarət deyil. Zaman keçdikcə hər şey inkişaf edir. Bunu təkmilləşdirmək üçün mütəxəssislərə ehtiyac var. Və belə bir kitab da tam olaraq bunu göstərir", – deyə o bildirib.
BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu isə kitabın əhəmiyyətindən danışıb: “Bu kitablar gənc jurnalistlər üçün stolüstü vəsaitə çevrilməlidir. Radio jurnalistikası hər zaman özünəməxsusluğu ilə fərqlənib. Xatirə Hüseynova və Aynur Nəsirova peşəkar bir əsər ortaya qoyub. Fakültəmizdə bir neçə ildir dərsliklərin yenilənməsi prosesi baş verir. Onlar da prosesdə daim fəal iştirak edirlər".
Sonda kitabın müəllifləri Aynur Nəsirova və Xatirə Hüseynova kitabın Azərbaycanda radiojurnalistikanın və bütövlükdə medianın inkişafına töhfə verəcəyinə əminliklərini bildiriblər.
Qeyd edək ki, tədbirdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri, radio işçiləri və fakültənin müəllimləri iştirak edib.
Fatimə Məmmədova
18:33 09.12.2025
Oxunuş sayı: 1089