"Baletlər kəndi" sənədli filminin təqdimatı keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Yunus Emre İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ərsəyə gələn "Baletlər kəndi" filminin təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan Jurnalistika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev Bakı Beynəlxalq Film Festivalı çərçivəsində keçirilən bu təqdimatın əhəmiyyətinə toxunub. O, Yunus Emre İnstitutunun Bakı və Türkiyədən olan əməkdaşları, eləcə də filmin yaradıcı heyətini salamlayıb, film barədə məlumat verib.
Film Türkiyənin Çorum bölgəsində yerləşən kiçik bir kənddə balet sənəti ilə məşğul olan insanları əks etdirir və bu özlüyündə həm sənətə olan marağın, həm də mədəniyyətlərarası körpülərin qurulmasında rol oynayır.
Yunus Emre İnstitutunun koordinatoru Gökhan Seyhan çıxış edərək, filmin ərsəyə gəlmə prosesi, məqsədi və onun ictimai-sosial əhəmiyyəti barədə danışıb. O bildirib ki, “Baletlər kəndi” filmi kimi layihələrin Türkiyə-Azərbaycan mədəni əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır.
Fakültə dekanı Vüqar Əliyev qeyd edib ki, belə layihələr tələbələrin həm sənədli film janrını, həm də mədəniyyətlərarası kommunikasiya sahəsini daha dərindən mənimsəməsinə şərait yaradır.
Filmin ərsəyə gəlməsində iştirak edən yaradıcı heyət üzvləri də çıxış edərək çəkiliş prosesi, üzləşdikləri çətinliklər, yerli icmalarla əməkdaşlıq və filmin ideyası barədə fikirlərini bölüşüblər.
Tədbir zamanı film nümayiş etdirilib və tələbələrlə yaradıcı heyət arasında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
17:10 09.12.2025
Oxunuş sayı: 989