Jurnalistikanın gələcəyi necə olacaq?- Fikirlər haçalandı
Süni intellekt həyatımızın ən müxtəlif sahələrinə sürətlə təsir etməkdədir. Media robot texnologiyanın təsirinə məruz qalan məruz sferalardandır. Əvvəllər qələmlə yazdığımız halda, indi bu vərdiş, demək olar, unudulub. Hətta indi bir çox halda klaviatura ilə də yazmırıq. Bu işdə süni intllekt bizə yardımçı olur. Nə lazımdırsa, deyirik, o da edir: Sual tətib edir, sərlövhə tapır, səsi mətnə çevirir. Sadəcə qalır ona düzgün əmr vermək. Yəni nəinki "Əkinçi", "Molla Nəsrəddin", "Şərq", "Kaspi" ənənələri də artıq unudulur. Bir sözlə, jurnalistika dəyişir. Bəs bu dəyişim nə vəd edir?

Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli bu barədə Crossmedia.az-a açıqlamasında deyib ki, bu, çox mürəkkkəb məsələdir: "Başqa ölkələrdə, o cümlədən qardaş Türkiyədə bir çox televizaya kanalları hətta "TRT xəbər" hər səhəri qəzetlərlə açır. Aparıcılar qəzetlərdə olan informasiyanı təhlil edirlər. ABŞ-nin məşhur "Vaşinqton post" 7-8 il bundan tamamilə elektron versiyaya keçəcəyini bildirdi. Amma bacarmadılar. Çünki oxucular hələ də kağız variantını istəyirər".
Professor bildirib ki, Azərbaycanda bəzi qəzetlər öz nüfuzunu itirib: "Amma Azərbaycanda "525-ci qəzet", "Şərq" qəzeti, "Ədalət" qəzeti öz mövqeyini həmişə qoruyub, müasir və aktual mövzuları ortaya qoyub. "Yeni Müsavat" media qrupunun rəhbəri Rauf Arifoğlu vaxtı ilə demişdi ki, qəzetlər ömrünü başa vurmayıb, yenidən "doğulmalıdır", lakin bizim nəşrlər bunu bacarmadı. Mən də düşünürəm ki, qəzetlər müasirləşməlidir. Qəzetlərimiz təqdimatdan xəbərin çatdırılmasına, təhlilə qədər bir çox məsələdə öndə olmalıdır. Belə olsa, onlar yaşaya biləcək. İnanmıram ki, bütün qəzetlər öz fəaliyyətini dayandıracaq. Bunu mən mümkün görmürəm. İnternetdən istifadə etməyə, sosial şəbəkələrdə yazmağa nə var ki? Qəzet yeganə yerdir ki, orada, həqiqətən, yazıya poxu yoxdur. İnternet dünyasında yazıya pozu var. Xalqın bu sözünə etinasızlıq var orada. Ona görə ki, internetdə xəbər kopyalanır, yazılır, beş dəqiqə sonra isə silinir. Çünki dünya dəyişəcək, dövlətlər, fikirlər dəyişəcək amma milli mənəvi dəyərlər, dövlətçilik, ictimai maraqlar, dövlət maraqları hələ qalacaq amma bunlar yanlız qəzet səhifələrində olacaq. Əgər qəzet səhifələri yanlız internet dünyasına, informasiya texnologiyasına söykənsə haçansa bir addım bir düymə ilə bütün onları silə bilər. Amma bizim qəzetlərimiz mərkəzi kitabxanada qorunur. Ona görə çox istəyirəm ki, qəzet sıradan çıxmasın.

Bakı Slavyan Universiteti Jurnalistika kafedrasının professoru, filalogiya elmlər doktoru Şahbaz Musayev bu barədə mətbuatın cəmiyyət həyatındakı önəmindən danışıb: “Mən bir məsələyə diqqət yetirmək istəyirəm, çünki bu, olduqca vacibdir. Dünyada ilk qəzet 1609-cu ildə alman dilində, Strassburq şəhərində işıq üzü görüb. Bundan sonra Avropa ölkələrində, eləcə də Asiya ölkələrində mətbuat orqanları yaranmağa başlayıb. Düz 266-cı sırada isə 1875-ci ildə Azərbaycanda Həsən bəy Zərdabimim yaratdığı “Əkinçi” qəzeti dayaır. Təxminən 300 il ərzində qəzet bütün dünyada yeganə informasiya mənbəyi olub.
XX əsrin əvvəllərində radionun geniş vüsət alması ilə elektron jurnalistika meydana gəlib. Bir qədər sonra televiziya yaranıb. Ötən əsrin 50-ci illərindən sonra isə televiziyanın hegemonluğu dövrü başlayıb. Adətən belə düşünürdülər ki, radio yarandıqdan sonra qəzetlərə maraq azalacaq və qəzet öz dövrünü başa vuracaq. Televiziya meydana gələndə də eyni fikri irəli sürənlərin sayı çox oldu. Lakin ötən illərə nəzər salanda görürük ki, nə qəzetlər fəaliyyətini dayandırdı, nə də radio televiziyanın qarşısında təslim oldu. Qəzetlər və radiolar yeni dövrün tələblərinə uyğunlaşa bildilər. Yeni çağırışlar onların qarşısına yeni vəzifələr qoydu və onlar da bu mübarizədən qalib çıxaraq yaşamaq hüququ qazandılar.
Professor Şahbaz Musayev “Ümumidünya Hörümçək Toru”- internetin meydana gəlməsi ilə qəzetlərin sferasında vəziyyətin mürrəkəbləşdiyin vurğulayıb:
-“Əlbəttə, indi internet dövrü başlayıb. Tamamilə yeni bir zamana qədəm qoymuşuq – informasiya-kommunikasiya texnologiyaları dövrünə. Hər gün yeniliklər eşidirik. İnternet meydana gəldikdən sonra vəziyyət bir qədər dəyişdi. “Ümumidünya hörümçək toru” adlandırılan internet, doğrudan da, bütün dünyanı öz toruna alıb. Bu səbəbdən qəzet, radio və televiziya sferasında vəziyyət kifayət qədər mürəkkəbləşib. Artıq hər şey internet üzərindən həyata keçirilir, internetsiz heç nə mümkün deyil. Bu gün acı reallıqla üz-üzəyik: çap mediası elektron medianın qarşısında öz gücünü hər gün itirməkdə davam edir. Üstəlik, qəzetlərə marağın azalması da müşahidə olunur. Bu, bütün dünyada belədir.
Amma dünya ölkələrində çap mediası əvvəlki qədər populyar olmasa da fəaliyyətini davam etdirir. Məsələn, Amerika Birləşmiş Ştatlarında “The Washington Post”, “The New York Times”, “Los Angeles Times” kimi mətbuat orqanları yüksək tirajla çap olunur. Yaxud texnologiyanın ən çox inkişaf etdiyi ölkələrdən olan Yaponiyada “Yomiuri”, “Mainichi”, “Asahi” qəzetləri var. Bu üç qəzet demək olar ki, Yaponiyadakı ümumi qəzet tirajının yarısını təşkil edir. İndiki çətin jurnalistika şəraitində həm Amerikada, həm Yaponiyada, həm də digər ölkələrdə çap mediası hələ də oxunur.
Maraqlı məqamlardan biri də budur ki, həmin ölkələrdə yeni texnologiyaların meydana gəlməsi çap mediasının üzləşəcəyi problemlərin qarşısını almaq üçün əvvəlcədən ciddi tədbirlər görülməsi ilə müşayiət olunub. Məsələn, bu gün Amerikanın aparıcı qəzetlərinin elektron versiyalarının milyonlarla abunəçisi var. Məhz bu abunələr hesabına onlar eyni zamanda qəzetlərin çap versiyasını da qoruyub saxlayırlar. Dünyaca populyar qəzetlərin böyük əksəriyyəti ictimai rəyə təsir etmə gücünə malikdir və yalnız ABŞ-da deyil, bütün dünyada ictimai fikrə təsir göstərə bilirlər. Ona görə də onların reklam bazası da kifayət qədər güclüdür. Beləliklə, çap mediası olaraq öz ehtiyaclarını müxtəlif yollarla qarşılaya bilirlər.
Azərbaycan mediası, xüsusilə də çap mediası isə müəyyən dərəcədə çətinliklər yaşayır. Bəs bu, doğrudanmı, çap mediasının sonudur? Mən hesab edirəm ki, çap mediası çətin günlərini yaşayır, lakin bunun son olduğunu düşünmürəm. Burada bir müqayisə də aparmaq olar: dünyanın hər yerində kitabların elektron versiyaları mövcuddur, elektron kitabxanalar fəaliyyət göstərir. Ancaq klassik kitabxanalar bu gün də mövcudluğunu qoruyur.
Eləcə də hesab edirəm ki, Azərbaycanın mətbuat orqanlarının kağız versiyalarının qorunması üçün müvafiq addımlar atıla bilər. Bunun ən yaxşı yollarından biri abunənin təşkilidir. Etiraf etmək lazımdır ki, bu gün Azərbaycanda populyar olan qəzetlərin bir çoxu vaxtında tədbirli davranaraq abunə işlərini qaydaya salıblar və bu gün onların müəyyən sayda abunəçisi var. Məhz abunəçilər hesabına ayaqda dura bilirlər. Vaxtında bu məsələni düzgün həll etməyən çap orqanlarının gələcəkdə ayaqda qalması daha çətin olacaq".
O, qəzet ənənəsinin yaşamağının tərəfdarı olduğunu bildirib: "Ənənəvi medianın öz yeri var – bu, bir ənənədir. Qəzet nüsxələrinin indiki və gələcək nəsillər üçün anlaşılmaz bir predmetə çevrilməsini istəmirəm. Amma bir daha vurğulayıram ki, bu, bizim istəyimizdən asılı deyil – zamanın tələbidir. Təəssüf ki, bəzi mətbuat orqanları problemi vaxtında görə-görə lazımi tədbirlər görməyiblər. Amma hesab edirəm ki, heç nə üçün gec deyil. Mövcud informasiya-kommunikasiya texnologiyaları dövründə rəqabət mühitində yaşamaq uğrunda mübarizəni axıra qədər davam etdirmək lazımdır.
Yaxın zamanda vəziyyətin hara gedəcəyini görəcəyik. Mən tamamilə pessimist olmağı doğru saymıram.”

İKT üzrə ekspert Elvin Abbasov isə süni intellektin mediaya təsirindən danışıb: "Süni intellekt jurnalistikada artıq rutin və vaxtaparıcı prosesləri böyük sürətlə avtomatlaşdırmağa başlayıb. Xəbərlərin ilkin yazılması, məlumatların strukturlaşdırılması, operativ məlumat axınının təhlili, hətta müəyyən mövzularda qısa analitik xülasələrin hazırlanması kimi sahələrdə bu texnologiya real səmərəlilik yaradır. Lakin süni intellektin inkişaf tempi nə qədər yüksək olsa da, jurnalistikanın tamamilə əvəz olunacağı gözlənilmir. Çünki araşdırma aparmaq, mənbələrlə canlı ünsiyyət, hadisə yerində situasiyanın qiymətləndirilməsi, obyektivlik və etik çərçivələri qorumaq, eləcə də cəmiyyətə təsir edən mövzuları düzgün kontekstdə təqdim etmək kimi funksiyalar hələ də insan təcrübəsinə və peşəkar məsuliyyətinə əsaslanır. Gələcəkdə süni intellekt jurnalistlərin əvəzedicisi deyil, daha çox gücləndirici alət kimi çıxış edəcək. Bu sahəni seçən gənclər isə bilik və analitik bacarıqlarla yanaşı, texnologiya savadlılığına da sahib olduqları halda əmək bazarında daha güclü mövqe qazana biləcəklər”.
Fatimə Nəzərli
10:57 03.12.2025
Oxunuş sayı: 518