Mətbuatımızın inkişafında Qarabağ ziyalılarının rolu
Qarabağ XIX əsrdən etibarən Azərbaycan ədəbi-mədəni həyatının ən fəal
bölgələrindən biri idi. Şuşa mədəni mühiti xüsusilə güclü idi və burada yetişən
şairlərin əsərləri XX əsrdə müxtəlif mətbuat orqanlarında dərc olunurdu. Qarabağın
tanınmış şairləri milli mətbuatın formalaşdığı ilk illərdə və sonrakı dövrlərdə
Azərbaycanın qəzetlərində, ədəbi jurnallarında və digər mətbuat orqanlarında öz
yaradıcılıqları ilə təmsil olunublar.
Milli mətbuatın yaranması (1875-ci ildə "Əkinçi" qəzeti ilə) və
formalaşması Qarabağlı şairlərin də bu mühitdə fəaliyyət göstərməsinə imkan
yaradıb.
Hələ "Əkinçi" qəzetinin fəaliyyət
göstərdiyi dövrdə və sonrakı dövrlərdə ("Kəşkül", "İrşad",
"Həyat" kimi qəzetlərdə) Qarabağdan olan şairlərin əsərləri öz əksini
tapmışdır. Şairlərin əsərləri dövrün qəzetlərində, o cümlədən
"Əkinçi" kimi milli mətbuatın ilk nümunələrində dərc olunub.
Qarabağ ziyalılarından İbrahim Tahir Şuşalı, Məhəmmədəli bəy Məxfi, Haşım bəy Vəzirov və b. milli mətbuatın inkişafında da öz töhfələrini vermiş, Azərbaycan ədəbiyyatının və mətbuatının zənginləşməsinə xidmət etmişlər.

Məhəmmədəli bəy Məxfi
Məhəmmədəli bəy Məşədi Əsədulla bəy oğlu 1832-ci ildə Şuşada anadan olub. Atası Məşədi Əsədulla
bəy Hacı Həsənəli bəy oğlu Vəliyev Şuşada tacir kimi tanınıb. İbtidai təhsilini
atasından aldıqdan sonra təhsilini mədrəsədə davam etdirib. Şuşa qəza məktəbində
isə rus dilini öyrənir. Şamaxı, Tiflis, İrəvan və Şuşada qəza
idarələrində məmur kimi fəaliyyət göstərib. Mülki xidmətə tərcüməçiliklə
başlayan o, öz xidmətində quberniya katibi çinindən titulyar müşavir çininə qədər
yüksəlib.
Məhəmmədəli bəy
həm də şair olub. Məxfi təxəllüsü ilə şeirlər yazıb. Füzuli ədəbi məktəbinin
nümayəndəsi olaraq eyni zamanda, Molla Pənah Vaqifin ədəbi
irsindən də təsirlənib. Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə və digərləri
öz əsərlərində ondan bəhs ediblər. XIX əsrin ikinci yarısında Xurşudbanu Natəvanın evində təşkil olunmuş
"Məclisi-üns"-ün üzvü olub.
Harada işləməsindən asılı olmayaraq dövrün mütərəqqi ruhlu şairləri, xüsusilə Həsən bəy Zərdabi ilə yaxın dostluq əlaqəsində olmuş və onun təsis etdiyi “Əkinçi” qəzetində aktual mövzulu məqalələrlə çıxış etmişdir.

Haşım bəy Vəzirov - Haşım bəy Vəzirov
1867-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Öncə molla yanında, müddərrislərdən
Molla Həmid və Molla Əlidən dərs almışdır. Sonra şəhər məktəbini bitirmişdir.
İrəvan Müəllimlər Seminariyasında oxumuşdur. Müəllimlər Seminariyasını
tamamladıqdan sonra Böyük Vedi kəndində müəllimliyə başlamışdır. Sonra dəyişilərək
Cavanşir qəzasının Alpout, Şəki qəzasının Kiçik Köynük, Cavanşir qəzasının Bərdə
kəndlərində müəllimlik etmişdi. Bir müddət isə məktəb naziri (müdiri)işləmişdir.
İmperator Nikolay Aleksandroviçin tacgüzarlığı ilə bağlı Şuşada "müsəlman-rus"
məktəbi yaradılır. Mir Haşım bəyi bu məktəbə nazir (direktor) vəzifəsinə dəvət
edirlər.
Mir Haşım bəy təəssübkeş bir millətçi idi. 1905-1906-cı illərdə erməni
quldurlarına qarşı mübarizə aparmışdı. 1906-cı ildə hökumət tərəfindən tutulub,
sürgün edilməsinə qərar verilmişdi. Onun sürgün olunması barədə artıq hökm
verilir. Lakin xəstə olduğundan Mir Haşım bəyin sürgünə göndərilməsi təxirə
salınsa da, qubernatorun razılığı ilə sağalan kimi Şuşadan Stavropola
sürülmüşdü. Onun sürgün həyatı uzun çəkmir, artıq 1906-cı ilin ortalarında
sürgündən azad olunan Mir Haşım bəy Şuşaya, sonra Bakıya qayıdır və ömrünün
axırınadək Bakını özünə daimi məskən edir. Bakıya qayıtdıqdan sonra Əhməd
Ağaoğlunun "İrşad" qəzetilə əməkdaşlıq edən Mir Haşım bəy sonra bir
müddət qəzetin müvəqqəti redaktoru olmuşdu. "İrşad"ın on beş nömrəsi
onun redaktorluğu ilə çıxmışdı. "İrşad"dakı fəaliyyəti ilə Mir Haşım bəyin
professional jurnalistlik dövrü başlamışdır. Bundan sonra o özü müstəqil bir qəzet
yaratmaq fıkrinə düşür və 1907-ci il aprelin 1-də "Tazə həyat" qəzetini
nəşr etdirir. Bu qəzet tərəqqipərəst mövqe tutduğundan uzun müddət yaşaya
bilmir, 1908-ci ildə oktyabrın 7-də qapanır. Sonra Haşım bəy
"İttifaq" qəzetini nəşr etdirir. "İttifaq" da 1909-cu ildə
bağlanmışdır. Həmin ildə o, "Səda" qəzetini nəşrə başlamışdır. Bu qəzet
Haşım bəyin nəşr etdiyi mətbuat içərisində ən çox yayılanlardandır.
1911-ci ildə Bakıdakı bir çox mühərrirlərlə bərabər Haşım bəy Vəzirov da həbs
olunur. Sonra həbsdən çıxmağa müvəffəq olur. "Səda" qəzeti
qapandıqdan sonra "Qafqazist" adlı bir rus qəzetini, "Sədayi-vətən",
"Sədayi-həqq", nəhayət, "Sədayi-Qafqaz" qəzetlərini nəşr
edir. Bu axırıncı qəzet 180 nömrə çıxdıqdan sonra hökümət tərəfindən rəsmən
qapanmışdır. Haşım bəy məşhur məzhəkə jurnalı olan "Məzəli"nin də mühərriri
idi. Bu jurnal "Molla Nəsrəddin"dən sonra mətbuat tarixində ən görkəmli
məzhəkə jurnalıdır. Burada günün siyasi həyatı kəskin bir qələm ilə əks olunur.

İbrahim Tahir Musayev (1869, Şuşa-1943, Bakı)- XIX əsrin
sonu - XX əsrin birinci yarısında yaşamış, zəngin ədəbi irsə malik,
yaradıcılığında klassik ədəbiyyatın ənənələrini yaşadan şairlərimizdən
biridir. Qarabağ ədəbi mühitinin yetirməsi
olaraq tanınıb. Gəncliyində ticarətlə məşğul olan İ.Tahir XX əsrin əvvəllərində
Bakıda nəşr olunan əksər qəzet və jurnallarla əməkdaşlıq əlaqəsi yaradıb, mətbuatda
ardıcıl olaraq şeirləri, publisistik məqalələri ilə çıxış edib.
O, lirik şeirlər yazır, şeir və məqalələrində geriliyi tənqid edir, həmvətənlərini tərəqqiyə, maarifə dəvət edir, milli istiqlal arzularını tərənnüm edirdi. Onun çoxsaylı yazıları “Nofəl”, “Ağcaqanad”, “Şahdəyi”, “Şişeyi”, “Tərəqqi” imzaları ilə "Şərqi-rus", "Molla Nəsrəddin", "İrşad", "Füyuzat", "Tərəqqi", "Sədayi-həqq", "Dəbistan", "Yeni kənd" və başqa mətbuat orqanlarında dərc edilmişdir. Maraqlıdır ki, İ.Tahir bir sıra məsələlərə münasibətdə bir-biri ilə əks mövqedə dayanan Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin" və Əli bəy Hüseynzadənin "Füyuzat" jurnallarında yazıları ilə çıxış edir, hər iki redaksiya əməkdaşları ilə dostluq əlaqələri saxlayırdı. Onun C. Məmmədquluzadə ilə dostluğuna dair maraqlı faktlar mövcuddur. Xalqı milli birliyə, həmrəyliyə çağıran şair millətin ziyalılarını bir-birinə yaxınlaşdırmağı, mübahisə düşərkən onları barışdırmağı özünə borc bilmişdir.

Fərhad Ağazadə( 1880, Şuşa – 1931,Bakı) Şuşada şəhər məktəbini bitirdikdən sonra 1898-ci ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasına qəbul olur və 1900-cü ildə oranı bitirir. Həmin ildən – 1900–1905-ci illərdə əvvəlcə Xaldan (1900), Şuşa (1901–1902), Gorus (1902–1905) Gəncə (1905) məktəblərində müəllim işləmiş, 1905-ci ildə pedaqoji fəaliyyətini Bakıda davam etdirmiş, rus-Azərbaycan və "Səadət" məktəblərində çalışmışdır.
F.Ağazadə Qafqaz müsəlman müəllimlərinin Bakıda
keçirilən I (1906), II (1907) qurultaylarının iştirakçısı olmuş, hər iki
qurultayın katibi seçilmiş, yeni dövrdə tədrisin aktual problemlərinə dair məruzələrlə
çıxış etmişdir. F. Ağazadə "İkinci il" (1908); M.Mahmudbəyov,
S.Əbdülrəhmanbəyov, S.Axundov, A.Talıbzadə və A.Əfəndizadə ilə) dərsliyini tərtib
etmişdir. O, 1910-cu illərdə Azərbaycan ədəbiyyatı və dilinin inkişafı ilə
maraqlanmağa başlamış və bu sahədə xeyli iş görmüşdür. O, 1912-ci ildə "Ədəbiyyat
məcmuəsi" adlı kitab tərtib edib çapdan buraxdırmışdır. F.Ağazadə ərəb əlifbasının yeni, latın əlifbası ilə əvəz
edilməsində böyük xidmətləri olmuşdur. Çünki 1906-cı ildə yeni əlifba layihəsi
tərtibi ilə bağlı bu sahədə xeyli çalışmışdır. Lakin Azərbaycandakı mövcud vəziyyət, çar Rusiyasının müstəmləkəsi Fərhad Ağazadənin
arzularının reallaşmasına imkan vermir, necə deyərlər, uzun zaman çəkdiyi zəhmət
işıq üzünə çıxarılmır.
Fərhad Ağazadə Azərbaycan Cümhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin ən fəal yazarlarından biri olmuşdur. Qəzetin
çox nadir səhifələrində onun imzasına rast gəlinmir. 1919–1920-ci illərdə isə,
demək olar ki, "Azərbaycan"ın hər nömrəsində F.Ağazadənin müxtəlif
mövzularda yazıları dərc edilmişdir. O, məqalələrində xalqının, millətinin
nicatını elmdə, təhsildə gördüyünü yazmış, yetişən gəncliyi təhsil almağa
çağırmışdır.
Milli mətbuatımızın inkişafında xüsusi xidmətləri
olan ziyalılarımızdan biri də dünya şöhrətli dahi sənətkar Üzeyir Hacıbəylidir. Azərbaycan mətbuatını Ü.Hacıbəylisiz təsəvvür
etmək mümkünsüzdür. Çünki burada onun özünəməxsus, müstəsna yeri vardır.
Dahi Üzeyir
bəy, eyni zamanda Qarabağımızın başqa tanınmış şəxsiyyətlərinin mətbuat fəaliyyəti
haqqında sonrakı yazımızda geniş məlumat verəcəyik.
Göründüyü kimi Azərbaycan mədəniyyətinin, ədəbiyyatının,
mətbuatının inkişafında Qarabağ
ziyalılarının əvəzsiz xidmətləri olmuşdur. Hər bir ziyalımız mətbuatımızın
səhifələrində öz fikirlərini diqqətə
çatdırmağa nail olmuşdur. Bugün XIX əsr dövrü mətbuatında öz əksini tapmış belə
dəyərli ziyalılarımızın yazılarının
araşdırılması sahəsində görülən işlər təqdirəlayiqdir. Bu istiqamətdə əməyi keçən
hərkəsə təşəkkürlərimizi bildiririk.
Yazımızı İbahim Tahir Şuşalının “Molla Nəsrəddin”
jurnalında “Nofəl” imzası ilə qələmə alıb çap etdirdiyi “Şişənin” adlı şerindən
bir beyti ilə bitirmək istəyirəm:
“ Şişənin”
Abü həvası pozulub Şişənin,
Sünbül, reyhanı solub Şişənin.
Sakini bivayə qalıb Şişənin,
Aqibəti gör nə olub Şişənin.
Dərya kimi hər nə atırsan batır,
Çox da, əgər az da atırsan batır,
Mömin əgər gəlsə, olur şarlatan,
Tülkü olur həmlədə şiri-jəyan.
Yox mana dəxli ki, filan, filan
Ad qazanıb, eylədilər kəsbşan.
Axmağa hey yatma, deyirsən yatır,
Zahiri hər bir görəni aldadır.

Tünzalə Əlizadəqızı
Filologiya üzrə fəlsəfə doktoru AMEA Məhəmməd Füzuli adına Əlyazmalar
İnstitutunun Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin
aparıcı elmi işçisi
15:43 02.12.2025
Oxunuş sayı: 3726