Natiq Cəfərli: Zəngəzur dəhlizinin açılması Azərbaycanı iqtisadi mərkəz edəcək - MÜSAHİBƏ
Cənubi Qafqaz regionu onilliklərdir davam edən gərginliklərdən sonra tarixi bir dönüş nöqtəsinə yaxınlaşır. Siyasi münasibətlərdə yumşalma, qarşılıqlı diplomatik jestlər və regionun gələcəyinə dair yeni baxışlar həm dövlətlər, həm də cəmiyyətlər arasında ehtiyatlı da olsa ümid yaradır. Müharibənin izlərini hələ də daşıyan iki xalq — Azərbaycan və Ermənistan — indi yeni reallığın tələbləri ilə üz-üzədir: davamlı sülhün qurulması, qarşılıqlı etimadın bərpası və regionun inkişaf perspektivlərinin açılması. Bu çətin və çoxqatlı proses təkcə siyasətçilərin deyil, həm də ekspertlərin, vətəndaş cəmiyyətinin və beynəlxalq aktorların aktiv iştirakını tələb edir. Məhz belə bir dövrdə aparılan hər bir obyektiv analiz, real situasiyanın doğru qiymətləndirilməsi və gələcək üçün sağlam proqnozlar xüsusi əhəmiyyət kəsb edir.
Cənubi Qafqazda gedən proseslərlə bağlı həmçinin Zəngəzur dəhlizinin region üçün üstünlükləri ilə bağlı REAL Partiyasının sədri Natiq Cəfərli Crossmedia.az-a müsahibə verib:
— Azərbaycan–Ermənistan arasındakı normallaşma prosesinin hazırkı mərhələsini necə qiymətləndirirsiniz?
— Hazırkı mərhələ əvvəlki illərlə müqayisədə daha pozitiv görünür. Artıq vətəndaş cəmiyyəti səviyyəsində təmaslar başlayıb. Azərbaycan nümayəndələrinin Ermənistana, erməni vətəndaş cəmiyyəti təmsilçilərinin isə Azərbaycana səfərləri baş tutub. Son səfərdə Ermənistan nümayəndə heyəti Prezidentin köməkçisi Hikmət Hacıyevlə də görüşdü. Bu, iki cəmiyyət arasında illər sonra yaranmış ilk real dialoqun əlamətidir. Dövlətlərarası münasibətlərdə də irəliləyiş var. Bunun ən mühüm göstəricisi 8 avqustda Vaşinqtonda paraflanmış sənəddir. Bu, ABŞ kimi böyük dövlətin iştirakı ilə aparılan prosesin real nəticəyə yaxınlaşdığını göstərir. Hazırda əsas məsələ kommunikasiya xətlərinin açılmasıdır. Zəngəzurdan keçəcək yol üzrə də razılaşmalar mövcuddur. Azərbaycan üzərinə düşən işlərin böyük hissəsini tamamlayıb və gözlənilir ki, 2026-cı ilin sonuna bütün kommunikasiya xətləri hazır vəziyyətə gətiriləcək. Ermənistan tərəfdə də müəyyən tərpəniş var. ABŞ artıq ilk tranşı ayırıb, texniki əsaslandırma işlərinə start verilib. Lakin Ermənistanda yaxınlaşan seçkilər prosesin sürətinə təsir edir. Böyük ehtimalla, yolun təməlinin qoyulması mərasimi belə seçkiyə hesablanacaq. Buna baxmayaraq, ümumi dinamika göstərir ki, gələn il normallaşma istiqamətində daha sürətli addımlar atılacaq.
— Vətəndaş cəmiyyəti səviyyəsində təmaslar yenidən başlayıb. Azərbaycan və Ermənistan ictimaiyyətlərinin reaksiyası isə hələ də fərqlidir. Sülhdən sonra bu münasibətlər dəyişə bilərmi?
— Cəmiyyətlərin reaksiyasının fərqli olması tam təbiidir. Uzun illər müharibə yaşamış iki xalq arasında həssaslıq qalması normaldır. Ermənistanda istənilən halda 15–20 faiz revanşist kütlə olacaq. Azərbaycanda isə 2020-ci ilə qədər vətəndaş cəmiyyəti proseslərə çox neqativ yanaşırdı. Çünki biz o zaman məğlub tərəf sayılırdıq. İndi vəziyyət dəyişib, Azərbaycan qalibdir və tələb etdiyi məsələlərin əksəriyyəti artıq reallaşır. Hazırda Azərbaycan cəmiyyətinin münasibətinin yumşalması zəruridir. Biz regionda uzunmüddətli strategiyanı düzgün qura bilsək, Cənubi Qafqazın iqtisadi, demoqrafik və siyasi liderinə çevrilə bilərik. Tarix göstərir ki, ən sərt müharibələr keçirmiş dövlətlər belə normal münasibətlər qurmağa nail ola biliblər. Bizim də məqsədimiz emosiyalarla deyil, gələcəklə düşünməkdir.
— Ermənistan Parlamentinin spikeri Alen Simonyan Azərbaycan səfərinə hazır olduğunu bildirib. Bu cür yüksək səviyyəli səfərlər real görünürmü?
— Artıq müxtəlif səviyyələrdə təmaslar olub. Ermənistan xüsusi xidmət rəhbərlərinin Bakıya gəlişi, Azərbaycan rəsmilərinin Ermənistan ərazisində görüşləri buna misaldır. Hesab edirəm ki, gələn il yüksək səviyyəli diplomatik təmasların artması realdır. Mayın 6-da İrəvanda keçiriləcək Avropa Siyasi Toplantısında Azərbaycan xarici işlər naziri səviyyəsində təmsil oluna bilər. Daha yüksək səviyyəli səfər üçün hələ zəmin tam formalaşmayıb, xüsusən də Ermənistandakı seçkilərdən əvvəl.
— Kollektiv Təhlükəsizik Müqaviləsi Təşkilatının (KTMT)sülh prosesinə maraqlı olduğunu bəyan etməsi nə dərəcədə səmimidir?
— KTMT faktiki olaraq mövcud olmayan, yalnız Rusiyanın siyasi aləti kimi fəaliyyət göstərən bir qurumdur. Təşkilatın öz üzvləri belə zaman-zaman bir-birinə silah çəkirlər. Rusiyanın 2020-ci ilə qədər Ermənistanın işğal siyasətinə verdiyi dəstək hamıya məlumdur. Bu gün Ermənistanda formalaşan anti-Rusiya ovqatının səbəbi də budur: onlar Rusiyanı yarımçıq müttəfiq sayırlar. Bu baxımdan KTMT-nin səmimiyyətindən danışmaq mümkün deyil.
— Ermənistan hələ də KTMT-dən formal olaraq çıxmayıb. Bu nəyə görə baş verir?
- Bunun iki səbəbi var. Birincisi, Ermənistan KTMT-nin təsisçi ölkəsidir. Təsisçi statusundan çıxmaq üçün bütün nizamnamə sənədlərinin yenidən yazılması tələb olunur. İkinci səbəb isə Rusiyanın reaksiyasından ehtiyatlanmaqdır. Ermənistan ordusunun 95 faizi rus silahlarından ibarətdir və bütün ehtiyat hissələri yalnız Rusiyada istehsal olunur. KTMT üzvləri bu hissələri demək olar ki, pulsuz alır. Buna görə də Ermənistan hüquqi olaraq tam çıxmağa tələsmir.
— Gümrüdəki Rusiya bazasının Ermənistan hakimiyyəti üçün təzyiq vasitəsi olması mümkündürmü?
— Rusiya Ermənistanda çevriliş etmək istəsə belə, onun qoya biləcəyi lideri erməni cəmiyyəti qəbul etmir. Karapetyan, Vardanyan və digər Moskva yönlü fiqurlarla bağlı cəhdlər buna nümunədir. Rusiya hərbi güc tətbiq edə bilər, lakin xalq dəstəyi olmadan heç kim uzunmüddətli hakimiyyət qura bilməz. Buna görə də hazırda Kremlin belə bir addım atmaq imkanları məhduddur. Mövcud vəziyyət Ermənistan baş naziri Nikol Paşinyan üçün də, Moskva üçün də ən optimal variantdır.
— Zəngəzur dəhlizinin açılmasının region iqtisadiyyatına təsiri necə olacaq?
— Burada gözləntilərin real çərçivəyə salınması vacibdir. Ermənistan bazarı çox kiçikdir və Azərbaycanın bu bazardan qazanacağı böyük rəqəmlər gözlənilməməlidir. Əsas üstünlük tranzit və logistika baxımındandır. Dünyada quru yolu ilə daşınan yüklərin 25 faizi Rusiya üzərindən keçirdi. İndi isə sanksiyalara görə bu yol bağlanıb. Azərbaycan yeni alternativ kimi önə çıxır. Lakin tranzitdən birbaşa böyük gəlirlər əldə olunmayacaq. Ən böyük qazanc – Azərbaycanın regional logistika mərkəzinə çevrilməsidir. Azərbaycanın coğrafiyası bu imkanı yaradır. Böyük Rusiyaya, böyük İrana, Orta Asiya bazarlarına və Avropaya ən qısa çıxış məhz buradan keçir. Dünyada elektron ticarət və böyük marketplace-lərin genişləndiyi dövrdə Azərbaycan bu mərkəzləri özünə çəkmək potensialına malikdir. Bir növ 90-cı illərin Sədərək bazarının daha böyük, daha modern regional modelini yaratmaq mümkündür.
Elmir Heydərli
Fatimə Hacıəliyeva
14:19 02.12.2025
Oxunuş sayı: 1788