Almaniyada Zəfər Gününə həsr olunan şənlik keçirilib
Almaniya Azərbaycanlıları Alyansının dəstəyi, Avropa Azərbaycan Mərkəzi və Azərbaycan–Ukrayna Beynəlxalq Mədəniyyət Körpüsünün birgə təşkilatçılığı ilə Almaniyanın Gelzenkirxen şəhərində 8 Noyabr - Zəfər Gününün 5-ci ildönümünə həsr olunan musiqili tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin dərin ehtiramla yad olunması ilə başlayıb.
Avropa Azərbaycan Mərkəzinin rəhbəri, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Zaur Əliyev çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı qələbənin tarixi əhəmiyyətindən danışıb. Şanlı Zəfərimizin ədalətin bərpası, milli birliyin möhkəmlənməsi və gələcəyə inamın rəmzi olduğunu vurğulayıb.
Azərbaycan–Ukrayna Beynəlxalq Mədəniyyət Körpüsünün sədri Günay Hüseynova dost xalqların icmaları arasında əməkdaşlığın və həmrəyliyin önəminə diqqət çəkərək, bu istiqamətdə uğurlu işlərin görüldüyünü söyləyib.
Tədbirdə həm Vətən müharibəsində, həm də sonrakı dövrdə Azərbaycan diasporunun informasiya mübarizəsində həmişə dəqiq faktlara əsaslandığı vurğulanıb.
12:57 24.11.2025
Oxunuş sayı: 2768