Elm və təhsil nazirinin müavini prioritet istiqamətləri açıqlayıb
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov təhsil sahəsindəki prioritet istiqamətləri açıqlayıb.
Crossmedia.az nazirliyə istinadən xəbər verir o, bu barədə Lənkəran rayonuna səfəri çərçivəsində keçirdiyi görüşlərdə danışıb.
Nazir müavini işğaldan azad olunmuş ərazilərdə görülən işlər barədə məlumat verib və bildirib ki, ölkəmizin qarşısında duran prioritet məsələ XXI əsrin tələblərinə cavab verən bilik və bacarıqlara malik, hərtərəfli dünyagörüşə, öz ailəsinə, cəmiyyətə, dövlətə, ailədə və ölkəmizdə qəbul edilən mənəvi-əxlaqi dəyərlərə hörmət edən, Vətənin dinc quruculuğu və müdafiəsinə hazır olan yeni nəslin formalaşdırılmasıdır.
Görüş çərçivəsində “Qarabağa təhsil qayıdır”, “Müasir təhsil imkanları - yeni dövr və yeni perspektivlər”, “Dünyəvi tendensiyalar müasir təhsildə”, “Hibrid və sosial mediada təhsil”, “IV texnoloji inqilab”, “Təhsilin təcrübə ilə birləşdirilməsi”, “Müəllimin rolunun dəyişməsi və yeni peşələr”, “STEAM təhsili və festivalı”, “Uşaq və şagirdlərin yaradıcılıq fəaliyyəti, sağlamlığı və təhlükəsizliyi”, “Tələbələrin işlə təmin olunması” mövzularından danışılıb.
Səfərin sonunda Firudin Qurbanov vətəndaşların qəbulunu keçirib. Qəbula gələn vətəndaşların müraciətləri əsasən məşğulluq və digər məsələlərlə bağlı olub. Nazir müavini hər bir müraciətin operativ araşdırılması və qanunvericiliyə uyğun həll olunması ilə bağlı müvafiq tapşırıqlar verib.
Nazir müavini, həmçinin Lənkəran şəhəri 7 nömrəli körpələr evi-uşaq bağçasında olub, məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti, yaradılmış şərait və uşaqların inkişafı üçün formalaşdırılmış imkanlarla maraqlanıb. Nazir müavini Lənkəran şəhəri V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin vəziyyəti ilə tanış olub. Pedaqoji kollektiv və şagirdlərlə görüşüb. İdman zalı, kitabxana, bufet və sinif otaqlarına baxış keçirib. Nazir müavini tədris prosesi ilə tanış olub, dərsləri izləyib və müəllim-şagird heyəti ilə səmimi söhbətlər aparıb.
Bölgədə fəaliyyət göstərən təhsil müəssisələrinin pedaqoji heyəti ilə keçirilən görüş zamanı tədrisin keyfiyyətinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb, müəllimlərin təklif və rəyləri dinlənilib. Müzakirələrdə müəllim fəaliyyətində məsuliyyətin artırılması, laqeydliyin qarşısının alınması və təşəbbüskarlığın stimullaşdırılması kimi məsələlər diqqət mərkəzində olub.
Nazir müavini bildirib ki, müasir dövrdə müəllimin rolu dəyişir. Müəllim şagirdlərə kömək etməli, istiqamət verməli və onların marağını cəlb etməlidir.
21:46 22.11.2025
Oxunuş sayı: 3810