Azərbaycan Milli Kitabxanası İƏT ölkələrinin Milli Kitabxana rəhbərlərinin VII görüşündə təmsil olunub
20 noyabr 2025-ci il tarixində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Milli Kitabxana rəhbərlərinin VII görüşü Türkiyənin Ankara şəhərində, ölkənin kitabxana tarixində xüsusi yeri olan Adnan Ötüken Xalq Kitabxanasında keçirilib.
Bu barədə Crossmedia.az-a Azərbaycan Milli Kitabxanasından məlumat verilib. Tarixi məkanda təşkil olunan toplantı həm ənənə, həm də müasir rəqəmsal transformasiya tendensiyalarının bir araya gətirilməsi baxımından mühüm tədbir kimi dəyərləndirilib. Tədbirdə İƏT üzv ölkələrinin nümayəndə heyətləri – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, İran, Əfqanıstan, eləcə də müşahidəçi statusunda Şimali Kipr Türk Cümhuriyyəti çıxış ediblər. Nümayəndələr son illərdə reallaşdırılan rəqəmsal layihələr, milli-mədəni irsin qorunması sahəsində görülən işlər və qarşılıqlı əməkdaşlıq imkanları barədə geniş məlumat təqdim ediblər.

Günün əsas hissəsində keçirilən birləşmiş sessiyalarda üç əsas mövzu müzakirə olunub. İlk olaraq üzv dövlətlər milli kitabxanaların rəqəmsal infrastrukturunun inkişafı, məlumatların təhlükəsiz saxlanılması və açıq giriş imkanlarının genişləndirilməsi istiqamətində atılan addımlar haqqında təqdimatlar ediblər. Daha sonra rəqəmsal savadlılığın artırılması, kitabxanaçıların peşəkar hazırlığı, işçi mübadiləsinin təşkili və regional təlim proqramlarının genişləndirilməsi mövzuları üzrə fikir mübadiləsi aparılıb. Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov “Azərbaycan Milli Kitabxanası – rəqəmsal layihələr” mövzusunda məruzə və təqdimatla çıxış edib. Direktor çıxışında Milli Kitabxananın son illərdə həyata keçirdiyi “Elektron musiqi kitabxanası”, “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi əsasında hazırlanan “Azərbaycan əlyazmaları dünya kitabxanalarında”, həmçinin, əlamətdar və tarixi hadisələr mövzularında hazırlanan tammətnli Elektron məlumat bazalarından danışaraq mədəni irsin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasında rəqəmsallaşdırmanın xüsusi əhəmiyyətini qeyd edib. O, mədəni irs nümunələrimizin dünyada təbliği məqsədilə Azərbaycan Milli Kitabxanasının həyata keçirdiyi rəqəmsal layihələr barədə də məlumat verib.
Sessiyaların yekununda İƏT Nizamnaməsinin 12-ci maddəsinə əsasən Rəqəmsal İnfrastruktur, Qoruma, İctimai İştirak və Maliyyələşmə üzrə dörd ixtisaslaşmış alt komitənin yaradılması barədə qərar qəbul edilib. Bu komitələrin tərkibinin müəyyənləşdirilməsi üzv ölkələrlə əlavə koordinasiya aparıldıqdan sonra yekunlaşdırılacaq.
Günün sonunda görüşün nəticələri ümumiləşdirilərək “Ankara Bəyannaməsi 2025” sənədinin layihəsi üzərində razılıq əldə olunub və 2025–2027-ci illər üçün Şuranın yeni sədri və katibliyi seçilib.
Tədbir İƏT ölkələri arasında mədəni və elmi əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli addım kimi dəyərləndirilib.
16:30 20.11.2025
Oxunuş sayı: 848