Zəfər Gününün qəhrəman ruhu güləş xalçasında
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkilatçılığı ilə Zəfər Gününə həsr olunan yunan-Roma güləşi üzrə yeniyetmələr arasında klub turniri keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, əvvəlcə Vətən uğrunda canlarından keçən qəhrəman övladların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
GAİM-in icraçı direktoru Murad Muradov açılış nitqində Zəfər Gününün tarixi əhəmiyyətindən və bu cür tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsindəki rolundan danışıb.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov və ölkəmizin Gürcüstandakı səfirliyinin nümayəndəsi Kəmal Xəlilov çıxışlarında Zəfər Günü münasibətilə hər kəsi təbrik edib, idmançılara uğurlar arzulayıblar.
Turnir gənc idmançıların əzmkarlıq, dözüm və vətənpərvərlik ruhunda keçib. Onlar tamaşaçılara maraqlı və həyəcanlı anlar yaşadıblar.
Yarışın nəticələrinə əsasən, Qızılhacılı komandası birinci, GAİM komandası ikinci, Araflı komandası isə üçüncü yerin sahibi olublar.
Sonda qalib komandaların məşqçilərinə və idmançılara medallar, kubok və diplomlar təqdim edilib.
20:46 14.11.2025
Oxunuş sayı: 1827