“Zəfərin Yolu Qarabağ” adlı tədbir keçirilib
Türkiyənin Kütahya Dumlupınar Universitetində “Zəfərin Yolu Qarabağ” adlı tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbir “Xarı bülbül” Mədəniyyət Topluluğunun, Azərbaycanlılar Mədəniyyət və Həmrəylik Dərnəyinin və Kütahya Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə şəhidlərin əziz xatirəsi ehtiramla anılıb, sonra Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
“Xarı bülbül” Mədəniyyət Topluluğunun sədri Samir Xudaverdiyev açılış nitqində Qarabağ Zəfərinin Türk dünyası üçün əhəmiyyətindən danışıb.
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədr müavini, Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın, Kütahya Mədəniyyət və Turizm İdarəsinin müdiri Zəkəriyyə Ünal tədbirdə çıxış ediblər.
Natiqlər Qarabağ Zəfərinin bütün türk dünyasının ortaq qüruru olduğunu bildiriblər. Bugünkü gənclərin zəfər qazanmış bir millətin övladları olduqlarını xatırladaraq, onların bu tarixi mirası qorumaq və gələcək nəsillərə çatdırmaq kimi mühüm bir məsuliyyət daşıdıqlarını vurğulayıblar. Qeyd olunub ki, gənclər yalnız elm və biliklə deyil, eyni zamanda milli ruh və vətən sevgisi ilə də silahlanmalıdırlar.
Kütahya Azərbaycanlılar Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri İlqar İdrisov tədbir iştirakçılarına təşəkkür edib. Gənclərin bu kimi tədbirlər vasitəsilə Türkiyə-Azərbaycan qardaşlığını daha da möhkəmləndirdiyini, ortaq tarixə və dəyərlərə olan sevgini gələcək nəsillərə ötürdüyünü vurğulayıb.
18:30 14.11.2025
Oxunuş sayı: 1559